MARAQLI

Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: “Hər şeyi istedadın axarına buraxmaq lazım deyil” – FOTO

Sharing is caring!


“Ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır. Yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir”.

Bunu Oxu.Az-a açıqlamasında yazıçı Varis Yolçuyev yerli uşaq ədəbiyyatı nümunələrinin azalması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünyada ədəbiyyata maraq azalıb:

“Əvvəla, ondan başlayaq ki, dünyada ümumən ədəbiyyata maraq nisbətən azalıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, mobil telefonun və internetin günümüzə basqısı marağın azalmasını şərtləndirir. Bununla yanaşı, ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır, yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir. Yerli ədiblər kitabların nəşriyyat və çap xərclərinin bahalığı, çətin satılması səbəbindən kitab yazmaq riskindən qaçırlar”.

V.Yolçuyev qeyd edib ki, xarici cizgi filmləri, uşaq serialları günümüzə elə dərindən daxil olub ki, uşaqlarda əcnəbi qəhrəmanlara meyillilik kultu yaranıb:

“Daha gözəl poliqrafiyalı türkdilli, rusdilli və ingilisdilli uşaq kitablarının müvəffəqiyyətli satışı da yerli müəlliflərin kitablarının ayaq açmasına bir əngəldir. Və ən nəhayət, ölkədə uşaq yazıçılarının sayı həddindən artıq azdır”.

Filoloq Nərgiz Cabbarlı son 10-15 ildə uşaq ədəbiyyatında boşluqlar yarandığını deyib:

“Bədii və ideoloji cəhətdən zəif əsərlər yazılıb. Bu boşluqları doldurmaq üçün səy göstərməliyik. Müstəqillik dövründən bəri uşaq ədəbiyyatında zəifləmələr hiss olunur. Uşaq ədəbiyyatı ilə bağlı sovet dövründə siyasət aparılırdı. Həmin vaxt uşaq ədəbiyyatı Azərbaycanda kifayət qədər güclü olub. Lakin sonradan, müstəqillik illərində uşaq ədəbiyyatı zəiflədi.

Həmin mərhələni çox təəssüflə qeyd edirəm. O zaman uşaq ədəbiyyatından naşı insanlar istifadə edərək imzalarını tanıtmağa çalışdılar. Bir müsbət tərəfi oldu ki, uşaqlar üçün nəsə etməyə çalışdıqları göründü. Ancaq bədii və ideoloji cəhətdən zəif əsərlərin yaranması heç də xoş olmadı. Ədəbiyyat istedad məsələsidir. Əgər istedad yoxdursa, mətn də olmayacaq”.

Filoloq qeyd edib ki, uşaq ədəbiyyatında daha çox tərbiyələndirmə faktoruna toxunmaq lazımdır:

“Uşaq ədəbiyyatını psixoloji, əqli inkişafa yönləndirməyə ehtiyac var. Başdansovdu yanaşmanı aradan götürməliyik. İstedadlara istiqamət vermək lazımdır. Bu sahədə müəyyən işlərin aparıldığını müşahidə edirəm. Bu məni sevindirir. Zəiflik göz önündədir. Bunu açıq şəkildə görürük. İrəliyə doğru müəyyən addımlar atmalıyıq. Boşluqlar aradan qaldırılmalıdır.

Son zamanlar bir çox nəşriyyatların fəaliyyəti məni sevindirir. Bu məsələyə artıq bir qədər ümidlə yanaşa bilirəm. Yavaş-yavaş uşaq ədəbiyyatında müəyyən imzalar görünməkdədir”.

N.Cabbarlı əlavə edib ki, yönləndirmə, təşkilat missiyasını yerinə yetirən nəşriyyatlar olmalıdır:

“Hər şeyi istedadın axarına buraxmaq lazım deyil. Sistemli yanaşma və istiqamət olmadıqda boşluqlar yaranır. İndi bizdə nəşriyyatlar çoxdur. Onlar da bu sahədə müəyyən işlər görürlər. Kitab təkcə görüntü deyil, məzmun və mətn keyfiyyəti ilə bağlı məsələdir. İşə peşəkarlar cəlb olunmalıdırlar. Yavaş-yavaş da olsa, bu sahədə başlayan işlər öz nəticəsini verəcək”.

Nərgiz Cabbarlı sonda qeyd edib ki, yeni imzalar arasından Günel Eminli, Nigar Mahmud, İbrahim Kərimov kimi şəxslərin işlərini qiymətləndirir.

Qeyd edək ki, Azərbaycanda uşaq yazarlarının sayının altı-yeddi nəfər olduğu bildirilir. Bu rəqəm ölkədə uşaq ədəbiyyatının hansı səviyyədə olduğunu göstərir. Məlumatlara görə, aşağı yaş qrupu uşaqlar üçün əsərlər də az yazılır. Bir başqa problem isə müstəqil uşaq televiziya kanallarının olmamasıdır. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir