Kriminal

Şirkətin 1,4 milyon manat pulunun mənimsənilməsinin detalları məlum olub – İTTİHAM AKTI

Sharing is caring!


Bakıda şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, O.Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə meneceri vəzifəsində işləyib.

O, həmin müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, ona etibar olunmuş özgə əmlakını talama məqsədilə 2019-cu ilin yanvar ayından başlayaraq, QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək, malların satışından əldə olunan pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəməyərək, öz aralarında bölmək barədə razılığa gəliblər. Bununla da onlar ümumilikdə 168 min 460 manat 90 qəpik nağd pulu aralarında bölüblər.

O.Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Z.Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan M.Rəsulovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. O, cinayətin törədilməsinə rəhbərlik edib. Ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyən malların M.Rəsulov vasitəsi ilə satışını həyata keçirib. Daha sonra satışdan əldə olunan pul vəsaitlərini öz aralarında bölmək barədə razılığa gəlib.

Nəticədə O.Məmmədov, Z.Babayev və M.Rəsulov “İnteqral” QSC-yə məxsus 525 min 547 manat 92 qəpik pulu vahid niyyətlə mənimsəyiblər.

İttiham aktında göstərilib ki, təqsirləndirilən C.Cəbrayılov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb. O, onunla birgə ekspeditor vəzifəsində işləyən F.Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən O.Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.

Nəticədə C.Cəbrayılov, F.Xəlilzadə və O.Məmmədov “İnteqral” QSC-yə məxsus ümumilikdə 763 min 80 manat 80 qəpik pulu mənimsəmə yolu ilə ələ keçiriblər.

Beləliklə, şirkətin sabiq əməkdaşları “İnteqral” QSC-nin 1 457 088 manat pulunu mənimsəyiblər.

Qeyd edək ki, O.Məmmədov, Z.Babayevə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, C.Cəbrayılov, F.Xəlilzadə və M.Rəsulova isə CM-nin 179.3.2-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həmin şəxslər 2022-ci ilin dekabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Xatırladaq ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir