Kriminal

Sabiq prokuroru şantaj etməkdə təqsirləndirilən dəstə üzvlərinin cəzaları azaldılıb

Sharing is caring!


Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, İlqar Əliyev və Elnur Eldarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ü.Əliyevin cəzası altı ilə, İ.Əliyevin cəzası beş ilə, N.Nuriyev və E.Eldarovun hər birinin cəzası isə beş il üç aya endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Əliyev yeddi il altı ay, E.Eldarov və N.Nuriyevin hər biri altı il altı ay, İ.Əliyev altı il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya dörd il səkkiz ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər sabiq prokuror T.Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində T.Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, T.Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Son olaraq Abşeron rayon prokurorunun böyük köməkçisi işləyən T.Qurbanov vaxtilə sol əllə hərbi salam verdiyinə görə gündəmə gəlib.

2023-cü il yanvarın 16-da T.Qurbanovun öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir