Mədəniyyət

Məşhur mason bəstəkarın evində Azərbaycan adı: “Fiqaronun toyu”nun yazıldığı məkandan REPORTAJ + FOTO

Sharing is caring!


Vyanada Motsartın ömrünün bahar çağında xəzan fəslini yaşadığı evi ziyarət etmək çoxdankı arzum idi. Çünki mədəniyyəti danışaraq, dinləyərək hiss etmək heç də həmişə yetərli olmur, bəzən insan gözündə ucaltdığı şeylərin dəyərini ölçmək üçün onları görmə ehtiyacı duyur. Bir çox hallarda onları gördüyümüz an elə ucaltdığımız binanın təpəsindən yerə atıb özümüzə göydələnlərimizi bəzəyəcək yeni fiqurlar axtarırıq. Bəzən də qəhrəmanlarımızın dəyəri o ucalığı işığa qərq edir. Elə buna görə də klassik musiqinin paytaxtında klassik musiqinin atasının izlərini görməyin daxilimdə hansı duyğuları oyadacağını öyrənmək maraqlı idi. Bu marağın izi ilə Pasxa tətilində Motsartın Vyananın simvollarından olan Müqəddəs Stefan kafedralının arxasında, “Domgass, 5” ünvanında yerləşən evinə üz tutdum.

Bildirim ki, Motsart bu evdə cəmi iki il yarım – 1784-1787-ci illər arasında yaşayıb və ən məşhur əsəri olan “Fiqaronun toyu” operasını burada bəstələyib. Əslində, bəstəkarın Vyanada bir çox evləri olub, məşhurluğun zirvəsində olduğu üçün ona daima ən dəbdəbəli evlərdə yaşamaq təklif edilib, ancaq onun Vyanada yaşadığı evlərdən sadəcə “Mozarthaus” günümüzə qədər gəlib çatıb və 1941-ci ildə Motsartın ölümünün 150-ci ildönümündə onun xatirəsinə muzey statusu qazanıb. Motsart əsərlərinin böyük bir qismini məhz burada bəstələdiyi üçün bu gün muzey Vyanada olduqca məşhur bir məkandır. Muzeyi məşhurlaşdıran digər məqam isə il ərzində orada daimi sərgilər, xüsusi tədbirlər və konsertlərin keçirilməsidir.

Motsartın 1781-1791-ci illər arasındakı Vyana həyatının təsvir edildiyi məkanı gəzməyə muzey işçilərinin tövsiyəsi ilə üçüncü mərtəbədən başladım. Üçüncü mərtəbədə, əsasən, Motsartın yaxın çevrəsində yer alan insanların, eyni zamanda 1780-ci illər Vyanasının görüntüləri əks olunur. Ancaq bununla yanaşı, maraqlı tarixi eksponatlar kolleksiyası da var. Bu mərtəbədə diqqətimi çəkən məlumatlardan biri Motsartın 1787-1791-ci illərdə Osmanlı-Avstriya müharibəsi dövründə dövlət təbliğatında xüsusi rol oynamasının qeyd edilməsi oldu. Mətndə bildirilirdi ki, Habsburq monarxiyası fəal şəkildə müharibəyə girəndə Motsart hələ yeni imperator və kral sarayı bəstəkarı təyin edilibmiş. Həmin vaxt onun öhdəliyi möhtəşəm rəqs zallarında rəqslər bəstələməkmiş. Motsart “La Bataille” (Döyüş) kimi təsvir edilən bir kontredansı da 1788-ci ilin karnaval mövsümündə hələ II İosif rəsmi müharibə elan etməzdən əvvəl yazıbmış.

Məkanda məni təəccübləndirən və sevindirən digər məqam isə dünyada məşhur muzeydə Azərbaycan adına rast gəlməyim oldu. Belə ki, Motsartın hərbi marşdan istifadə etməklə və onu dəyişdirməklə səhv bir şey edib-etmədiyinin sorğulandığı bir mətndə plagiatdan söz açılırdı. Bildirilirdi ki, “Le Nozze di Figaro” operasının ədəbi modelinin yaradıcısı fransız dramaturq Pyer Bomarşenin təşəbbüsü ilə Fransa Milli Məclisi ilk dəfə 1791-ci ildə ədəbi müəlliflik hüququnun qorunması haqqında qanun qəbul edib və bu qərar musiqi üçün çox mürəkkəb mahiyyət daşıyıb. Çünki yüz illər boyu bəstəkarın yaradıcılıq cəhdlərinin mərkəzində melodiya ixtirası yox, onun mümkün qədər bədii formada uyğunlaşdırılması dayanıb. XVIII əsrdən etibarən isə hər şey dəyişib. Başqalarının musiqi ideyalarından sui-istifadə kimi qəbul edilən addımlara qarşı ittiham irəli sürmək hələ mümkün olmasa da, plagiatlıq ləyaqətsizlik kimi qiymətləndirilməyə başlayıb. Ona görə də başqalarının əsərlərindən müəyyən bir melodiyanı istifadə edərkən icazə alma ənənəsi yaranıb. Ancaq buna həmin dövrdə heç də hər kəs riayət etmirmiş. Mətndə məsələni izah etmək məqsədilə bəstəkarların əsər yaratmaq üçün başqa əsərlərdən istifadəsinə dair bir sıra nümunələr göstərilirdi. Həmin nümunələrdən birində qeyd edilirdi ki, “II İohann Ştraus özünün “Fars marşı” triosunda orijinal fars mövzusundan istifadə etmək istəyib və Mixail Qlinkanın “Ruslan və Lyudmila” (1842) operasındakı “Fars xoru”ndan bəhrələnib. Xorun guya fars şahzadəsi tərəfindən ötürülən mövzunu əsas aldığı iddia edilir, amma reallıq odur ki, Azərbaycan xalq mahnısı olan “Qalanın dibində” əsasında bəstələyib”. Fikrimcə, Avropa məkanında, sözsüz həqiqətin evində əks olunan bu bir cümlə belə Azərbaycan mədəniyyətinin, musiqisinin necə qədim, dərin və ecazkar olduğunu sübut etmək üçün yetərlidir.

Bu cümlədən xoşhallanmış şəkildə ikinci mərtəbəyə endikdə Motsartın bəstələri, məşhur “Qırxıncı simfoniyası”, tamamlanmamış “Requiem”i və əlyazısı ilə yazdığı yazılarla rastlaşdım. Audiobələdçi vasitəsilə bəstəkarın əsərlərini orijinal notlara baxaraq dinləmək olduqca zövqvericiydi. İkinci mərtəbədəki otaqların divarlarında həm də Motsartın arzularına, fikirlərinə və başqalarının onunla bağlı düşüncələrinə yer verilib. Divarda rastlaşdığım bir yazıdan öyrəndiyim qədərilə, Motsartın arzu və ümidi şərəf, şöhrət və sərvətə sahib olmaqmış. Bu yerdə ən bəyəndiyim detal isə operalarının nümayişi idi. Musiqidən, sənətdən heç anlayışı olmayan, kübarlıqdan uzaq, olduqca kobud təbiətli bir şəxs həmin operaları izləsə, yəqin, o da riqqətə gələrdi deyə düşünürəm.

Ümumi ziyarətimin yarım saatını həmin operaları izləməklə keçirdikdən sonra Motsartın üçmərtəbəli binada yaşadığı əsas hissəyə-birinci mərtəbədə doğru irəlilədim. Orada Motsartın nadir portretləri kolleksiyası nümayiş olunur. Bundan əlavə, ev və geyim əşyalarına yer verilib. Ancaq həmin əşyaların heç də hamısı Motsarts məxsus deyilmiş, sadəcə həmin dövr haqqında təsəvvür yaratmaq və hansı otağın nə üçün istifadə edildiyi barədə fikir formalaşdırmaq üçün əşyalar oraya sonradan yerləşdirilib. Bununla belə əşyaların tarixi olmasına və həmin dövrə uyğun gəlməsinə xüsusi diqqət ayrılıb.

Muzeydə Motsartın belə bir evə köçmə və Vyanada ən çox orada yaşama səbəbi onun şöhrəti ilə izah edilir. Belə ki, bəstəkar ün sahibi olduqdan sonra qonaqları, ziyarətçiləri çoxalmağa başlayır və qonaqlar bəzən aylarla onun evində qalırmış. O da gələnlərin və özünün rahatlığı üçün çıxış yolunu daha böyük bir evə köçməkdə tapır. Qonaq otağının divarında bəstəkarın məşhur qonaqlarından bir neçəsi haqqında məlumat əks olunub. Hətta Leopold Motsartın qızı Mariya Annaya Vyanaya səyahəti və oğlunun mənzildə keçirdiyi ilk günləri barədə yazdığı məktub da oradan asılıb. Bildirim ki, Leopold Motsart daha çox Motsartın atası kimi tanınsa da, o həm də məşhur bəstəkar və Motsartın musiqi müəllimi olub.

Muzeyin bəyəndiyim tərəflərindən biri Motsartın mason fəaliyyətinin gizlədilməməsi oldu. Otaqlardan birində açıq şəkildə mason bayrağı və işarələri nümayiş olunur. Həmçinin Motsartın masonik ruhlu əsərləri barədə də məlumat verilir. Çünki Motsart elə bu evdə yaşadığı dövrdə-1784-cü ildə Vyanadakı Mason Lojasına qatılır. Həmin ildən bir mason kimi o, loja yığıncaqlarında, rituallarda və mərasimlərdə iştirak edir. Bəstəkarın bu təşkilatda iştirakı onun həm şəxsi, həm də musiqi həyatına ciddi təsir göstərir. Motsart bir sıra əsərlərində, o cümlədən məşhur “The Magic Flute” operasında mason mənsubiyyətini göstərməkdən çəkinmir.

Qeyd edim ki, piano sehrbazı qardaşlıq, bərabərlik, xeyriyyəçilik prinsiplərini əsas götürərək bu təşkilata qatılmış olsa da, onun masonlarla əlaqəsi heç də hamı tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, katolik kilsəsinin bəzi üzvləri təşkilata təhlükə kimi baxıblar və masonluğun dövlətin nüfuzunu sarsıtdığını düşünüblər. Ancaq Motsartın mason mənsubiyyəti onun həyatında mühüm yer tutduğu üçün o inanc və seçimindən vaz keçməyib. Bu gün onun masonik ruhda əsərləri dünyanın hər yerində masonlar və musiqisevərlər tərəfindən ifa olunur.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir