Kriminal

Qardaşını öldürən şəxs: “Onun evə pozğun qadın gətirdiyini qəbul edə bilmirdim”

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qardaşını öldürməkdə təqsirləndirilən Mehman Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2022-ci il iyulun 15-də rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirib, sonuncu yerləşdirildiyi xəstəxanada ölüb.

Toplanan sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı Mehman Abbasov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum qardaşı Ələkbər Abbasovla birlikdə atasına məxsus evdə yaşayıb. Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə, saat 2:30 radələrində spirtli içkinin təsiri altında olarkən həyətlərində qardaşı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ələkbər ona yumruq, təpik atıb. Mehman da bundan əsəbiləşərək evin mətbəxindən bıçaq götürüb həyətə çıxıb. O, əlindəki bıçaqla qardaşına bir neçə zərbə vurub. Mehman Ələkbərin yaralı olduğunu görüb küçəyə çıxaraq qonşuluqda yaşayan Fərhad Sadıqovu səsləyib, ondan təcili tibbi yardım çağırmasını xahiş edib. Daha sonra o zəng edib qardaşı Elman Abbasova hadisə barədə məlumat verib. Gecə saat 3:15-də təcili tibbi yardım avtomobili gələrək Ələkbəri Salyan Rayon Mərkəzi Xəstəxanasına aparıb. O söyləyib ki, həmin vaxt qardaşı sağ olub və polis şöbəsinə gedərək hadisə barəsində ətraflı izahat və ifadələr verib. Bıçağı könüllü olaraq istintaqa təqdim edib. Mehman Abbasovun sözlərinə görə, qardaşı Ələkbəri öldürmək fikri olmayıb, qardaşının evə pozğun qadın gətirdiyini qəbul edə bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir