Cəmiyyət

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir

Sharing is caring!

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, arzularını ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir, çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan  miras qalan  gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Azərbaycanın fəxr yeri olan gənclərimiz dəmir yumruq kimi birləşərək 30 illik  işğala son qoydu, torpaqlarımızı azad etdi, dövlətçilik tariximizi qürurlandırdı. Bugünkü gənclik bir də ona görə çox xoşbəxtdir ki, onun gəncliyi Qalib Azərbaycanımızın bu gününə düşüb. Bu gözəl günlər üçün hər birimiz öz həyatını, gəncliyini qurban vermiş şəhidlərimizə, qazilərimizə, ümumilikdə Azərbaycan əsgərinə, onun önündə dağ kimi dayanan müzəffər Ali Baş Komandanımıza bir ömür boyu minnətdarıq

Nailə Əliyeva-Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib

Azərbaycanda Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclər torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadılar. Bütün nəsillərdən olan vətəndaşlarımızın əldə edilən Qələbədə böyük payı olsa da, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni gənc nəsil yerinə yetirib. 44 günlük müharibənin əsas qəhrəmanları məhz gənclərimiz olub, gənc hərbçilərimiz fədakarlığı və qəhrəmanlığı ilə tarix yazıblar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişibdir.
Eyni zamanda, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi uğurlarda xüsusi rolu və əməyi var. Belə ki, peşəkar gənclərimiz artıq tibb sahəsində, elm və təhsildə, idmanda, innovasiyaların və müasir texnologiyaların tətbiqi işində böyük uğurlara nail olublar. Xüsusilə onu qeyd etmək gərəkdir ki, dövlətimizin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində son illərdə dövlət idarəçiliyində və digər sahələrdə gənc kadrların irəli çəkilməsi, mühüm mövqe tutması təqdirəlayiq haldır

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycanın hərbi-diplomatik uğurları ərazi 
bütövlüyümüzün bərpa olunmasını təmin etdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmənə sarsıdıcı zərbələr endirməsi, eləcə də şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu və digər amillər bu qələbəni şərtləndirdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan parlaq qələbə qazandı

Biz tarixən döyüşkən millət olsaq da, qonşulara münasibətdə davakar xalq olmamışıq. Hücum etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, zəngin təbii ehtiyatları olan məmləkətimizin qapısından düşmən əskik olmayıb. Ona görə də həmişə bir əlimizdə duz-çörək, o biri əlimizdə isə qılınc olub.
Azərbaycanın əsgər və zabitinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması hər kəsə, o cümlədən işğalçı Ermənistana yaxşı bəllidir. İşğalçılar artıq yaxşı bilirlər ki, bu gün Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdəki fərq olduqca böyükdür.
Azərbaycanın hərbi büdcəsi ordumuzun ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilməsinə böyük imkanlar vermişdir. Ölkəmizdə müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.
Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu dayanmadan gücləndirdiyi şəraitdə, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarını müharibəsiz azad etməyin zəruriliyini bəyan edənlərin sayı son zamanlar artmaqda idi. Əks halda, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən qısa zaman ərzində qovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıq idi.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan
tarixində yeni inkişaf mərhələsi başladı

XX-XXI əsrlərin qovşağında Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrəsidir. O, ölkəmizdə baş vermiş qardaş qırğınının qarşısını aldı. Ulu Öndər həm daxildəki düşmənlərlə, həm də ərazi bütövlüyünü pozan, işğalçılarla mübarizə aparırdı. 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində xalqımız yekdilliklə Ulu Öndəri Azərbaycan Respublikasının prezidenti seçdi. O, müstəqilliyimizi qoruyub saxlayaraq, bizim və dövlətçiliyimizin xilaskarı oldu. Əbəs yerə demirik ki, Ulu Öndər müstəqil Azərbaycan Respublikasının qurucusu və banisidir.
Biz azadlığımızı əldə etmək üçün mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da o qədər çətindir. Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artırmışdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan hazırda müasir beynəlxalq münasibətlər sistemində güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. 

Hüseyn Həsənov – təqaüdçü

Bu gün YAP ölkədə ən böyük və effektiv siyasi qüvvədir

Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür. Ötən əsrin əvvəlləri kimi sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Dövlət əhəmiyyətli məsələ bir an belə onun diqqətindən kənarda qalmırdı. Heydər Əliyev ölkə daxilində sabitlik yaratmaq, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, dövlətçiliyimizə qarşı sui-qəsdlərin qarşısını almaq, xalqın həyat səviyyəsini yaxşılaşdırmaq sahəsində müxtəlif tədbirləri həyata keçirməklə bərabər, eyni zamanda dünya azərbaycanlılarının nümayəndələri ilə görüşmüş, dövlət quruculuğu prosesində fəal iştirak etməyi tövsiyə etmişdir.
Bütün xalqı eyni ideologiya əsasında bir yumruq kimi birləşdirmək başlıca olaraq lider işidir. Vətən müharibəsinin iştirakçısı olaraq bildirirəm ki, xalqımızın bugünkü birliyi 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut olundu. Bu, təbii ki, təsadüfi birlik deyil, birliyimizin təməli uzun illərə əsaslanır. Biz bu bərabərliyi Ulu Öndər Heydər Əliyevə borcluyuq. Hələ Naxçıvanda işlədiyi zamanlarda onun bu səyi bəlli olurdu. O zamandan – ilk vaxtlardan ömrünün sonuna qədər bu amal uğrunda mübarizə aparmış və bunu bacarmışdır. Hazırda onun davamçısı kimi cənab prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Hazırda YAP-ın bugünkü fəaliyyətində uğurlu addımların təməlini qoyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Bu səbəbdən də bu gün YAP ölkədə ən böyük və effektiv siyasi qüvvədir.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

Ulu Öndər Heydər Əliyev siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır

Mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini dərk etmək və hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnmək, ona qayğı ilə yanaşmaq yalnız dahi liderlərə xas xüsusiyyətdir. Azərbaycan xalqının taleyində bu müqəddəs məramı yerinə yetirən şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub.
Müasir Azərbaycan tarixinin otuz ildən artıq dövründə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi illərini əhatə edən böyük bir hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Onun müəyyən etdiyi mükəmməl inkişaf xəttinin həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik ölkə quruculuğu və ardıcıl islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, sürətli inkişafın təmin olunmasına dərin əsaslar yaratdı. Ölkəmizin yaşadığı çətin zamanlarda Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır. 

Nicat Məmmədzadə – fəal gənc 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
Azərbaycanın qurtuluş tarixində həlledici dönüş baş verdi

Tariximizdə elə şanlı günlər yaşanıb ki, onlar bir xalq kimi gələcək mövcudluğumuzu, birliyimizi, inkişafımızı, ümumilikdə müqəddəratımızı təyin etməyə qadir olub. Bu dövrlərdən biri müdrik xalqımızın qəti və sərrast tələbi ilə dünyanın böyük siyasət adamı, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı olan Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi olub. 
Məhz 1993-cü ilin iyununda onun hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş tarixində həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin bir neçə siyasi gedişindən sonra müstəqilliyimiz üçün ciddi təhlükə mənbəyinə çevrilən vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək planları puç oldu. Bu, Ulu Öndər Heydər Əliyevin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda ölkənin qurtuluşu, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki mümkün olacaqdı.
1993-cü ildə keçirilən prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Artıq müstəqil və demokratik dövlət quruculuğu tarixində yeni bir mərhələ başlayırdı. Həmin seçkilərdə qalib gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtardı, dövlətimizi qoruyub saxlamaqla azadlığımızı, müstəqilliyimizi təmin etdi. Onun bu qətiyyəti xalqda ruh yüksəkliyi yaratdı, itmiş inamını özünə qaytardı, Azərbaycanı qanlı burulğandan çıxardı, bununla da sabitlik və əmin-amanlıq yarandı.

Davud Vahidov – təqaüddə olan təhsil işçisi

Ulu Öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edir. Yəni əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq. 
Ulu Öndər Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq gərəkdir. Ulu Öndərin zəngin mənəvi irsini, Onun Azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Başqa sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. 
30 ilə yaxın işğal dövründə də Azərbaycan Qarabağla bağlı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, torpaqlarımız işğaldan azad olundu. Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildirirdi. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.  Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. 

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Dövlətin milli maraqları daim qorunmalıdır

Çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan üçün  milli maraqlar, onun cəmiyyət, fərd həyatında, eləcə də dövlət siyasətində oynadığı rol xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan,  cəmiyyət  və  dövlətin  tərəqqisini  təmin  edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusunun ifadəsi kimi çıxış edir. 
Burada daha bir mühüm məqam ondan ibarətdir ki, xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi coğrafi cəhətdən təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır və dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlıları özündə ehtiva edir. Bu gün dünya azərbaycanlılarını bir araya gətirən məqamlardan biri məhz azərbaycançılıq ideyasıdır.
Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.
Hər  bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.
Ulu öndər xalqımızın mənafelərini, milli mənəvi irsini, milli təfəkkür və dəyərlər sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, dəyanət nümayiş etdirdi.  Hər birimiz Ulu Öndərin xalqın işıqlı gələcəyinə ünvanlanan idealarına sadiq qalaraq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Bu gün ölkəmizin yüksək iqtisadi inkişafı və düşünülmüş milli təhlükəsizlik strategiyası mənafelərimizə yönələn hər cür təhdidlərə qarşı adekvat tədbirlərin görülməsinə imkan verir. Ümummilli Liderin Azərbaycanın milli təhlükəsizliyinin, milli maraq və dövlətçilik mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt dövlətimizin başçısı İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir, qloballaşan müasir dövrün tələblərinə uyğun olaraq məzmun və keyfiyyətcə daim zənginləşdirilir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Torpaqlarımızın işğalı nəticəsində baş verənlər
tariximizin unudulmaz səhifələrindəndir

Mənfur qonşularımızın təcavüzü nəticəsində uzun illərdir ki, doğma torpaqlarımız işğal altına düşmüş, 1 milyondan artıq soydaşlarımız öz yurd-yuvalarından didərgin salınmış, kəndlərimiz, şəhərlərimiz viran edilmişdir. Dünyada misli bərabəri olmayan qırğınlar, soyqırımları nəticəsində dinc əhali, günahsız körpələr, qadınlar, qocalar məhv edilmişdir. Azərbaycanı müstəqil bir dövlət kimi görmək istəməyən, onun zəngin təbii sərvətlərindən bəhrələnməyə çalışan müəyyən qüvvələr ölkəmizin əleyhinə fəal iş apararaq öz məkrli məqsədlərini  həyata keçirməyə çalışırdılar.  Müstəqilliyimizin ilk dönəmlərində ümidsizlik, cəmiyyətdə hökm sürən depressiya, torpaqların azad olunmasına olan inamın azlığı bu vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyi nəticəsində siyasi sabitlik bərqərar oldu, zəruri islahatlar aparıldı, müstəqilliyimiz dönməz xarakter aldı. Bazar iqtisadiyyatı prinsipləri həyata keçirildi, müstəqil, demokratik dövlət quruculuğu prosesi başlandı. Münaqişənin həllinə dəfələrlə yaxınlaşsaq da, düşmən tərəfin siyasi cığallığı və qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmadı. Lakin, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində öz hərbi-iqtisadi qüdrətini ortaya qoyaraq cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən təxribatına qarşı hərbi əməliyyatlar keçirərək doğma torpaqların azad olunmasına nail olmuş və bir daha bütün dünyaya özünün qəhrəman, dönməz, igid bir xalq olduğunu nümayiş etdirmişdir.

Mayisə Xəlilova-gənc müəllim

Davamlı iqtisadı  inkişaf üçün  Azərbaycanda bütün amillər mövcuddur

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Bu illər ərzində ölkəmiz daxili və xarici siyasət sahəsində böyük uğurlara imza atmışdır.
Möhtərəm  Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının   bütün sahələri    çox böyük  inkişaf  yolu keçmişdir. Bu gün aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın  iqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub.
Son illər ərzində Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. Bu da ölkəmizə investorların maraqlarının artması  üçün əlverişli imkan yaradır. Ölkəmizdə çox böyük islahat işləri aparılıb və bu gün də  aparılır. Məhz bunun nəticəsidir ki, dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business”  proqramına  əsasən, Azərbaycan 181 dövlət arasında ən islahatçı ölkə elan edilmişdir. 
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dinamik inkişafını davam  etdirərək dünyanın ən yaxşı inkişaf perspektivinə malik dövlətlərindən  birinə çevrilmişdir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir