Mədəniyyət

Bakının gəzən heykəlləri… – FOTO

Sharing is caring!


Adətən bir adam hərəkətsiz dayananda “Heykəl kimi nə donmusan?” deyirlər.

“Lent.az” donmayıb gəzməyi bacaran heykəllərdən söz açıb.

Bakıda xeyli sayda heykəl və abidələr var. Çox vaxt fərqində olmadan yanından ötüb keçdiyimiz heykəllər əslində böyük bir siyasi-mədəni dövrü əks etdirir. Zaman içində onların bəziləri sökülür, daş da olsalar, ideologiyaya qurban gedirlər.

Belə heykəllərdən biri “Azad fəhlə” heykəlidir.

Bu fəhlə bir zamanlar “Fəhlə” prospektini bəzəyir, zəhmətkeşlər “1 may” bayramında qarşısına çiçəklər düzürdülər. Sonra prospektə Nobel adı verildi və milyonçu Nobel azad fəhləni bəyənmədi. Ona bu prospektdə yer olmadı daha. Prospektin ortasında yerləşdirilmiş heykəli öncə bir kənara çəkdilər, sonra da tamamən gözdən uzaq yerə daşıdılar.

2013-cü ilin mayın 14-də Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov küçələrinin kəsişməsində yerləşdirildi.

Kimsənin də marağında olmadı ki, Yer kürəsini məhvərindən çıxarmağa çalışan bu kişi nə istəyir. “Azad fəhlə” oldu gəzən və unudulan fəhlə.

Abidənin yerinin dəyişdirilməsi bir zamanlar narazılığa da səbəb olmuşdu. “Azad fəhlə” yetim və kimsəsiz deyilmiş. O vaxt Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etmiş, cavab olaraq Sovet dönəminə aid heykəllərin çoxunun yerinin dəyişdirilməsinin vacibliyi ilə bağlı cavab almışdı. “Azad fəhlə” isə nə kommunist idi, nə kapitalist. Ona görə də sökülməyib bir kənara çəkdirildi.

Dünyanın ən maraqlı heykəllərindən biri şair, qəzəlxan Əliağa Vahidin heykəlidir. Daş üzərində onun həyat hekayəsi təsvir edilib.

Heykəl əvvəlcə, 1990-cı ildə filarmoniyanın yanındakı bağda qoyulmuşdu. 2008-ci ilin sonunda İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı bağa köçürüldü. Heykəlin müəllifi Natiq Əliyev, Rahib Həsənov, memarı Sənan Salamzadədir.

Gərgin axtarışlar sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidədə Vahidin yalnız başı təsvir olunub. Baş yerdən çıxmış ağac gövdəsinə bənzəyir. Gövdənin budaqları, yəni Vahidin saçları isə müxtəlif qravüralardan ibarətdir.

Vahidin saçlarında ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Bu epizodlarda Vahidin toy məclisi təsvir olunub. O, öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir.

Növbəti gəzən heykəl Şah İsmayıl Xətainin heykəlidir.

Heykəl 1993-cü ildə Bakının Xətai rayonunda ucaldılıb. Yüksək estetikası ilə seçilən bu heykəl öncə Yusif Səfərov küçəsinin ortasında yerləşdirilmişdi, gedib-gələn avtomobillər kiminsə onu yaxından görməsinə imkan vermirdi. Sonra, yəni 2020-ci ildə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü. Hərçənd heç indi də kimsə gedib ona baş çəkmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir