İqtisadiyyat

AMB-nin yeni qərarı banklarla bağlıdır – ŞƏRH

Sharing is caring!

Sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib.

Modern.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev AMB-nin yeni pul siyasətilə bağlı şərh verib.

İqtisadçı bildirib ki, yeni pul siyasətilə AMB bir günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır:

“Bir günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), bir günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9,25%) bərabərdir. Bir günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.

Bundan başqa, sterilizasiya məqsədilə yeddi günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7,75%), yeddi günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7,75%-9,25%) arasındakı intervalda müəyyənləşəcək. Məlumat üçün bildirim ki, yeddi günlük repo əməliyyatı son dəfə 2005-ci ildə aparılıb. Əməliyyatın illik faiz dərəcəsi 9,17% olmaqla həcmi təxminən bir milyon manat təşkil edib. Yeddi günlük əks-repo əməliyyatının aparılması barədə rəsmi məlumat yoxdur.

Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, bir, üç, altı və doqquz aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Mərkəzi Bank bazarda daha çox 28 günlük və bir illik notları buraxırdı və onların illik faiz dərəcəsi faiz dəhlizinin aşağı həddi əsasında müəyyənləşdirilirdi. Sonuncu notlar 28 günlük buraxılıb və faiz dərəcəsi 6.26%, həcmi isə 630 milyon manat olub”.

S.Əliyevin sözlərinə görə, Mərkəzi Bankın bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdür:

Çünki dövri olaraq uçot dərəcəsinin dəyişdirilməsi kredit bazarında hiss edilmir. Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır ki, sonra həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsin”.

Ekspert qeyd edib ki, repo qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır:

“Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-repo isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-reponun tətbiq olunmasında məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir