İqtisadiyyat

SOCAR BP-nin bir neçə əməkdaşını təşəkkürnamə ilə təltif edib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü İsrafil Məmmədov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə SOCAR-ın nümayəndə heyəti “Mərkəzi Azəri” platformasına səfər edib.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, səfər “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi çərçivəsində 2005-ci ildə istismara verilən və sutkada 420 min barel neftin texnoloji emal edilməsi üçün nəzərdə tutulan “Mərkəzi Azəri” platformasına yerində baxış keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Nümayəndə heyətinə “Mərkəzi Azəri” platformasının idarə olunması, cari əməliyyatları, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns və BP-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.

Görüşdə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun bundan sonra da Azərbaycan və dünya neft sənayesinin inkişafına dəyərli töhfə verməyə davam edəcəyini vurğulayıb.

Daha sonra platformanın qaz və su vurma turbinləri, ixrac nasosları, qazma sahəsi və digər obyektlərinə tur təşkil edilib.

Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda “Mərkəzi Azəri” platformasının fasiləsiz və təhlükəsiz əməliyyatlarının təmin edilməsinə verdikləri töhfəyə görə BP-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir