Cəmiyyət

Rasim Balayev: “Arzu edirəm, kino işçilərimiz borclu qalmasınlar” – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Bu tək mənə yox, kinoya olan diqqət idi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xatırladaq ki, ötən gün Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Balayev “İstiqlal” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Xalq artisti qeyd edib ki, biz hər birimiz prezidentimizin etimadını doğrultmalıyıq:

“Cənab Prezident çox sağ olsun ki, işinin çox olduğu bir vaxtda mənə diqqət ayırdı. Bu tək mənə yox, kinoya olan diqqət idi. Arzu edirəm ki, kino işçilərimiz ona borclu qalmasınlar. Prezidentimizin etimadını doğrultmalıyıq. Bu münasibətinə görə yaxşı filmlər çəkməliyik. Düşünürəm ki, hər birimizin borcu kinomuzu inkişaf etdirməkdir”.

R.Balayev “İstiqlal” ordeni ilə təltif olunmasının gözlənilməz olduğunu dilə gətirib:

“Hissiyyatım az da olsa, var. Bilirdim ki, təltif olunacağam. Lakin “İstiqlal” ordeni ilə təltif olunacağımı bilmirdim. “İstiqlal” ordeni qiymətlidir. Təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Rasim Balayev 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

1976-cı ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı (“Atları yəhərləyin” bədii filmində “Səlim bəy” roluna görə) təqdim olunub. 1988-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir