İqtisadiyyat

Sabiq nazir: “Rusiya və Türkiyə maliyyə bazarlarındakı proseslərə görə məhsullarımızın taleyini düşünməliyik”

Sharing is caring!

“Azərbaycan manatının dəyəri üzən məzənnə əsasında müəyyən olunmadığından, 2015-ci ildə baş vermiş iki kəskin ucuzlaşmadan sonra 2016-cı ilin əvvəllərindən bu günə qədər o sabit kurs (1 ABŞ dolları üçün 1 manat 70 qəpik) nümayiş etdirir. Əslində bu dövr ərzində bizə qonşu olan və sıx ticarət əlaqələrimizin olduğu ölkələrin, xüsusilə də qardaş Türkiyənin, şimal qonşumuz Rusiyanın və İranın milli valyutaları kəskin dəyər itiriblər”. 

Bu barədə Oxu.Az-a sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı bu gün Qərbin ona qarşı tətbiq etdiyi ciddi sanksiyalara cavab olaraq öz milli valyutasına Ukrayna ilə müharibədən öncə mövcud olmuş məzənnədən də çox aşağı bir kurs müəyyən edib:

“Lakin reallıqda bu siyasi oyundan başqa heç nə deyil. Rublun bugünkü real kursu Rusiya Mərkəzi Bankının bəyan etdiyi məzənnədən 3-4 dəfə yüksəkdir və onun belə ucuzlaşması prosesi ilin sonlarına doğru daha da sürətlənəcək. Çünki Qərb ilin sonuna doğru Rusiya qazından və neftində demək olar ki, tam imtina edəcək. Valyuta gəlirlərinin əsasını təşkil edən neft və qaz ixracının bu şəkildə sıxışdırılması bütövlükdə Rusiyanın maliyyə sistemini iflic halına salacaq. Türkiyədə baş verən iqtisadi proseslər də türk lirəsinə yaxşı heç nə vəd etmir və cari ilin sonuna qardaş ölkənin maliyyə bazarında vəziyyətin daha da gərginləşəcəyi gözləniləndir”. 

Ekspert bildirib ki, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin az qala dörddəbirinə sahib olan bu iki ölkənin milli valyutalarının belə təlatümlər yaşadığı bir dönəmdə, biz öz hesablamalarımızı daha uzaq bir dövr üçün aparmağı bacarmalıyıq:

“Bu gün dünya bazarlarında Rusiya neft və qazının satışının sıxışdırılması səbəbindən neftin və qazın qiymətlərinin kəskin bahalaşması baş verir. Lakin bu daimi olmayacaq. Qərb ölkələri daxili bazarlarını alternativ neft və qazla təmin etdikdən sonra, bu qiymətlər sabitləşib əvvəlki axarına düşəcək. O halda biz neft və qazın satışından indiki qədər valyuta əldə edə bilməyəcəyik. Bütün bunları hesablamaq lazımdır. Rusiya və Türkiyənin maliyyə bazarlarında yaxın vaxtlarda baş verə biləcək prosesləri göz önünə alıb, indidən bu ölkələrə ixrac etdiyimiz məhsulların taleyini düşünməliyik”.

F.Yusifov vurğulayıb ki, avronun məzənnəsində son 20 ildən sonra baş verən kəskin ucuzlaşmalar Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən prosesdir:

“Rusiya qazından imtina edən AB ölkələrinin iqtisadiyyatı ciddi durumdadırlar. Yüksək inflyasiya, iqtisadiyyatda durğunluq investorları bu ölkələrin iqtisadiyyatına yatırımlar etməkdən çəkindirir. Bu isə öz növbəsində avrozona ölkələrinin maliyyə durumuna ciddi təsir göstərir. Avropa ölkələri alternativ neft və qaz mənbələrini təmin edənə qədər bu vəziyyət nizama düşməyəcək. Bu səbəbdəndir ki, həmin ölkələr bu istiqamətdə işlərini mümkün qədər sürətlə aparmağa çalışırlar. Avronun kəskin ucuzlaşması bizim iş adamlarını da hesablaşmalarda ABŞ dollarına keçməyə vadar edəcək”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir