manset Mədəniyyət

Nübar Lətifli: Əsl əksiklik

Metrodaydım. Qatarları gözləmə zalında skamyada oturmuşdum. Yanımda da bir qız oturmuşdu. Saçları qəhvəyi, gözləri şabalıdı, yumru sifəti, balaca dodaqları və fındıq burnu. Çox gözəl qaməti var idi. Mən “İçərişəhər”ə gedən qatarı gözləyirdim. Birdən mənə tərəf çevrilib gülümsəyərək, gözlərimin içinə zillənərək soruşdu:

– Bu qatar “Azadlıq”a gedir?

Sadəcə verdiyi suala “hə” cavabı verdim və təşəkkür edib getdi. Qalxıb qatara çatıb qapını əli ilə axtarmasını gördükdə hər şeyi anlamışdım. Mənə, gözlərimə zillənib baxan o gözlərin nələr gördüyünü anlamışdım.

Gecələr ulduzları, gündüzləri günəşin parlaq şəfəqlərini görürdü. İnsanların üzünə, gözlərinin içinə baxa bilirdi və bütün cizgilərini görürdü. Yağan yağışı, əsən mehi görürdü. Hər üzdə təbəssüm, hər gözdə şıltaqlıq, sevgi görürdü, sevilmək görürdü, vurğunluq görürdü həyata hər baxdığında. Təbiətin bütün gözəlliklərini görürdü. Hər ağaca toxunduğunda boyunu, yarpaqlarını, hər çiçəyi qoxladığında dünyadakı bütün çiçəkləri, gülləri, hər suya toxunduğunda su aləmini, torpağa toxunduğunda üzərində mövcud olan canlı və cansızları görürdü.

İnsanların tikdiklərini, “yaratdıqlarını” , sökdüklərini, dağıtdıqlarını, uca binaları, uçan təyyarələri, üzən gəmiləri, kəsilən ağacları, öldürülən heyvanları, məhv edilən canlı aləmi görürdü. Gördüklərinə görə yenə şükür edən, Allahına asi düşməyən bu uzun saçlı, gözlərində təbəssüm doğan, yanaqlarına süzülən, dodaqlarında itən gözəl yaradılmış. Bəlkə də 20 yaşı olmazdı. Amma sual verəndə heç də hiss etdirməmişdi əksikliyini. Bəlkə də, bu əksiklik məndə idi və ətrafımda olan yüzlərlə insanda. Məhz buna görə ona əskiklik deyirəm. Həyatı qəlb gözü ilə görən bu mələk kimi qız. Bəlkədə heç bu vaxta qədər uzatmış olduğu, hər dəfə yuduğu, hər gün daradığı saçlarının, ətrafa baxan, heç nəyi görməyən gözlərinin rəngini kimdənsə öyrənmişdi. Üzünün quruluşunu əli ilə yoxlamışdı ilk dəfə. Ya da asi düşmədiyi Rəbbin taleyinə yazdığı bir qəzanın qurbanı olmuşdu. Bəlkə də anasını bir daha görə bilmək nəsibi olmamışdı o qəzadan sonra. Və ya heç valideynlərini görməmişdi bir dəfə də olsun. Həmişə əzizlərini əlləriylə, ovuclarıyla oxşayırdı. Bəlkə də gecələr xısın- xısın ağlayır, gündüzlər ailəsinə və özünə görməyən gözlərinin içindən gülərək dəstək olurdu. Öz hissləri ilə, ürəyi ilə simaları yox, qəlbləri görürdü. Bəlkə də mənə verdiyi sualın bir kəlmə cavabı ilə məni tam görmüşdü, amma mən görən iki gözüm

ilə onu görə bilməmişdim. Əksiklik məndə idi. Əsl əksiklik gördüklərini görə bilməməkdir, sevdiklərini görə bilməmək yox, sevgini göstərə bilməməkdir. Əsl əksiklik, şikəstlik müxtəlif dinlərdə fərqli adlarla müraciət edilən Yaradanın yaratdıqlarını, bizimçün yaradılanları sevə bilməmək və məhv etməkdir.

Sizcə kor mənəm, sizsiz ya fiziki cəhətdən görə bilməyənlər??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir