Mədəniyyət

Moskvada Nizami Gəncəviyə həsr olunmuş sərgi açıldı – VİDEO

Sharing is caring!

Moskvada “Şərq Muzeyi”ndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş “Nizaminin süjetləri və obrazları” adlı sərgi açılıb.

“Şərq Muzeyi”nin baş direktorunun müavini İlya Zaytsev TASS agentliyinə açıqlamasında bildirib ki, sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfədir nümayiş etdirilir.

“Bizim vəzifəmiz Nizaminin əsərlərinin qədimdən bu günə qədər davamlı illüstrasiya ənənəsini göstərməkdir. Biz böyük şairin humanist fikirlərinin, estetik obrazlarının orta əsrlər və müasir dövr yaradıcıları tərəfindən necə başa düşüldüyünü, onların bədii şəkildə şərhini, Azərbaycanın və digər ölkələrin mədəniyyətində necə mənimsənilməsini nümayiş etdirmək istəyirik”, – deyə İ.Zaytsev qeyd edib.

Layihə Heydər Əliyev Fondu, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi və Rusiyada yerləşən digər incəsənət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.

Muzeyə gələn qonaqları XIV-XIX əsrlərə aid bənzərsiz Azərbaycan miniatürlərini, XVII-XIX əsrlərin dekorativ-tətbiqi sənətini və xalçalarını, XX əsrin birinci yarısının qrafika və dəzgah rəsmlərini, həmçinin Moskvadakı ictimai və şəxsi kolleksiyalardan olan əlyazmaları görə biləcəklər.

Ümumilikdə sərgi 57 muzey əşyasını bir araya gətirib.

Sərgi 11 mart – 3 may tarixlərində ziyarətçilər üçün açıq olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami ili” elan olunub. 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir