İqtisadiyyat

Hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində Hesablama Palatasının xüsusi rolu var

Sharing is caring!

Heç kəsə sirr deyil ki, bu il ötən illərlə müqayisədə əldə olunan uğurların davamını və müsbət nəticələrini müşahidə etməkdəyik. 

Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirə bir daha postmüharibə dövründə mükəmməl dövlət idarəçiliyinin tətbiq edildiyini göstərdi.

Postpandemiya və postmüharibə dövründə istər yerli, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün nailiyyətlər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının əlaqələndirici fəaliyyətinin nəticəsidir.

Bu məcrada “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan üçün əhəmiyyət kəsb edən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər, ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verirdi.

Bu istiqamətdə görülən işlər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının xüsusi rolunu vurğulamaq lazımdır. Palatanın fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəedilməsində səmərəliliyin (DİM 8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsi (DİM 16), habelə vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin idarəedilməsini daha da artırmaqdır (DİM 8 və 16). 

2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə Palatanın ali məqsədlərinin üst-üstə düşməsinə baxmayaraq, 2021-2025-ci illər üzrə Hesablama Palatasının Strateji Planında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin olmaması diqqəti cəlb etmişdir.

Bununla belə, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasının 2021-ci ildə hazırladığı Hesabatın əvvəlki illərlə müqayisədə daha təkmil və çoxşaxəli fəaliyyəti əks etdirməsi sevindirici haldır.

Öz fəaliyyəti ilə dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsini həyata keçirən Hesablama Palatasının bir qurum kimi Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi ölkəmizin inkişafının daha dayanıqlı və innovativ olmasına bir töhfədir.

Təqdim edilmiş builki hesabatda həyata keçirilmiş iki auditin ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə əhatə olunması yenilikdir.

Dayanıqlı İnkişaf Məqsədləri Parlamentin, habelə Milli Məclis üzvlərinin konstitusion vəzifələri olduğundan bu fəaliyyətə növbəti yoxlamalarda, hesabatlarda daha çox yer verilməsi hökumətimizin də bu sahədə apardığı uğurlu siyasətə kömək göstərəcək.

Bu gün heç kəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin və dövlət institutlarının iştirakı, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi, eyni zamanda milli və beynəlxalq hesabatlarda bu fəaliyyətin daha çox əks olunması zəruridir. 

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir