Mədəniyyət

Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili – FOTO

Sharing is caring!


Mədəniyyət, şou-biznes əhlinin sakit, qalmaqalsız keçirdiyi il yoxdur. Yola salmaqda olduğumuz 2023-cü il də istisna deyil. Bəzən tənqiddən təhqirə keçən məşhurlar bir-birlərini məhkəmə ilə hədələməkdən də çəkinməyiblər.

Oxu.Az-ın əməkdaşı 2023-cü ilin qalmaqallarını yada salır:

Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan arasında canlı yayımda mübahisə düşüb. 

“Biz bir-birimizə heç nə deməmişik. Amma yox kimiyik. İstəyirəm, Elza gözümün içinə baxıb desin ki, bu ayrılıq nədən oldu? Kim itirdi ki? Mən yox, o itirdi. Ona nə gəldi geyindirirlər, güldürürlər”.

Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanı xarici görünüşünə görə təhqir edib.

O, “Instagram” səhifələrinin birində müğənninin videosuna şərh yazıb:

“Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədəbi, üsulu var. Həyatda ən çəkindiyim şey – yaşlananda Allah ağlımı almasın”.

Xalq artisti Nazpəri Dostəliyeva həmkarları – Xalq artistləri Röya Ayxan və Zülfiyyə Xanbabayevanın ifalarını tənqid edib.

Nazpəri Dostəliyeva ustad sənətkarların mahnılarını ifa edən müğənnilərə irad bildirib.

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.

Buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C. Məmmədov keçmiş kürəkəni Kemal Mustafa İbilinin kiminsə tapşırığı ilə L.Azərtaşın aparıcısı olduğu verilişə çıxdığını iddia edib. 

Əməkdar artist Cavanşir Məmmədovun qalmaqalları bununla bitməyib.

Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Kemal Mustafa İbili verilişlərdən birinə çıxaraq kömək istəyib. Əməkdar artist Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib. Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbilinin onu aldatdığını deyib.

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə qalmaqalı davam edir. Canana onu məhkəməyə verəcəyini bildirib.

“Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən”, – deyə Canana sosial şəbəkədəki paylaşımında qeyd edib.

Xalq artisti Ceyran Haşımova verilişlərin birində Xalq artisti Nisə Qasımovadan şikayətlənib. Vaxtı ilə ona çox köməklik etdiyini vurğulayıb. Lakin indi Nisə Qasımovanın zəng vurub, onunla maraqlanmadığını bildirib. Ona haqqını halal etməyəcəyini dilə gətirib.

Müğənni Əli Mirəliyev mərhum müğənni Yaqut Həşimova haqqında xoşagəlməz sözlər işlədib. Müğənninin bacısı onu məhkəməyə verəcəyini bildirib.

“Xəzər” televiziyasında Vüsalə Əlizadənin təqdimatı ilə yayımlanan verilişlərdən birində qalmaqallı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Sevil və Sevinc bacıları ilə aparıcı Vüsalə Əlizadə arasında söz davası düşüb.

Aparıcı Vüsalə Əlizadə bacılardan yemək hazırlamalarını istəyib. Bacılar etiraz edib, bu təklifin doğru olmadığını deyiblər.

Müğənni Nura Suri ilə aparıcı Ulvira Qarayeva arasında gərgin anlar yaşanıb.

Qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib. Nuranı bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara aparıcının danışmağa macal verməməsi olub.

Meyxanaçı Vüqar Əbdülov efirlərin birində Əməkdar artist Elza Seyidcahanı tənqid edib:

“Elzadan zəhəm gedir. Ona dəfələrlə dedim ki, yazdığı şeirləri efirdə deməsin. Dedim ki, çılpaq sözlərlə şeirlər yazırsan, onu götürüb parodiya edirlər, gülünc vəziyyətə salırlar, sən gül kimi bəstəkarsan, gözəl mahnıların var. O vaxt bir sevgilisi var idi. Hacı idi. Qaydalar qoymuşdu ona. Ona yaxın getmək olmazdı, əl-ələ tutmaq olmazdı, toxunmaq olmazdı. Özünü hacıxanım kimi aparırdı. Təklif elədim ki, ortaq klip çəkdirək, dedi, hacı qoymur. Adamdan ayrıldı, hacıxanım başladı belə şeirlər yazmağa. Mənə bir dost kimi ona belə lağlağı ilə yanaşılması ləzzət eləmirdi. “Bığ” şeiri, nə bilim, “tikim sizin ağzınızı” və s. Hamı onu ələ salır, onlara heç nə demir, götürüb məni polisə verib, “102”yə zəng vurub məndən şikayət edib”.

Aşıq Namiq Fərhadoğlu küçədə tanımadığı qadına söz atdığı iddiası ilə döyülüb.

Hadisə Bakının Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib. Məlumata görə, aşıq Namiq parkda gəzən qadına söz atıb və buna görə də qadının oğlu tərəfindən döyüb.

Əməkdar artist Elnarə Abdullayeva həmkarlarının məclislərdə xoş olmayan davranışlarından danışaraq onları tənqid edib.

“Gedirsən, oturursan bir məclisdə. Baxırsan ki, bu müğənnilər nələr edirlər… Ağlıma gəlməyən şeyləri görürdüm. Dedim, bunlar nə edirlər? Bu müğənnilərin yiyəsi yoxdur? Onlar arasında içən kim, ağzının danışığını bilməyən kim… Bunları görəndən sonra dedim, yox, Elnarə, sən bütün millətə, xalqa, hər kəsə sübut edəcəksən ki, bu sənət yaxşıdır. Sübut eləməyə çalışdım ki, heç kimə baş qoşmaq lazım deyil və bunu bacardım”, – deyə Elnarə vurğulayıb.

Müğənni, meyxanaçı Samirə Yusifqızı qadınlar arasında özündən başqa bədahətən meyxana deyən olmadığını dilə gətirib.

“Məndən başqa meyxana deyən qadın yoxdur. Zarina, Mətanət və Aynuru deyirsinizsə, onlar bədahətən deməyi bacarmırlar. Əvvəlcədən yazılanları deyirlər. Mən dəfələrlə təklif etmişəm ki, gəlin bədahətən deyişək. Lakin onlar qaçıblar. Deyiblər ki, biz meyxanaçı deyilik. Halbuki, özlərini meyxanaçı kimi təqdim edirlər. Mən istərdim ki, bədahətən meyxana deyən xanım olsun. Deyişmələrimiz olsun. Bunu çox istərdim”.

Müğənni Ayan Babakişiyeva qonaq olduğu verilişlərin birində pulla mahnılarını “YouTube”da trendə salan və efirlərdə populyarlaşdıran ifaçıları özü ilə bir səviyyədə görmədiyini bildirib.

Əməkdar artist Almaz Ələsgərova televerilişlərdən birində bayağı ifaçılara söz atıb:

“Bayağı ifaçıların heç zaman qarşısını almaq olmaz. Çünki sosial şəbəkələr çoxdur. Əvvəllər də bayağı ifaçılar olub. Amma televiziya kanalları az olduğu üçün onları efirə buraxmayıblar. İndi bayağı ifaçılar və mahnılar sosial şəbəkələrdə qəbul olunur. Çünki orada hər səviyyədə insanlar var”.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu trenddə olan bəzi müğənnilərə söz atıb.

Avtomobilində Əməkdar artist Aygün Bəylərin ifasını dinləyən sənətçi bunları deyib:

“Ay trendə düşən müğənnilər! Belə oxuya bilərsiniz? “Trenddə birinci yerdəyəm”. Hə, nə olsun? Belə oxumaq lazımdır. Bunu siz bacara bilməzsiniz.

Tanınmış opera müğənnisi Ülvi Qılınc efirlərin birində müğənnilərə söz atıb.

O, özünü diva sayanları xəstə adlandırıb:

“Özlərini diva sayırlar, bu adamlar xəstədirlər, müalicə etmək lazımdır. 30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar. Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırırlar. Xalq artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur”.

Müğənni Əli Mirəliyev prodüser Tarix Əliyevi (Tolik) məhkəməyə verdiyini bildirib.

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi bacısı haqqında uzun illərdir xoşagəlməz sözlər dediyini əsas gətirərək məhkəməyə verib. O, bu haqda Tarix Əliyevin aparıcı olduğu televiziya verilişlərinin birində deyib.

Əli Mirəliyev Gülbaharı və Toliki məhkəmə verdiyini dilə gətirib:

“Məhkəməyə onları mənim qızım verib. Bu məsələnin səbəbkarı elə Tolikdir. Gülbahar da Tolikin dəstəsindəndir”.

Mərhum Xalq artisti Ramiz Novruzun övladları aktyor Cavidan Novruz və stilist Şəfəq Novruz arasında qalmaqal yaşanıb. Bacı-qardaş arasında mübahisə keçmiş gəlinləri Əzizəyə görə olub.

Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə aralarında münaqişə olduğunu söyləyib:

“Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək, yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Qardaşımı bağışlamağı düşünmürəm”.

Aparıcı Xoşqədəm Hidayətqızı ilə Aysel Əlizadə arasında dörd il sürən məhkəmə çəkişməsi bu günlərdə bitib. Prosesdə müğənni aparıcıya qalib gəldiyi barədə sosial şəbəkə hesabında paylaşım edib

Qeyd edək ki, dörd il əvvəl sözügedən proqramda müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb… Hamısını deyəcəyəm” kimi fikirlər səsləndirib.  

Aparıcı-aktyor Azər Axşam aktyor Fərda Xudaverdiyevə aktyor deyilməsini düzgün hesab etmədiyini bildirib.

“Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılırlar. Türkiyədə çox gözəl söz var, “oyunçu”, bir də var aktyor. Hər kəs “oyunçu” ola bilər, amma aktyor ola bilməz”, – deyən Azər Axşam verilişlərin birində aktyor Fərda Xudaverdiyevin adını çəkərək ona söz atıb.

“Əgər Fərda Xudaverdiyevə aktyor deyirəmsə, onda mən kiməm? Bu peşənin məktəbini oxumuşam, bu sənətə yiyələnmişəm, müəllimlərindən dərs, sənətin isə diplomunu almışam”, – Azər Axşam vurğulayıb.

2023-cü il kifayət qədər səs-küylü keçib. 2024-cü ildə yaşanacaqları isə zaman göstərəcək. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir