Mədəniyyət

“Tələbələrimin bazarda kartof satması mənim üçün alçaldıcı vəziyyətdir” – Xalq rəssamı ilə MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Sənət aləmi Xalq rəssamı Xanlar Əhmədovun yaradıcılığına yaxşı bələddir. Monumental layihələrin müəllifi olan sənətkar ideoloji və ictimai-mədəni hadisələri əsərlərində əks etdirib və birmənalı olaraq insanların rəğbətini qazanıb.

Amma hər hansı abidəyə bir nöqtədən deyil, müxtəlif tərəflərdən baxmaq lazımdır. Biz də Xanlar müəllimin həm fərdi yaradıcılığı, həm də cəmiyyətdə geniş müzakirəyə səbəb olan, ölkəmizdə ucaldılan heykəllərlə bağlı fikirlərini öyrənmək istədik.

Teleqraf.com Xanlar Əhmədovla müsahibəni təqdim edir:

– Xanlar müəllim, siz uşaq vaxtı ürək ağrılarından əziyyət çəkmisiniz. Buna baxmayaraq, vətəndən uzaqda oxumusunuz, peşəkar mütəxəssis kimi yetişmisiniz. Belə çıxır ki, sənət sizə məlhəm olub.

– Düzdür, ürək ağrıları mənə əziyyət verirdi. Elə ona görə də Daşkənddə təhsil aldım. Rusiyanın iqlimi mənə düşmədi. Sənət məni həm müalicə edib, həm də iki dəfə infarkt olmuşam. Amma üzüm bərkdir (gülür).

– Çox görkəmli insanların heykəllərini ərsəyə gətirmisiniz. Hansı şəxsiyyətin obrazını yaradanda daha çox çətinlik çəkmisiniz?

– Çətinliyi mən özüm özümə yaratmışam. Fikirləşmişəm ki, obrazı açmaq üçün daha nələr edə bilərəm. Məsələn, ulu öndərin heykəlini düzəldəndə xeyli düşünmüşəm. Bu obrazın o qədər çalarları var ki, ən düzgününü tapmaq çətin məsələ idi. Mimika, baxış, baxışların hansı səmtə yönəlməsi – hər biri incə və vacib detaldır.

Məsələn, heykəldə əllər ikinci portret sayılır. Ola bilər, portret çox möhtəşəmdir, amma əllər zəif alınıb. Elə obraz ola bilər ki, mən heç üzü, simanı işləməyim, əllərlə, barmaqlarla, duruşla obrazı aça bilim. Bunlar çox qəliz məsələlərdir.

– Rəngkarlıqda da əlləri işləmək çətin iş sayılır. Hər rəssam əlləri yaxşı çəkə bilmir.

– Elədir, o vaxtlar bir rəssam vardı, portreti yaxşı çəksə də, əllə ayağı düzgün işləyə bilmirdi. Ona görə onun əsərlərinin səksən faizində əllər cibdə olurdu, ayaqlar da otun içində…

– Xanlar müəllim, Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı müsabiqədə 26 layihə arasından sizin əsəriniz qalib seçilib…

– Müsabiqəyə üç əl işi – Tağıyevin faytonda əyləşmiş, ayaq üstə dayanmış və oturmuş vəziyyətdə hazırlanan heykəlləri ilə qatılmışdım. Bu üç işin içərisindən ayaq üstə olan variant seçildi.

– Nəyə görə məhz o variant? O biri obrazlarınız da maraqlı idi.

– Bilmirəm, mən hər üç obrazı sevə-sevə yaratdım. Ayrı-seçkilik etmədim. Yəqin, orada bir çox cəhətlər nəzərə alınıb. Məsələn, faytonda olan obraz daha çox maliyyə tələb edərdi.

Bu heykəllərin hamısını tarixə istinadən ərsəyə gətirdim. Kresloda oturmuş vəziyyətdə olan obrazın da öz tarixçəsi var. Tarixi faktların içində mənə xüsusilə xoş gələn o idi ki, rus çarının qarşısında hamı ayaq üstə dayanırdı, yalnız Tağıyevə oturmağa icazə verilirdi.

– İmperiyada çox böyük nüfuzu vardı…

– Elədir. O vaxt çara deyib ki, siz ibadət vaxtı kilsələrə gedirsiniz, biz müsəlmanların ibadət edəcəyi yer yoxdur. Mənə yer ayırın, bir məscid tikim burada. Həmin məscid indiyə kimi qalır Rusiyada. Möhtəşəm bir tikilidir.

O biri obraza gəlincə, o vaxt məlum idi ki, hamı faytonda, qazalaqda gəzirdi. Onunla bağlı rəvayətlər də çoxdur. Bir dəfə hacı faytonla keçəndə görür ki, ac şairlər, lotular restoranın qabağında dayanıblar. Restoranın sahibini çağırır ki, bunları mənim hesabıma qonaq elə. Bir həftədən sonra oradan keçəndə restoranın sahibindən soruşur ki, borcum nə qədərdir? Deyir, hacı, hələ də yeyib-içirlər…

Bu obrazlar həmin rəvayətlərə istinad idi. Hansının seçilməsinin fərqi yoxdur. Hamısı mənim balamdır.

– Heykəlin pyedestalda qoyulmaması ilə bağlı müzakirələr isə hələ də bitmək bilmir. Yəqin ona görə ki, heykəlləri həmişə əlçatmaz yüksəklikdə görməyə alışmışıq.

– Müzakirə obyekti hər şey ola bilər. Əgər pyedestalda qoyulsaydı, belə fikirlər yaranacaqdı ki, bu adam xalq içindən çıxıb, niyə göydə dayanmalıdır?

– Xanlar müəllim, sizin işiniz qalib seçildiyinə görə siz Hacı Zeynalabdinin obrazını daha dərindən görmüsünüz. Təbii ki, istedadınız, təcrübəniz öz yerində. Mənə elə gəlir ki, bunun bir səbəbi də sizin Zeynalabdin Tağıyevlə hansısa mənada oxşarlığınızdır. Hətta sizin də əlinizdən yerə qoymadığınız təsbehiniz var.

– Amma böyük bir fərqimiz də var. Onun pulu var idi, xərcləyirdi, mənim pulum yoxdur, gəlib dərs deyirəm (Gülüşürük).

Təsbehə gəlincə, hacının təsbehi, bildiyiniz kimi, iki dəfə qırıldı, səhərə kimi restavrasiya etdik. Mənim fikrimdə var idi ki, heykəl hündürdə olacaq və təsbehə əl çatmayacaq. Bu heykəlin zərif, incə yeri təsbeh idi. Çünki o, əllə bir nöqtədə birləşirdi, onu da sındırmaq asan idi.

Təsadüf nəticəsində də sına bilərdi, kimsə çiyni ilə dəyə bilərdi. İndi iki-üç yerdən bağlamışam ki, sınmasın.

– Mən oxudum ki, təsbehi qıranların məhkəməsində siz müdafiə xarakterli çıxış etmisiniz. Sizin çıxışınızın məhkəmənin qərarına təsiri oldumu?

– Təsiri oldu deyəndə ki, hakimdə belə bir sual yarandı ki, sizin bunlarla qohumluğunuz yoxdur ki? Siz bunları tanıyırsınız? Dedim, birinci dəfədir görürəm. Onlarla heç bir əlaqəm yoxdur. Mən bir vətəndaş mövqeyindən, müəllif mövqeyindən çıxış edirəm.

Bilirəm ki, o heykəlin ən zərif yeri təsbehdir. O təsbeh biz heykəli maşınla gətirəndə də sına bilərdi. Bir də ki mən o cavanların gözündəki qorxunu hiss etdim və dedim ki, bu təsadüf də ola bilərdi. Bu fikirlər hakimə bir az qəribə gəldi.

– Məncə, Hacı Zeynalabdin özü də belə edərdi, həmin uşaqları bağışlayardı.

– Əlbəttə, bağışlayardı. Onların qəbahəti o olub ki, bir az içkili olublar, nə etdiklərini dərk etməyiblər.

– Xanlar müəllim, çağdaş günümüzün əksər abidələri cəmiyyət tərəfindən qəbul edilmir. Özü də bu heykəllərin çoxu görkəmli rəssamlara aiddir. Məsələn, Müslüm Maqomayevin heykəlini, – müəllifi Xalq rəssamı Ömər Eldarovdur, – bu yaxınlarda yazarlardan biri kəskin tənqid etmişdi, bu çəlimsiz heykəlciyin böyük şəxsiyyətə yaraşmadığını yazmışdı. Nə baş verir? Cəmiyyət müasir heykəllərin dəyərini anlamır, yoxsa Azərbaycan heykəltəraşlığında problem var?

– Məncə, problem heykəltəraşların özlərindədir. Mən elə böyük şəxsiyyət Müslüm Maqomayevi nümunə göstərmək istəyirəm. 60 yaşında dedi ki, mən oxumağı dayandırıram. Daha konsert verməyəcəyəm. Ayrı-ayrı tədbirlərdə xahiş edirdilər, gəlib oxuyurdu.

Niyə belə elədi? Əgər Müslüm axıra kimi oxusaydı, konsert salonunda səsi titrəsə, ya sınsaydı, ömür boyu qazandıqlarını bir gündə itirə bilərdi.

Hər bir sənət növündə “stop” düyməsi var, o “stop” zamanında basılmalıdır. Rəssam, heykəltaraş özü bunu saxlamalıdır.

– Yəni yaş öz işini görür?

– Mütləq. Məsələn, mənim 35 yaşındakı fiziki gücüm indi yoxdur. Bir də baş yaxşı işləməlidir (başını göstərir), bu mexanizmi korlamaq olmaz. Korlandısa, daha heç nə. Belə gülməli şeylər əmələ gələcək. O fikirdə qalıram ki, vaxtında “stop”u basmaq lazımdır.

– Lütfi Zadənin heykəlini də bəyənməyənlər çox oldu. Bəyənməyənləri zövqsüzlükdə günahlandıranlar da tapıldılar. Obrazın məramı bəllidir, amma forma etibarilə sanki alınmayıb.

– Ömər Eldarov mənim aspiranturada müəllimim olub. Ona görə, düzü, tənqid etmək də istəmirəm, düz çıxmır bir az…

– Sadəcə bu suala cavab verin: heykəltaraş Lütfi Zadənin mahiyyətini aça bilibmi?

– Yox, orada obraz açılmayıb. Bu fikirlə düzəldib ki, dünyaya yeni qapı açdı, elmə yeni baxış gətirdi. Amma açığı, mən bunu hiss eləmədim…

– Xanlar müəllim, “Güllələnmiş heykəllər”in müəllifi də sizsiniz. Onların güllə yarası aldığı zamanı necə xatırlayırsınız?

– Bilirsiniz, ən çox güllələnmiş heykəl müəllifi mənəm. Oğurlanmış, əridilmiş heykəllərin müəllifi də mənəm. Siyahıya baxanda ürəyim ağrıyır. O vaxt Qanlı Yanvar hadisələrində Türkiyə səfirliyinin üstündəki “Qardaşlar” əsərim də güllə yarası aldı. Həmin heykəlin içində hələ də güllələr qalıb.

Sonra Şuşadakı Üzeyir bəyin və Bülbülün büstləri… Gördüyünüz kimi onlar da güllələnmişdi. Bundan başqa, mənim Qarabağda bir əsərim də vardı – Aşıq Pərinin heykəli. Üç metr yarımlıq tuncdan tökülmüş heykəl idi. O yox olub getdi, ermənilər aparıb əritdilər…

Bülbülün ev muzeyinin qarşısında da heykəl vardı, o da itib batdı, mən onu yenidən restavrasiya etdim.

Bülbüllə Üzeyir bəyin büstlərini biz o vaxt Gürcüstandan gedib aldıq. Ermənilər Gürcüstana satmağa gətirmişdilər. Material kimi.

– Yaxşı ki, vaxtında xəbər tutmusunuz…

– Hə, Polad Bülbüloğluya oradan zəng etmişdilər… Gedib pulla alıb gətirdik. O vaxt bir məsələ qalxdı ki, biz bunu restavrasiya edək, güllə yaralarının üstünü örtək. Müəllif kimi mənim fikrimi soruşanda, dedim, lazım deyil.

Biz yaddaşı zəif olan xalqıq. 30 il, 50 il keçəcək, yenə yadımızdan çıxacaq. Amma bu cür qalanda, gələcək nəsil soruşacaq ki, bu heykəllər niyə bu haldadır? Onda deyəcəklər ki, bu, ermənilərin işidir, onların bu hərəkətləri vandalizmdir.

Prezident bu fikrimizi qəbul etdi, dedi, onda elə belə qalsın. Məsələn, Natəvanın baş barmağı yoxdur. Onu düzəltmək bizim üçün heç nədir. Bir həftəyə barmağı yerinə qoymaq olar. Amma bu, tarixi fakt kimi qalmalıdır.

– Xanlar müəllim, biz bilirik ki, ana tərəfdən şuşalısınız. Yenidən o yurdları görmək necə bir hiss idi?

– Şuşaya gedəndə hələ Zəfər yolu təzə çəkilirdi. Məni dəvət etdilər, getdim. Tozlu-torpaqlı, ağır bir yol idi. Amma hər dəfə yollarda görünən “Zəfər yolu” yazısını oxumaq adama ruh verirdi.

Şuşanı çox sevirəm. Yay tətillərimi həmişə Şuşada keçirirdim. Ona görə o yerlərin hamısı tanışdır. Düzdür, uşaq hafizəsi başqadır, amma yenə də bəzi şeyləri yadıma sala bilirdim. Mən hələ 70-ci illərdə Üzeyir bəy və Bülbülün büstlərini orada quranda rayonun rəhbərinə dedim ki, mənim burada baba evim var. Dedi, göstər mənə.

Getdik, tanıdım, dedim, bax, bu evdir. Dedi, siz neçə ildir gəlmirsiniz, ona görə indi burada erməni ailəsi yaşayır. İstəyirsinizsə, evi boşaldım, heç olmasa yaydan-yaya gəlin yaşayın.

Dedim, yox, yazıqdırlar. Biz beləyik də. Dedim, siz mənə yer ayırarsınız, gəlib ev tikərəm yavaş-yavaş. Sonra ara qarışdı…

O ev indi də yadımdadır. Amma gedib baxmadım. Ürəyimə pis gəldi. Hətta Polad Bülbüloğlu dedi ki, gedək, göstər mənə ev haradadır. Dedim, yox, istəmirəm. Sonra yaxşı bir vaxtda gəlib baxarıq.

İlk səfərimin bir xoş nəticəsi də oldu. Anam iki il əvvəl rəhmətə gedib, 94 yaşında. Son vaxtlar tez-tez deyirdi ki, nə vaxt məni Şuşaya aparırsan? Deyirdim ki, ana, darıxma, az qalıb, gedəcəyik. Mənə ən çox təskinlik verən bu oldu ki, Şuşada bir kisə torpaq yığdım, qəbri üstünə səpdim. Bu elə bil mənə sakitlik gətirdi.

– Siz bu günlərdə Xankəndidən qayıtdınız. Orada hansı işlər aparıldı?

– Xankəndi mənə ruhlar şəhəri təsirini bağışladı. Bəzi qapılar açıq qalsa da, polislərimiz hər şeyi mühafizə edirlər. Biz belə xalqıq, heç nəyə əl vurmuruq. Sevindirici haldır ki, heykəllər də yavaş- yavaş oradan götürülür.

– Heykəllərin Xankəndidən götürülməsi Avropanın maddi abidələri mühafizə edən qurumlarında narazılıq doğura bilərmi? Erməni havadarlarının bu barədə hansısa pretenziyaları ola bilərmi?

– Yox, bunun üçün bizim alternativimiz var. Onların bizim abidələrə etdiyi vandallıq və bizim onların heykəllərinə münasibətimiz. Biz çox səliqəylə götürdük. Heç nə əzilmədi, qırılmadı. Xankəndinin mərkəzində Şaumyanın heykəlindən söhbət gedir.

– Sənət baxımından bu heykəli necə qiymətləndirirsiniz?

– Bu bizim ən böyük heykəltaraşlarımızdan biri Fazil Nəcəfovun işidir. Fazil güclü heykəltəraş idi, bu yaxında, yayda dünyasını dəyişdi.

SSRİ vaxtıydı. Ermənilər tələb etdilər ki, Stepan Şaumyanın heykəli olmalıdır. Pul da bizim büdcədən ayrıldı.

– Xankəndidəki “Nənə-baba” heykəlinin tarixi nə vaxta gedib çıxır?

– 1960-cı illərə aiddir. Onların Baqdasaryan adlı heykəltəraşları vardı, o vaxt Bakıya gəlib gedirdi. Heykəli ona ermənilər sifariş vermişdilər. Adını da qoymuşdular “Biz qarabağlılarıq”. O illərdə Moskvada bir kitab çıxmışdı – “Sovet İttifaqının monumental heykəltəraşlığı”. Bu iş o kitaba düşmüşdü, altında da yazılmışdı: “Biz qarabağlılarıq, Ermənistan SSR”. Hələ 60-cı illərdə!

O vaxt bizimkilər çox ora-bura yazdılar ki, heykəlin qoyulduğu yer Ermənistan deyil, Azərbaycan ərazisidir. Kitabın tərtibçiləri dedilər ki, yaxşı, düzəldərik. Düzəltmək isə artıq mümkün deyildi, kitabda elə getmişdi.

– Heykəltaraşın hər bir əsəri onun həyatı, övladı, yaratdığıdır. Sənətkar onu düzəldir, sonra ideologiya dəyişir və insanlar həmin sənətkarın övladını parça-parça edərək kənara tullayırlar. Bu heykəltaraşa necə təsir edir?

– Mən bir nümunə gətirmək istəyirəm. Hökumət evinin qarşısında olan Leninin heykəlinin müəllifi heykəltaraş Cəlal Qaryağdı idi. Bu əsər bəlkə də bütün SSRİ-də Leninə qoyulan ən yaxşı heykəl idi. Heykəltaraşlıq baxımından, monumentallıq baxımından, ölçülər, işlənmə texnikası baxımından.

Emalatxanada Cəlal müəllimlə qonşu idik. Tez-tez gəlirdi yanıma. Çay içirdik, söhbət edirdik. Çox istedadlı insan idi. O heykəl götürüləndən sonra elə bil dik karandaş idi, sındı yarıdan. Təsəlli verməyə çalışırdım, o isə deyirdi ki, axı mən o heykələ həyatımı qoymuşdum.

O ərəfədə sovet ideologiyasına xidmət edən bir çox heykəllər götürüldü. Fioletov, Kirov, Şaumyanın Bakıdakı heykəli. O vaxt Bakı Şəhər İcra Hakimiyyətində iclas keçirildi. Məni də dəvət etdilər. Çünki artıq 35 ildir Rəssamlar İttifaqında Heykəltəraşlıq Cəmiyyətinin sədriyəm.

Bu heykəllərin aqibəti ilə bağlı hərə bir fikir söylədi. Kimi dedi ki, əridək, başqa işlərdə istifadə edək və s. Mənə söz veriləndə dedim ki, bu heykəllər heykəltaraşlıq ömrünün əsas, çox böyük hissəsidir. Gəlin, belə edək. Şıxovda “Dostluq” parkı var. Bu heykəlləri yığaq ora, üstünə də yazaq: “Azərbaycan xalqının düşmənləri”. Amma elə fikir olaraq da qaldı.

– İdeologiya dəyişir, bunda heykəlin nə günahı? Sənət öz ömrünü yaşayır…

– Necə olur ki, Hitlerin, Napoleonun heykəlləri muzeylərdə sərgilənir. Müəllifi də yazılır, ərsəyə gəldiyi tarix də yazılır. Bu tarixdir, incəsənətdir.

– Ümumiyyətlə ölkənin heykəlqoyma kursu necə olmalıdır, kimlərə, hansı sahənin insanlarına heykəl qoyulmalıdır?

– Hazırkı durumda biz ən çox Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızın, şəhidlərimizin obrazlarına müraciət etməliyik. Bu qəhrəmanların hərəsinin öz vətənində, doğulduğu yerdə bir heykəli olmalıdır. Bu abidələr səcdə yeri olmalıdır, cavanlar baxıb oradan nəsə götürməlidir.

Bu yaxınlarda Xankəndiyə gedəndə yol boyu baxırdım, hər yerə şəhidlərin şəkli vurulub. O qəhrəmanlara mən böyük məmnuniyyətlə heykəl qoyardım.

O da mənim bəxtimdən oldu ki, Şirvan şəhərində ilk qələbə heykəlini mən düzəltdim. Şəhidlərə həsr edilmiş belə heykəllər çox olsa, həm maariflənmə cəhətdən yaxşıdır, həm onların ailəsinə böyük təskinlikdir.

– Xankəndidə yeni heykəllərin qoyulması gözlənilirmi?

– Məndən bu barədə soruşdular. Dedim ki, burada iki şəxsiyyətə heykəl qoymaq olar. Biri ulu öndərə, çünki torpaqların azad edilməsində onun böyük zəhməti var idi. Biri də Pənahəli xanın özünə. Bu abidələr şəhərin girəcəyində olsa, həm düşmənə gözdağı olar, həm də yerinə düşər.

– Heykəllərin heç də hamısı ucaldılmır, çoxu emalatxana ömrü yaşayır. Bu mənada heykəltaraşın xəyalları puç olmurmu?

– Hər heykəltəraşın emalatxanasında heykəllər görərsiniz, bunlar onun obrazda əks olunmuş fikirləridir. Şair misra yazıb qoyur qırağa ki, nə vaxtsa istifadə edər. Yazıçı bir hekayəni qələmə alıb saxlayır. Heykəltaraş da elə.

Kiçikhəcmli heykəllər əsasən sərgilərdə nümayiş etdirilir. Çox vaxt şəxsi kolleksiyaçılar gəlib alırlar. Bir kolleksiyaçı şəxsən mənimlə tanış idi, demək olar ki, ildə üç-dörd əsərimi alırdı. Sonra müflisləşdi, daha gəlmir… Heykəl vurğunu idi.

Bir məqam məni həmişə qıcıqlandırır. Kimlərsə 10 min dollara bogema (Çexiyada istehsal olunan bahalı qablar – red.) dolça alıb evin yuxarı başına qoyurlar. Sonra da bir dəcəl uşaq gəlib onu sındırır. Pul da getdi, bogema da. Amma on min dollara iki rəsm əsəri, iki heykəl alsan, bu, ömürlük sənin evini, həyatını bəzəyəcək. Səndən sonra gələn nəsil də bu heykəldə nəsə tapmaq, oxumaq istəyəcək. Çünki bu tilsimdir, qapalı aləmdir.

Bəzən mən sərgidə bir iş təqdim edirəm. Sonra görürəm ki, onun haqqında qəzetdə təhlil yazısı çıxdı. Özüm-özümə deyirəm ki, heç mən bu nüansları fikirləşməmişdim, bunu necə tapdılar?

Yəni hərənin öz fikri, öz münasibəti yaranır. Ona görə rəsm əsərlərini, heykəlləri sevin. İmkan dairəsində alın, evinizdə saxlayın.

– Şəxsi kolleksiyaçılar, dediyiniz kimi, işlərinizə maraq göstəriblər. Sirr deyilsə, ən bahalı işinizin qiymətini deyə bilərsiniz?

– Ən bahalı işimi hədiyyə vermişəm. Onu mən qiymətləndirə bilmədim, ona görə dedim, götür, hədiyyə verirəm, bilirəm ki, yaxşı əllərdə olacaq.

– Həmin heykəllərin taleyi sonra sizi narahat etmir?

– Edir. Bir məşhur adama ad günündə əsərimi hədiyyə etmişdim. Üstündən bir xeyli keçmiş məni evinə dəvət eti. Qonaq otağında oturub çay içirik, gözüm isə ona bağışladığım işi axtarır. Bir də baxdım ki, şkafın altına qoyub… Az qala infarkt keçirəcəkdim.

O adam bu iş barəsində o qədər mənimlə danışmışdı ki, axırda ona bağışlamışdım. Əgər şkafın altına qoyacaqdınsa… Daha sözüm yoxdur danışmağa.

– Ümumiyyətlə, Azərbaycan rəssamlarının durumu mənəvi cəhətdən həm də ona görə ağırdır ki, bizdə insanların sənətə münasibəti tutaq ki, Avropada olduğu kimi deyil.

– Gəncliyimdə xaricdən çox təkliflər gəlirdi. Bizdə də sim var, elə bağlıyıq ki, vətənə. Heç bir şeyə aldanmırıq. Türkiyədən neçə dəfə dəvət gəlmişdi. İrandan, Pakistandan dəvətlər gəlmişdi. Onlar bu sənətdən uzaqdırlar, bizdə olan səviyyə onlarda yoxdur.

– Azərbaycan heykəltaraşlığının bu gün sizin kimi peşəkar təmsilçiləri var. Bəs bu sənətin gələcəyini necə görürsünüz? Bu gün istedadlı mütəxəssislər yetişirmi?

– Bilirsiniz, biz o vaxt Azərbaycanda təhsil almadıq, dağıldıq SSRİ-nin canına. Hər şəhərdə azərbaycanlı tələbələr var idi. Biri Moskvadan, biri Leninqraddan, biri Daşkənddən gəlirdi. Hərənin də çiynində öz baqajı vardı. Bunun sayəsində rəngarəng sənət aləmi yarandı.

Məsəlçün, mən Asiya məktəbini gətirdim, o biri Rusiya məktəbini, digəri Baltikyanı ölkələrin məktəbini.

İndi hər kursda iyirmi, otuz tələbə olur. Onların arasından bir nəfər çıxsa, böyük göstəricidir. Əslində heç dərs demək istəmirəm. Müəllimi tələbə həvəsləndirməlidir. Nəyisə izah edirsən, baxırsan ki, biri telefonla oynayır, biri üzünə pudra çəkir. Mən artıq darıxıram, ruhdan düşürəm. O tələbə ki görürəm, nəsə eləmək istəyir, mən ondan çox can yandırıram. Əgər mənim danışığıma sizdə maraq yoxdursa, mən nə danışım?

Amma hara gedirəm, tələbələrimi görürəm – o barədə “yaxşıdır”. Sədərəkdə, Binədə də tələbələrim var. O gün yoldaşımla dükandan şirniyyat alırıq, bir qız deyir, “müəllim, məni tanımadınız? Mən tələbəniz olmuşam”. Və dayanıb tərəzi dalında! Tələbələrimin bazarda kartof satması, sürücülük etməsi mənim üçün alçaldıcı vəziyyətdir.

İndi kursda oğlan çox azdır, bizim vaxtımızda elə deyildi. Bizim kursda 5 oğlan oxuyurdu, 1 qız. İndi 20 qızdır, 1 oğlan.

– Qadın heykəltaraşlar yəqin kişilər qədər ümidverici olmurlar.

– Bizim dövrümüzdə ən yaxşı heykəltaraşlardan biri elə mənim müəlliməm Həyat Abdullayeva idi. Onun bir gözü görmürdü, qəzada xəsarət almışdı. Amma bir gözüylə necə gözəl əsərlər yaradırdı. Həcəri, Natəvanı işləyib. “Xoşbəxtlik” əsəri var – iki gənc baş-başa dayanıb.

Elmira Hüseynova da böyük heykəltaraş idi. Zorgenin, İçərişəhərdə Zərdabinin heykəli onun işləridir. Başqa istedadlı qadın heykəltaraşlarımız da olub. Mən həmişə düşünürdüm ki, heykəltaraşlıq qadın işi deyil, amma onlar əksini sübut etdilər.

– Xanlar müəllim, klassik rəssamların demək olar ki, hamısı tənha yaşayıb. Həm onları anlayan olmayıb, həm də özlərini sənətə həsr ediblər. Bu mənada ailə qayğıları sizin sənətinizə maneə törətməyib ki?

– Yox, yox. Düzdür, xanımım çox qısqancdır. Cavan vaxtı məni divara yeridirdi. Hətta mən mağazaların vitrininə baxanda deyirdi ki, ora qəşəng qızların əksi düşüb, sən onlara baxırsan. Deyirdim, nə yaxşı mənə öyrətdin, bundan sonra elə baxaram (gülür). Başa salırdım ki, mən heykəltaraşam, min cür fikrim var… İndi özü də şəkil çəkir, gözəl portretlər yaradır.

– Bir televiziya proqramında siz İntizar xanımın sonradan bu sənətə başladığını söyləmişdiniz. Yəqin ki, sizə daha yaxın olmaq istəyi onda rəssamlıq istedadını üzə çıxarıb.

– Bəlkə də. Həm də hissiyyatlıdır, bəzən əsər haqqında elə fikir deyir ki, görürəm ki, haqlıdır. Bu mənada köməyi dəyir.

– Emalatxananızı da həyat yoldaşınızla bölüşmüsünüz.

– Hörmətli prezidentimiz mənə ev bağışlamışdı. Mən onu satdım, emalatxanamı böyütdüm, əlavə otaqlar tikdim. Orada həm yaşayırıq, həm də işləyirik.

– İntizar xanım “Hətta mən onu heykəllərinə də qısqanırdım” deyir. Bir dəfə də sizə sual verib: “Mən, yoxsa sənət?” Sizin cavabınız gecikəndə, o anlayıb ki, cavab üçün sizin üzərinizə getməməlidir, cavab onun xeyrinə olmaya da bilər.

– Elə suallar var ki, verilməməlidir. Bu, düzgün sual deyil axı.

– Amma sənət sizin üçün hər şeydən öndədir, eləmi?

– Əlbəttə ki.

– Elə isə sənətlə bağlı ən böyük arzunuz nədir?

– Allah ömür versin, bir az da işləyim, fikirlərim, planlarım çoxdur. Düzdür, iki infarkt ağır məsələdir. Üstəlik, siqaret də çəkirəm.

– Niyə tərgitməyi düşünmürsünüz, bir halda ürəyinizə ziyandır.

– Yox, daha keçib. Kardioloqların biri deyir ki, birdən at, biri də deyir ki, atmaq olmaz, birdən şəkər baş qaldırar. Məndə siqaret alışqanlığı lap çoxdur, gecə də ağlıma nəsə fikir gələndə durub siqaret çəkirəm.

Cəfər Cabbarlıya həkim demişdi ki, nə içki iç, nə də siqaret çək. Yoxsa öləcəksən. O da demişdi baş üstə. Nə siqaret çəkdi, nə içki içdi. Üç il heç nə yaza bilmədi. Üç ildən sonra siqaret də çəkdi, araq da içdi, nə qədər də əsər yazdı. Düzdür, dünyasını dəyişdi, amma tarixə düşdü…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir