İqtisadiyyat

İlk dəfə ipək xalça toxuyan “Azərxalça”ya maraqlı təkliflər: Çin şirkəti “Çələbi”ni icazəsiz hazırlayıb – FOTO

Sharing is caring!

“Azərxalça”da ilk dəfə olaraq ipək xalçaların toxunmasına başlanılır.

Bu barədə Oxu.Az-a “Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Xatuna Abdullayeva məlumat verib.

O bildirib ki, ilk ipək xalçanın toxunması Qobuda yerləşən filialda başlanılıb:

“Xalça pilot layihə kimi toxundu və artıq kəsilib. Daha dörd filialımızda – İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və İçərişəhərdə yerləşən nümayiş salonunda ipək xalçaların toxunması davam edir. Hazırda “Azərxalça”nın İsmayıllı filialında iki ədəd, ölçüləri müvafiq olaraq 55×55 və 50×60 ölçülərində ipək xalça toxunur. Xalçalar sifarişlə hazırlanır.

“Azərxalça” ASC tarixində ilk ipək xalçaların toxunmasına turistlər və yerli alıcıların istək və tələbatları nəzərə alınaraq başlandı”.

Onun sözlərinə görə, ipək xalçalar üçün xammal “Azəripək”dən əldə olunur, iplər “Azərxalça”da xüsusi üsullarla, təbii boyalarla boyanır:

“Xammalın bahalığı və sərf olunan əməyin daha uzunmüddətli və ağır olduğunu nəzərə alaraq ipək xalçaların maya dəyəri yun xalçalardan daha yüksək olur. “Azərxalça”dan ipək xalçalar əldə etməklə yanaşı, bütün növ, istənilən ölçüdə xalçaların ipək variantlarını sifariş etmək mümkündür. Gələcəkdə qurum ipək xalçaların daha geniş istehsal və satışını nəzərdə tutur”.

“Azərxalça” ASC-nın istehsalat direktoru Əlisəfa Nuriyev texnoloji xüsusiyyətlərinə, naxışların sıxlığı və xarici görünüşünə görə Quba-Şirvan xalçalarına tələbatın daha çox olduğunu bildirib:

“Azərbaycanın bütün regional xüsusiyyətlərinin təzahür olunduğu naxışlar xalçalar üzərinə toxunur. Hazırda məhz Qarabağ çeşniləri ilə toxunan xalçalara üstünlük verilir”.

Azərbaycan xalçalarında istifadə edilən çeşnilərin oğurlanması məsələsinə toxunan istehsalat rəhbəri qeyd edib ki, Çinin “Yuland” firması bir dəfə ona xalça təklif edib:

“Onun mənə təklif etdiyi xalçaya baxdım və aydın gördüm ki, istifadə edilən çeşnilər bizə məxsusdur. Həmin xalça “Çələbi” çeşniləri ilə toxunmuşdu. Azərbaycanın aidiyyatı qurumları ilə “Yuland” firması arasında əlaqələr olsa da, “Azərxalça” ASC olaraq biz həmin firmaya Azərbaycan çeşnilərinin istifadə hüququnu verməmişik”.

Xatuna Abdullayevanın sözlərinə görə, həm yerli, həm də xarici bazarda yerini möhkəmləndirmək, satış miqdarını yüksəltmək və xalçaçılığın, Azərbaycan xalçalarının inkişaf edərək dünyaya açılmasına, müasir interyerin tələb olunan bir hissəsinə çevrilməsi yolunda “Azərxalça” ASC xaricdə satış nöqtələrinin sayını artırmağa davam edir:

“Cəmiyyətin bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində, Avstraliyada isə onlayn satış nöqtəsi xalçasevərlərin istifadəsinə verilib”. 

X.Abdullayeva bildirib ki, “Azərxalça” ASC yerli və xarici müştərilərdən maraqlı sifarişlər qəbul edir:

“Azərxalça” ASC-də yerli, xarici şirkət və ya fərdlərdən istənilən növdə sifarişlər qəbul olunur. Məsələn, İsmayıllı emalatxanası Səudiyyə Ərəbistanından olan qonaqlarımızdan, müştəridən maraqlı sifariş alıb. Müştərilər ənənəvi “Xiləfşan” xalçasını adət etdiyimiz rənglərdə deyil, cəmi dörd tonda sifariş ediblər. Dörd ədəd 25 kv.m ölçüdə və iki kiçik xalça “Azərxalça”nın İsmayıllı və Kürdəmir emalatxanalarında toxunur. Bütün sifariş sentyabr ayının sonunadək bitəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir