İqtisadiyyat

İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər “əl yandırır”

Sharing is caring!

“Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində yarışların başlamasına sayılı günlər qalıb. Ölkəmizə gəlməsi gözlənilən turistlərin bir qismi artıq Bakıdadır, bir qisim turist isə hələ də qalmaq üçün yer axtarır. Əksər turistlərin hotellərdə qalacağı gözlənilir. Amma bu sektordan artıq qiymət artımı ilə bağlı xəbərlər gəlməkdədir. Belə ki, hotellərin bu ərəfədə qiymətlərini olduqca yüksəyə qaldırdığı bildirilir. Bəs bu hal normaldırmı?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi “Report”a bildirib ki, “Formula 1” yarışlarının keçirilməsi ümumilikdə Azərbaycanın tanıdılması, o cümlədən, turizmin inkişafına dəstək olaraq əvəzedilməz töhfə verməkdədir. O bunu “Formula 1” yarışlarının TV azarkeşlər auditoriyasının 600 milyon insandan çox olması ilə əsaslandırıb.

Qiymətlər məsələsinə gəlincə S.Dübəndi bildirib ki, “Formula 1” kimi beynəlxalq və irimiqyaslı idman, mədəni, iqtisadi, dövlət və s. tədbirlər zamanı hər bir turizm destinasiyasında qiymətlər artır:

“Bu, normal təcrübədir! Bakı hotellərində də qiymət artımı müşahidə olunur. Bəzi hallarda 7-10 dəfədən artıq qiymətlər də təklif edilir. Bu onu göstərir ki, bu kimi hotellərdə yerlərin sayı məhduddur. Bir sıra hotellər artıq satışlarını “Formula 1” tədbiri günlərinə və hətta daha sonrakı günlərə bağlayıblar.

Bu hal daha çox “Formula 1” trası üzərində və ona yaxın mərkəzi ərazilərdə yerləşən hotellərdə müşahidə olunur.

Eyni zamanda, qısa müddətli icarəyə verilən mənzil fondu da aktivləşib və daha bahalı qiymətə təkliflər edirlər. Qeyd etmək istərdim ki, mənzillər kiçik və orta hotellərlə ədalətsiz rəqabət aparırlar.

“Formula 1″ yarışları bahalı tədbir olduğundan ona qatılan turistlər də daha yüksək maliyyə durumuna malik insanlar olurlar. Bu baxımdan, daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər”.

S.Dübəndi bu il turistlərin coğrafiyasında dəyişiklik müşahidə olunduğunu deyir:

“Kanada, Fransa, Qazaxıstan, Gürcüstan kimi ölkələrdən gələn turistlərin sayında artım görürük. Azərbaycana olan diqqət və maraq ildən-ilə artmaqdadır.

Məncə, hostellər hələ pandemiyadan sonra tam özlərinə gəlməyiblər, bərpa olmayıblar. Qiymətlərində o qədər də fərq yoxdur. Bir çoxu pandemiya dövründə bağlanıb. Hər halda, “Formula 1” qonaqları hostellərə daha az üz tuturlar.

Ümumiyyətlə, bu sahədə çox böyük boşluq var. Hostellər, qonaq evləri, kənd evləri, kempinqlər və bu kimi alternativ yerləşdirmə vasitələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza işlənməyib, standartlar yoxdur.

Biz bunun haqqında hər zaman danışırıq, vurğulayırıq, dövlət qurumlarına təklif edirik ki, gəlin, bərabər bu sənədləri hazırlayaq, amma hələ ki, iş yerindən tərpənmir”.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şıxıyev də qiymət artımını təsdiqləyir:

“İldə bir dəfə Azərbaycanda belə bir tədbir olur, onda da qiymət artımı müşahidə edirik.

Bu hal Bakıda keçirilən “Avroviziya” Mahnı Müsabiqəsindən başladı. Hər bir hotelin öz maksimal qiyməti olur. Məsələn, bu gün 3 ulduzlu hotel özünü 5 ulduzlu hotel kimi aparır. 50 manata olan 1 nəfərlik otaq 170 manata satılır. Hesab edirəm ki, “Formula 1” dövründə həmin hotellər illik büdcəsini formalaşdırmaq istəyirlər.

Sanki hotellər arasında yarış gedir: kim daha yüksək qiymət təklif edəcək. Maksimal satış həyata keçirmək istəyirlər ki, bütün xərclərini bağlamış olsunlar. Bu isə düzgün strategiya deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir