Kriminal

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə istiqamətdə əməliyyat tədbirləri keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmiryol Stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5,45 kalibrli patron aşkar edilərək götürülüb.

Polis şöbəsinə Dəllər-Şəmkir dəmir yolu xətti yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Bu zaman oradan iki ədəd “F1” əl qumbarası, bir ədəd “UZRMQ” markalı partladıcı, iki ədəd “Çermuxa” markalı tüstü qumbarası, dörd ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.

Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilib, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir