Mədəniyyət

Xalça sərgisi və möhtəşəm konsert: Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib – FOTO/VİDEO

Sharing is caring!


Fevralın 21-də Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən bir sıra tədbirlər fevralın 24-dək davam edəcək.

Azərbaycan mədəniyyət nümunələrinə təqdimatına həsr edilən tədbir şəhərin təkcə alış-veriş yeri deyil, həm də mədəniyyət mərkəzi sayılan məşhur “Souq Vaqif”(Souq Waqif) bazarında keçirilir.

Mədəniyyət evlərindən birinin həyətində “Azərxalça” ASC-nin sərgisi və Azərbaycan musiqisini təqdimatına həsr edilən konsert olub.

Məhz burada, Dohanın ən rəngarəng görməli yerlərindən birində yerli əhaliyə Azərbaycan mədəniyyətinin mühüm atributlarını – xalqımızın adət-ənənələrini, tarixini, milli musiqisini, rəqslərini qoruyub saxlayan xalçalar təqdim olunub.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qətər Mədəniyyət Nazirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“Azərxalça”nın nümayəndəsi, korporativ satış meneceri Asim İbadovun Oxu.Az-a verdiyi məlumata görə, sərgidə yun və ipəkdən hazırlanmış 14 xalça nümayiş etdirilir.

“Milli sənətimizi daha çox insana göstərmək üçün özümüzlə ənənəvi və müasir xalçaları gətirmişik” – deyə o qeyd edib.

Konsert proqramı çərçivəsində Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, eləcə də Dövlət Rəqs Ansamblının solistləri çıxış ediblər.

Tədbirdə xalq mahnıları ilə yanaşı, “Naz eləmə”, “Ağ çiçəyim” rəqsləri də ifa edilib.

Orkestrin direktoru Elçin Abbasov saytımıza açıqlamasında Azərbaycan mədəniyyətinin xaricdə təmsil olunmasını vacibliyini vurğulayıb.

“Azərbaycan mədəniyyətinin təbliği təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da vacibdir. Üstəlik, qonşu Ermənistan tərəfindən saxtakarlığın yayıldığı belə çətin bir zamanda musiqi alətlərimizi dünyaya tanıtmaq, qədim tariximizi, adət-ənənələrimizi sənət vasitəsilə göstərmək xüsusilə vacibdir” – Elçin Abbasov bildirib.

Öz növbəsində, Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov Oxu.Az-la söhbətində etiraf edib ki, xarici ölkələrdə edilən çıxışlar sənətçiləri həvəsləndirir.

“Mədəniyyətimizi təmsil etmək, Azərbaycan musiqisini, rəqsini əcnəbilərə tanıtmaq bizim üçün çox dəyərlidir. Onların heyranlığını görəndə həmişə sevinirik” — deyə o əlavə edib.

Qətər Mədəniyyət Nazirliyinin Mədəniyyət və İncəsənət Departamentinin direktoru Məryəm Yassin Əl-Həmmadi Oxu.Az-a müsahibəsində qeyd edib ki, hər bir ölkənin mədəniyyəti fərqlidir, lakin bu, həm də birləşdirici amildir.

“Bizim mədəniyyətimizdə və Azərbaycan mədəniyyətində xalçalar xüsusi yer tutur. Ona görə də Qətərdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində belə bir tədbirin keçirilməsi diqqətəlayiq haldır” – o vurğulayıb.

Firəngiz Ağalarova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir