Kriminal

İranın qurduğu gizli silahlı dəstə üzvünə AĞIR CƏZA

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən İskəndər Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: İskəndər Hüseynov ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı DTX tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanlarının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli qanunsuz silahlı birləşmə yaradılıb. Bu birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kamran oğlu Məmmədov, Elşad Elçin oğlu Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə, İranın Tehran şəhərinə gətiriliblər. Tehranda onların mobil telefon və pasportları götürülüb, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılıblar. Daha sonra onlara dini ləqəblər verilib, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirilməklə, onlara müxtəlif məbləğlərdə pul vəsaitləri verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

Xatırlatma: Daha əvvəl Tural Səfər oğlu Haqverdiyev və Eltun Əli oğlu Şükürovun cinayət işi yekunlaşaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir