MARAQLI

“Bu il Azərbaycan dilini öyrənməyə başlamağı planlaşdırıram” – Jah Khalib ilə MÜSAHİBƏ

Sharing is caring!


Əslən Azərbaycandan olan qazaxıstanlı musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov – red.) uzun müddətdir ki, bütün MDB məkanında dinləyiciləri valeh edib. Onun şəxsiyyəti bir neçə mədəniyyətin təsiri altında formalaşıb və bu, təkcə yaradıcılığında deyil, həyata baxışlarında da hiss olunur.

İfaçı tez-tez Bakıda qonaq olur, bu il isə “Sea Breeze Resort”da konsert mövsümünü açmaq şansı qazanıb.

Media.Az-ın məlumatına görə, tamaşadan əvvəl Jah Khalib jurnalistlərin suallarını cavablandırıb, Azərbaycana sevgisindən, yeni bəstələr üzərində işindən, ailəsindən və s. danışıb:

– Azərbaycan mənim üçün Vətəndir! Mən bu ölkəni ilk növbədə atamla bağlayıram, onun sayəsində kişi xarakterim formalaşıb. Atam azərbaycanlıdır və kifayət qədər mühafizəkar baxışları var. Yeri gəlmişkən, o, ancaq Azərbaycan mətbəxindən yeməklər yeyir.

Biz Almatıda yaşayırıq, orada Azərbaycan üslubunda ev tikmişik. Bağımıza Azərbaycandan gətirilmiş toxumlar əkilib, alça, fındıq yetişdiririk… Yəni miniatür Azərbaycan təsərrüfatı alınıb (gülür). Ona görə də Bakıya gələndə çox da fərq hiss etmirəm – burada özümü evimdəki kimi hiss edirəm. Həqiqətən, Azərbaycana səyahət mənə güc verir.

Son dörd ildə – əvvəlcə pandemiya, sonra ailəvi səbəblərdən – vətənimə gələ bilmirdim, amma indi ata-baba yurdunu daha tez-tez ziyarət etməyə çalışıram və bunun daxili vəziyyətimə necə təsir etdiyini hiss edirəm: güvən, motivasiya yaranır…

Bundan əlavə, burada nə qədər bərk səslənsə də, özümə müəllim hesab etdiyim çoxlu yaxşı dostlarım var. Onlar zəngin həyat təcrübəsi olan çox ağıllı və ləyaqətli gənclərdir.

Son vaxtlar mən Azərbaycan mədəniyyətini fəal şəkildə öyrənirəm. Bilirsiniz, mən Qazaxıstanda böyümüşəm, əvvəllər doğma mədəni mühitimi öyrənmək imkanım olmayıb. Əvvəlcə oxuyursan, təhsil alırsan, sonra işə başlayırsan, amma artıq yetkinlik çağında əslin səni çağırır. Yeri gəlmişkən, bu il Azərbaycan dilini öyrənməyə başlamağı planlaşdırıram.

– Yəqin ki, siz də Azərbaycanın milli bayramlarını qeyd edirsiniz?

– Dini normalara riayət etməyə çalışıram: gündə beş dəfə namaz qılıram və bu, bir az da “yerə enməyimə” kömək edir. Bayramlara gəlincə, bu, bütün müsəlmanlar üçün ən vacib ay olan Ramazandır, ikinci sevimli bayramım isə bütün türk xalqlarının qeyd etdiyi Novruzdur…

– Həyat yoldaşınız da Azərbaycan adət-ənənələrini öyrənir? Ümumiyyətlə necə tanış olmusunuz?

– Həyat yoldaşımın azərbaycanlı olmasını istəyirdim. Ancaq elə alındı ki, ukraynalı oldu – necə deyərlər, ürəyə əmr etmək olmaz. Əslində, biz tanış olanda evlənməyi düşünmürdüm. Müstəqil həyat üçün əvvəl Qazaxıstandan Moskvaya getdim, sonra Kiyevə köçdüm. Elə orada da gələcək həyat yoldaşımla tanış oldum. O, illərlə məni hər şeydə dəstəklədi və bir dəfə bütün bu müddətdə məni sevdiyini birbaşa dedi (gülümsəyir).

– Neçə ildir bir-birinizi tanıyırsınız?

– Altı ildir. Amma bildiyiniz kimi, qadınla kişi arasında dostluq olmur. Hansısa anda o, mənim yavaşladığımı düşündü və təşəbbüsü öz əlinə aldı. Fikirləşdim ki, əgər bu adamın yanında özümü rahat hiss edirəmsə, niyə də olmasın?! O, məni başa düşür, həmişə mənə dəstək olur. Ona görə də həyatımı məhz onunla davam etmək istədiyimi anladım.

Evliliyimizdə mən ondan daha şanslıyam, çünki çətin adamam, həmçinin pərəstişkarların diqqətindən, şöhrətdən, puldan bir növ ərköyün biriyəm. Bunlar bir az insanı korlayan şeylərdir. Həyat yoldaşım tərbiyəli və sakit olduğu üçün bizim münasibətimiz ona daha çətindir. Ümumiyyətlə, anamın dediyi kimi, azərbaycanlının həyat yoldaşı olmaq çətin missiyadır (gülümsəyir).

İndi valideynlərimlə yaşayırıq, onlar uşaqla bağlı bizə kömək edirlər. Həyat yoldaşım Azərbaycan ailələrinin həyatını, qohumlar arasında ünsiyyəti, adət-ənənələrimizi çox bəyənir… O, artıq bozbaş, buğlama bişirir, dolma bişirməyi öyrənmək istəyir.

– Bizim yeməkləri bişirməyi ona kim öyrədir?

– Onun dünyanın ən yaxşı müəllimi var – atam, o, heyrətamiz şəkildə yemək bişirir. O, hər şeydə uğur qazanır və ən əsası bizim yeməklərimizi bişirməyi çox sevir. Yavaş-yavaş Azərbaycan qızına çevrilir.

Ümumiyyətlə, bərəkət nikahla gəlir, necə deyərlər, ailə böyük nemətdir. Ancaq eyni zamanda, çox böyük əmək istəyir. Ona görə də son illərdə bir az “radardan itmişəm”. Biz Ukraynadan köçdük, sonra həyat yoldaşımın ailəmdə özünü rahat hiss etməsi üçün hər şeyi etməyə çalışdım. Artıq hamı bir-birinə öyrəşib, valideynlərim və həyat yoldaşım xoşbəxtdirlər. İndi rahatlıqla işləyə bilirəm.

– Bəs sirr deyilsə, harada dincəldiniz?

– Türkiyəyə – ailə ilə istirahət etmək üçün ən yaxşı yerə getdik. Uşaqlar üçün çoxlu maraqlı fəaliyyətlər var, qızım bundan çox zövq aldı. Bütün ailə ilə istirahət çox vacibdir. Həyat yoldaşınla keçirə bildiyin vaxt isə çox dəyərlidir.

– Qayıdaq yaradıcılığa. Hansı azərbaycanlı ulduzlarla duet oxumaq istərdiniz?

– Necə oldusa “Shazam” (istifadəçiyə hazırda hansı mahnının ifa olunduğunu müəyyən etməyə imkan verən pulsuz “cross-platform” layihə – red.) vasitəsilə “Avroviziya-2018”də çıxış edən azərbaycanlı müğənni Aysel Məmmədovanı axtarırdım. Onun “Tayu” mahnısını çox bəyəndim, bu ifaçının qalan işləri ilə hələ tanış deyiləm. Dünən Röya ilə (Röya Ayxan – red.) danışdım. Onun yaradıcılığına yaxşı bələdəm, davamlı olaraq toylarda ifalarına qulaq asıram. Ümumiyyətlə, mənim üçün yerli sənətçilərdən hansı ilə duet oxuyacağımın heç bir fərq yoxdur, burada məsələ bəstədədir. Əla mahnıdırsa, niyə də olmasın.

– Emin (Emin Ağalarov – red.) ilə birlikdə oxumaq istərdinizmi?

– Biz bunu tez-tez müzakirə edirik. Altı ay əvvəl Eminin ad günündə o, maraqlı tost söylədi, oradan bir ideya aldım və indi duetimizə mahnı yazmaq üçün onu inkişaf etdirməyə çalışıram.

– Yeni bəstələrinizdən danışın…

– Bir daha deyim, yaradıcılığa vaxtımı və motivasiyamı yenilikcə bərpa etmişəm. Təbii ki, ailənin iş rejimi yaradıcılığa bir az təsir edir, studiyaya gəlirsən, işə başlayırsan və fikirlər daim ailə üzvlərinlə bağlıdır: necədirlər, nə edirlər? Sonda işi dayandırıb, evə qayıdırsan. Buna görə də çoxlu yeni bəstələrim yoxdur, amma keçən il “Doça” mahnısı çıxdı və bu, olduqca uğurlu oldu. Düşünürəm ki, ilin sonuna kimi biz yeni layihələr hazırlayacağıq.

– Qeyd etdiniz ki, Bakı sizin üçün güc məkanıdır, bəs Azərbaycanda sevimli və ya getmək etmək istədiyiniz yerlər varmı?

– Mən çoxdandır ki, dostlarımla Azərbaycana kiçik bir tur etməyi planlaşdırırdım – çoxlu maraqlı yerlərimiz var. İçərişəhərdə rəssam Əli Şəmsinin emalatxanasını çox sevirəm. Anam həmişə onu xatırlayır. Bir dəfə ona baş çəkməyə getdik, o, çox mehriban və qonaqpərvərliklə anamı qarşıladı, ona hədiyyə verdi. İndi həmişə mənə deyir: əgər Bakıdasansa, mütləq Əliyə baş çək (gülümsəyir).

Mənim üçün yerlər deyil, dostlarım önəmdir. Mən onlarla eyni masada oturmağı sevirəm. Hara getməyimizin fərqi yoxdur, əsas bir yerdə olmaq, ünsiyyət qurmaqdır. Azərbaycanın unikallığı səs-küylü və şən ziyafətlərdir.

Dostlarımdan biri bura gəlmək istəmirdi, düşünürdü ki, postsovet ölkəsi onu heç nə ilə təəccübləndirməyəcək. Amma özünü burada tapan şəhərin miqyasına, orijinal memarlığına heyran qaldı… Bu vizual effektlə yanaşı, bayramlarımızı da gördü, burada nə qədər şən, qonaqpərvər, milli və ya dini əsaslarla heç kəsi bir-birindən ayırmayan insanların olduğunu gördü. Bizim gücümüz bundadır və onu itirmək olmaz.

– Qarabağa səfər etməyi düşünürsünüz?

– Mütləq! Mənə orada çıxış etməyi təklif etsələr, bunu məmnuniyyətlə edərəm. Bu günlərdə Şuşada beynəlxalq “Xarıbülbül” festivalı keçirildi və həmin festivalda oğlan “Bayatı-Şiraz”ı ifa etdi. Bu mahnının sözlərini başa düşməsəm də, içində ev-eşiyindən məhrum olmuş uşağın ağrısını eşidirəm. Şuşa ilə ilk ünsiyyətim bu mahnı ilə bağlıdır. Atam həmişə deyirdi ki, Qarabağ – güc mənbəyidir, enerji səviyyəsində isə xüsusi torpaqdır. Buna görə də ora getmək istəyirəm.

– Hətta bir bəstənizdə “Bayatı-Şiraz” elementlərindən də istifadə etmişdiniz…

– Düzdür, “Lilovaya” mahnısında “Bayatı-Şiraz” muğam rəfindən, “Letnıy sneq” bəstəsində isə Alim Qasımovun muğamından musiqi sintez etmişəm. Ümumiyyətlə, repə Azərbaycanın folklor musiqisindən fraqmentlər əlavə etdikdə heyrətamiz effekt əldə edilir. Bir dəfə “YouTube”da axtarış bölməsinə sadəcə “muğam” sözünü yazdıq və çox gözəl bir fraqment tapdıq. Bəstəkar onu mahnımızın akkordlarına qoydu və sehrli musiqi alındı.

Azərbaycan zəngin mədəniyyətə və irsə malikdir: musiqidən tutmuş ədəbiyyata qədər. Bütün bunlardan, xüsusən də “kələ-kötür” səsləri olan vallardakı köhnə səs yazılarından müasir kompozisiyalara əlavə etmək və inanılmaz hitlər əldə etmək üçün istifadə oluna bilər…

– Bakıdan özünüzlə hansı suvenirləri aparacaqsınız?

– Mən buradan suvenir almıram, ancaq yerli çay aparıram (gülür). Qazaxıstanda da var, amma hər halda burada satılanı heç nə ilə müqayisə etmək olmaz. Mən də özümlə ağ gilas və Azərbaycan şirniyyatlarını götürmək istəyirəm.

– Bakıda daşınmaz əmlak almaq barədə düşünmüsünüzmü?

– Əslində, bu barədə düşünürəm. İstərdim ki, burada dəniz kənarında evim olsun. Bakıda çoxlu qohumlarım var, övladlarım onları tanımalı, onlarla ünsiyyətdə olmalıdır. Ümumiyyətlə, hər dəfə bura gələndə bibimə, əmimə baş çəkməyə çalışıram. Bibim həmişə deyir ki, məni görməkdən başqa ona heç nə lazım deyil (gülümsəyir).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir