Mədəniyyət

Maestro Niyazinin anım günüdür

Sharing is caring!


Bu gün Maestro Niyazinin anım günüdür.

Oxu.Az xatırladır ki, Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub.

Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedib.

SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.

“Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin (1962) və bir çox musiqi əsərlərinin müəllifidir.

Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvanındakı mənzildə yaşayıb. 1984-cü il avqustun 2-də vəfat edib.

Niyazinin yaşadığı mənzil ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü ilə muzeyə çevrilib və 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir