Mədəniyyət

Teatr Xadimləri İttifaqının yeni sədri Hacı İsmayılov: “Aktyorların maaşları artırıla bilər”

Sharing is caring!


Bir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı Məcid oğlu İsmayılova həvalə olunub. 

Təyinatla bağlı Bizim.media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsinin inkişafında yeni işlər görəcək:  

“Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda çıxış edirəm. Aylıq repertuar var, ona da uyğun olaraq tamaşalarımızı oynayırıq. Yeni tamaşaların üzərində çalışırıq. Teatrımız öz fəaliyyətini davam etdirir. Ayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirildi. 

Orada üç Xalq artisti, iki Əməkdar incəsənət xadimi və başqa idarə üzvlərinin yekdil qərarı ilə müvəqqəti olaraq Xalq artisti Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar olaraq, sədrin vəzifə səlahiyyətləri verildi sədrin müavininə, yəni mənə”. 

“Aktyorlar tez-tez məvaciblərinin az olması ilə bağlı müəyyən çıxışlar və şikayətlər edirlər. Keçirilən iclasda bu məsələ müzakirə olundu?”, – sualına isə Xalq artistinin cavabı belə olub: 

“Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında bununla bağlı müzakirələr aparmamışıq. Bu məsələ aktyorların özləri tərəfindən “Azərbaycan teatrı – 150: İnkişaf perspektivləri” mövzusunda Teatr Forumunda səsləndirilib və müzakirə olunub. Aktyorların maaşı Teatr Xadimləri İttifaqına yox, Teatr Forumuna aiddir. 

Amma sözsüz ki, maaşların artımı ola bilər. Çünki indi Mədəniyyət Nazirliyi teatrlarımızla və orada olan daxili proseslərlə dərindən maraqlanır. İnanıram ki, yaxın zamanda aktyorların maaşının artımı məsələsi həll olunacaq.

Məvaciblərin artımı asılıdır dövlət qurumundan, Maliyyə Nazirliyindən. Teatr işçilərinin və incəsənət nümayəndələrinin maaşları hər zaman hökumətimizin nəzarətində və gündəmdədir. Bizim məvaciblərimiz dəfələrlə artırılıb və ümid edirik ki, yenidən artırılacaq”. 

Xalq artisti Afaq Bəşirqızının Teatr Forumunda səsləndirdiyi “Aktyorlar üçün qəbiristanlıq yaradılsın” fikirlərinə Hacı İsmayılov – “O barədə münasibət bildirə bilmərəm. Heç bilmirəm o nə olan məsələdir”, – deyə qısa şərh verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir