Kriminal

Ali Məhkəmə Zeynəb Xanlarovanın qohumunun şikayətini təmin etmədi

Sharing is caring!


Ali Məhkəmədə xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, polisin nəzarəti altına verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza alıb. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub. Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıblar və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb.

Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1,12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilməlidir ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

Bildirək ki, D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir