Mədəniyyət

On dörd ada üzərində salınmış paytaxt: Stokholmdakı Qədim şəhərin “ürəyi”ndən REPORTAJ – FOTO

Sharing is caring!


Skandinav ölkələri arasında üçüncü və sonuncu ziyarət nöqtəm İsveç oldu. Buraya Danimarka və Norveçdən sonra səfər etdiyim üçün gəlmədən əvvəl paytaxt Stokholmun arxitekturası və həyat şəraiti haqqında qarışıq təsəvvürlərə sahib idim. Bir tərəfdən, Stokholmun Danimarkanın paytaxtı Kopenhagen kimi saraylar, qəsrlər, ümumiyyətlə tarixi tikililərlə zəngin olmasını arzulayırdım. Digər tərəfdən də Norveçin paytaxtı Oslodakı kimi müasirliyin izlərini tapmaq və zəngin muzeylər görmək istəyirdim. Stokholm haqqında təkcə bir şeydə əmin idim ki, burada rifah yüksək, məhsul baha olacaq. Amma “Şimalın Venesiyası” kimi tanınan bu şəhər məni müəyyən qədər təəccübləndirdi.

Memarlığından başlayaraq bildirim ki, Stokholmda tam istədiyimi tapdım, yəni şəhərdə tarixilik və müasirlik arasındakı tarazlıq qorunur. Burada sizi köhnə və yenini mükəmməl surətdə birləşdirən bir mənzərə qarşılayır. Bir-birinə körpülərlə birləşən 14 ada üzərində salınmış şəhərin qədim binaları, müasir memarlığı, göz aldıqca uzanan sahilləri elə bir arzulanan məkan yaradır ki, burada hər şey çox axarında görünür. Stokholm canlılığı, rəngarəngliyi və yaydığı bərabərlik enerjisi ilə sizi qısa bir müddətdə özünə doğmalaşdırır. Demək olar, buraya addımımı atdığım ilk dəqiqədən şəhərin müsbət aurası əhvalıma hopdu. Bütün gün gəzsəm də, şəhərdə mənfi bircə detal belə tapa bilmədim. Əksinə, digər şəhərlərlə müqayisəsini apardıqda saysız üstünlüklərini gördüm. Məsələn, burada velosiped Kopenhagendəki, “Tesla” Oslodakı qədər çox olmasa da, müşahidələrimə əsasən, velosiped Oslodakından, “Tesla” isə Kopenhagendəkindən çoxdur. Yəni Stokholmda da təmiz və səmərəli ictimai nəqliyyat sisteminə böyük önəm verilir. Hətta qeyd etməliyəm ki, Stokholm 2030-cu ilə qədər ənənəvi yanacaqdan istifadəni tamamilə dayandırmaq niyyətindədir. Hazırda şəhərdə enerji istehlakını optimallaşdırmaq, nəqliyyat axınını idarə etmək üçün ağıllı şəbəkələr, ağıllı nəqliyyat sistemləri kimi innovativ həllərdən istifadə edilir. Yəni Stokholm əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ağıllı şəhər konsepsiyasına yiyələnib.

Ancaq şəhərdə məni təəccübləndirən bunlar yox, əsasən, məhsulların qiyməti oldu. Gözlədiyimdən fərqli olaraq, burada məhsullar Kopenhagen və Oslodakı kimi əl yandırmır, həm geyim və aksesuar, həm də qida məhsullarında qiymət olduqca münasibdir. Marketə daxil olduqda hansısa məhsulun ultrabaha olduğunu düşünmürsünüz. Elə buna görə də kassa qarşısında uzun bir növbə ilə rastlaşa bilərsiniz. Çünki Stokholmdakı bəzi marketlərdə günlük hazır yeməklər satılır ki, ətraf ərazilərdəki insanlar nahar üçün, adətən, bu yeməklərə üstünlük verirlər. Bəziləri bu yeməkləri yaxınlıqdakı iş yerlərinə aparırlar, bəziləri də parkda əyləşib yeyirlər və hamısının da üzünə böyük bir məmnunluq hissi qonur. Bundan əlavə, marketlərdə diqqətimi çəkən və vacib hesab etdiyim bir digər məqam sellofandan istifadə edilməməsi oldu. Bunun yerinə, məhsulu daşımaq üçün müştərilərə kağız çantalar təqdim olunur.

Stokholmu Oslo və Kopenhagenlə oxşar edən detal isə bərabərhüquqluluq və müxtəliflik kimi Avropada dəyər olaraq qəbul edilən şeylərə verdiyi önəmdir. Belə ki, şəhər LGBT hüquqlarını fəal şəkildə təbliğ edir, bununla bağlı dünyanın ən böyük festivallarından biri hər il Stokholmda keçirilir. Şəhərin mərkəzi hissəsində, əhəmiyyətli binalarının başında LGBT bayrağı dalğalandığını da qeyd etməliyəm.

Stokholmun digər məşhur Skandinav şəhərləri ilə oxşarlıq və fərqliliklərini kənara qoyaraq əhəmiyyətli məkanların təsvirinə keçid etməliyəmsə, düşünürəm ki, öncə paytaxtın “Gamla stan” kimi tanınan Qədim şəhərindən başlamalıyam. Çünki bura Avropanın ən yaxşı qorunmuş orta əsr şəhər mərkəzlərindən, Stokholmun isə ən füsunkar və tarixi baxımdan əhəmiyyətli ərazilərindən biridir. “Stadsholmen” adasında yerləşən və “Riddarholmen”, “Helgeandsholmen”, “Strömsborg” adaları ilə əhatələnən Qədim şəhər XIII əsrdə salınıb və əsrlər boyu şəhərin siyasi, mədəni və ticarət fəaliyyətlərinin mərkəzi olub. Bu gün dar, dolama daş küçələr, rəngarəng binalar əraziyə unikal ab-hava verir. “Gamla stan” bizə xüsusilə İsveç sənətkarlığı, simvolik suvenirləri ilə maraqlananlar üçün geniş alış-veriş imkanları da təklif edir. Ərazi həm də kafeləri, restoranları və ənənəvi İsveç mətbəxi ilə tanınır. Yəni turistlərin İsveç ruhunu duymaq üçün mütləq baş çəkməli olduğu bir məkandır.

“Gamla stan”ın xüsusi əhəmiyyətli binaları arasında Bonde Sarayı, Stokholm Sarayı, Stokholm Birja Binası və Tessin Sarayı, Soylular Evi, Stokholm kafedralı kimi tikililər yer alır. Buranın əsas meydanı isə “Stortorget”dir. Yuxarıda sözü gedən və çoxu tarixi əhəmiyyətə malik olan rəngli binalara ev sahibliyi edən bu meydan Qədim şəhərin ürəyi hesab olunur. Burada Nobel Mükafatı Muzeyi kimi mədəniyyət mərkəzləri yerləşir ki, muzeylərdən bəhs edən yazımızda məkanın təsvirinə ətraflı yer veriləcək. Bundan başqa, “Stortorget”in mərkəzində “Stortorget quyusu” kimi tanınan bir quyu da tapa bilərsiniz. Bu quyu 1770-ci illərə aiddir və onun ətrafı həm yerli sakinlər, həm də qonaqlar üçün məşhur görüş yeridir.

Qədim şəhərin bir digər məşhur hissəsi “Marten Trotzig” küçəsidir. Buranı məşhurlaşdıran isə ərazidə ən dar küçə olmasıdır. XVII əsrə aid bu küçə həmin dövrdə yaxınlıqda mülklər alan, həmçinin mağaza açan Stokholmun ən varlı tacirlərindən olmuş Marten Trotziqin adını daşıyır. Ən dar hissəsi 90 santimetr olan məkan 37 pilləkəndən ibarətdir. Həmin pilləkənlər küçəyə labirint görüntüsü verməkdən əlavə, buranı foto çəkdirmək üçün maraqlı yerə çevirir. Bildirim ki, Marten Trotziq küçəsinin istifadəsi XIX əsrin ortalarında dayandırılıb və 1945-ci ildə isə yenidən istifadəyə verilib. Küçənin hazırkı adı 1949-cu ildə rəsmi şəkildə təsdiqlənib.

Bu turistik əraziləri gördükdən, Qədim şəhərdə kiçik alış-veriş etdikdən və ətrafdakı kafelərdən birində yerli şirniyyatlarla çay və ya qəhvə içərək dincinizi aldıqdan sonra, bir az da Stokholmun idarəçilik sisteminin büründüyü görkəmlə tanış olmaq üçün dövlət əhəmiyyətli binalara üz tuta bilərsiniz. Belə tikililərdən biri elə “Gamla stan”ı əhatələyən Helqeandsxolmen adasında yerləşən Parlament binasıdır. 1897-1905-ci illər arasında inşa edilən və Riksdaq binası olaraq tanınan İsveç parlamentinin iqamətgahı Riddarfyarden və Norrstrom suları ilə əhatə olunur. Binanın memarlıq üslubu neoklassik və barokko elementlərinin qarışığından ibarətdir. Ümumilikdə, parlament binasının memarlığı olduqca əzəmətlidir və tarixi bir görüntüyə sahibdir. Detallara vardıqda isə qeyd etməliyəm ki, tikili mərkəzi hissəsi iki qanadla əhatə olunan simmetrik fasada malikdir. Fasad sütunlar və mürəkkəb ornamentlərlə bəzədilib.

Eksteryerdə üstünlük sarı və qəhvəyi rənglərə verilib. Ən görkəmli hissəsi isə binanı taclandıran yaşıl günbəzidir. Bir neçə otaq və zaldan ibarət olan parlament binası ictimaiyyət üçün açıq olsa da, buranı ziyarət etmək, sadəcə, həftə sonları və bəzi təyin edilmiş xüsusi günlərdə mümkündür. Ona görə də interyerini görmək imkanım olmadı. Ancaq adanın yarısını tutan bu ehtişamlı məkanın xarici görkəmi belə görülməyə dəyəcək səviyyədədir. Ona uzanan körpünün üzərində binaya tamaşa etmək kifayət qədər zövqlüdür, ətrafından axan sular sanki binanın ağırlığını alır və ona zərif bir görkəm qazandırır.

Buradan sonra üz tuta biləcəyiniz digər yer isə Stokholm meriyası ola bilər. Riddafyarden suları ilə əhatələnmiş bu məkan “Kungsholmen” adasında yerləşir. İsveçli memar Raqnar Östberqin layihələndirdiyi bina 1911-23-cü illər arasında tikilib. Bina milli romantik üslub nümunəsidir və əsasən, tünd-qırmızı kərpicdən istifadə edilərək tikilib. Tikilinin ən mühüm elementi İsveçin milli simvolu olan üç tacla örtülmüş zəng qülləsidir ki, bu qüllə 106 metr hündürlüyə malikdir və şəhərin geniş mənzərəsini təqdim edir. Meriyanın digər görməli hissəsi daxili həyətidir. Bu həyət heykəllərlə bəzədilib, lakin ona əsas gözəlliyi binaya dırmaşan sarmaşıqlar qatır. Son olaraq bildirim ki, Stokholm meriyası inzibati funksiyaları ilə yanaşı, parlament binası kimi, turistik məkan olaraq da xidmət göstərir və buraya bələdçili turlar təşkil edilir. İstəyəcəyiniz təqdirdə binanın daxili ilə tanış ola və məşhur Qızıl zala baş çəkə bilərsiniz.

Məkanı tam gəzdikdən sonra isə Stokholm Qədim şəhəri və Kral sarayının yaxınlığında yerləşən “Stromparterren” parkına gedib burada ətraf adaların mənzərəsini izləyərək yorğunluğunuzu ata bilərsiniz. Yeri gəlmişkən, bu parkda isveçli heykəltəraşın hazırladığı Günəş müğənnisi (“Sun Singer”) heykəli yerləşir ki, bu da şəhərin əhəmiyyətli simvollarındandır. Bu heykəldə üzü göyə baxan və qollarını yuxarı qaldıran bir gənc təsvir olunur. Abidə Günəşin gücünü və enerjisini simvolizə edir və onu görənləri ruhlandırmaq məqsədi daşıyır. Siz də gecənizi bu heykəlin tamaşası ilə nöqtələyib növbəti gündə daha möhtəşəm tikililərlə tanış olacağınız üçün ruhlana bilərsiniz.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir