Mədəniyyət

Səhnəmizin “Mustafa müəllimi” yubileyini qeyd edir – FOTO/VİDEO

Sharing is caring!


Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılovun doğum günüdür. 

Oxu.Az xatırladır ki, o, 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 

Daha sonra Sumqayıt Dövlət Dram Teatrından dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasında “dərviş Məstəlişah” rolunu ifa edib.

Bundan sonra C.Patrikin “Qəribə missis Səvic” dramında “Ceffi”, A.Papayanın “Bəli, dünya dəyişib” komediyasında “Səməndər”, C.Cabbarlının “Sevil” pyesində “Məmmədəli bəy” rollarında çıxış edib. 

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin “Xəyyam” faciəsindəki “İkinci Qulam” rolunu alıb.

“Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində “Mustafa” rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 18 dekabr 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb.

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Ötən ildən isə ittifaqın sədr vəzifələrini müvəqqəti icra edir.

21 yanvar 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir