MARAQLI

Kosmosa uçan ilk türk astronavtın həyat yolu: Alper Gezeravcı kimdir? – VİDEO

Sharing is caring!


İlk türk astronavt Alper Gezeravcı üç astronavtla birlikdə kosmosdadır. Bəs Alper Gezeravcının karyerası necə başlayıb? Kosmos səyahətinə qədər hansı yolları keçib?

Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. O, Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasında elektron mühəndisliyi ixtisası üzrə, həmçinin Ohayo ştatının Dayton şəhərində Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda təhsil alıb.

Gezeravcı Türkiyə Hərbi Hava Qüvvələrində 21 illik təcrübəyə malik F-16 pilotudur. Kosmosa çıxmadan əvvəl Gezeravcı 14 günlük karantində qalıb. Məqsəd hazırda stansiyada xidmət edən astronavtlara hər hansı bir xəstəlik ötürməməkdir.

Uçuşdan öncə son 8 ay və son əməliyyat hazırlıq prosesləri haqqında danışan Gezeravcı bunları deyib: “Bu, xarici aləmdən təcrid olunmuş bir yaşayış sahəsidir. Bütün ehtiyaclarımız içində olduğumuz obyektdən çıxmadan bizə gətirilir. Aldığımız bütün təlimləri nəzərdən keçirməyə, təkrar etməyə diqqət etdiyimiz bir mühitdəyik”.

Kosmonavt bildirib ki, hətta ailələri ilə telefonla danışmağa belə vaxt tapa bilmirlər.

Türkiyənin ilk kosmik səyyahı Alper Gezeravcının da olduğu “SpaceX”in kosmik gəmisi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb. “SpaceX”in Dragon kapsulunu Beynəlxalq Kosmik Stansiyaya daşıyan “Falcon 9” raketi canlı geri sayımdan sonra yerli vaxtla 16:49-da buraxılıb.

Alper Gezeravcı ilk canlı əlaqə zamanı bunları deyib: “Bu anı ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk demişdi ki, istikbal göylərdədir. Uzun zamandır bunun xəyalını qururdum. Bu, çox gözəl hissdir”.

Uzunluğu 70 metr, diametri 3,7 metr və çəkisi təxminən 550 ton olan “Falcon 9” raketi aşağı Yer orbitində 22 min kiloqram, geostasionar ötürmə orbitində 8 300 kiloqram, Marsda isə 4 min kiloqram faydalı yük daşımaq qabiliyyətinə malikdir.

Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək: insan genetikası və sağlamlığı, biologiya, istehsal texnologiyaları və s.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir