İqtisadiyyat

Xaricdən borc alınması azalıb: Səbəb və nəticələri nələrdir?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Ölkəmizə qarşı kənar dairələrdə qısqanclıq yaradan məqamlardan biri də dövlət borcu məsələsidir. Bu məsələ müasir dövrdə bütün ölkələrin ən ağrılı yeridir. Belə ki, elə bir ölkə yoxdur ki dövlət borcu olmasın. 2020-ci ildəki pandemiya bir çox ölkələrin vəziyyətini pisləşdirdi. Yəni, dövlət borclarının səviyyəsini bir az da şişirtdi. Bu mənada biz, çox qibtəolunacaq vəziyyətdəyik desəm, yanılmaram.

Cari ilin yanvarın 1-nə ölkəmizin daxili və xarici borcunun səviyyəsi 26 milyard 850 milyon 400 min manat təşkil edib. Bu da ötən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8%-nə bərabərdir. Bunun 10 milyard 984 milyon manatı, yəni 6 milyard 461 milyon 200 min ABŞ dolları və yaxud 40,9%-i xarici, 15 milyard 866 milyon 400 min manatı və ya 59,1%-i isə daxili dövlət borcunun payına düşür.

Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxilidən az təşkil edir. Və əsas cəhət də elə məhz bundadır. Belə ki, 6 milyard 461 milyon 200 min ABŞ dolları həcmində xarici dövlət borcu səviyyəsi 2023-cü il ərzində qeydə alınmış 123 milyard 5 milyon 500 min manat ÜDM-in 8,9%-nə bərabərdir. Bu, hətta inkişaf etmiş ölkələrin belə paxıllıq edəcəyi bir rəqəmdir. Onlarda xarici dövlət borcunun ÜDM-ə nisbətdə səviyyəsi bundan dəfələrlə çox təşkil edir.

Sual olunur, bəs, buna necə nail olmuşuq? Məsələ bundadır ki, bizdə Prezident İlham Əliyevin hələ illər öncədən irəli sürdüyü təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə müvafiq strategiyası həyata keçirilir. Və buna da uyğun olaraq xarici borcun ümumi borc portfelində həcmi az təşkil etməklə yanaşı, 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı da azalır.
Söhbət, ondan gedir ki, beş il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edildi ki, həmin sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya vəzifə olaraq qoyuldu.

2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürüldü.

Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirmək sayəsində ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək nəzərdə tutuldu. Həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3% təşkil edirdi. Ötən ilin əvvəlinə isə bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6%-ə salınmışdı. 

Bu ilin əvvəlinəsə yuxarıda qeyd etdiyim kimi 8,9%-ə bərabərdir.

2022-ci ilin 30 dekabr tarixində isə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edildi. Yəni, növbəti bir sənəd… Bu sənəddə də qarşıya eyni hədəflər qoyuldu. 

Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq qalmaqla, 2022-2025-ci illər ərzində dövlət borcalmalarının idarəedilməsinə dair çərçivə müəyyən olunaraq 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülüb. 

Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi, yalnız yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə edir.

Qeyd etmək istədiyim budur ki, əgər 2018-ci ildən bu sənədlər ortaya qoyulmasa idi və ümumiyyətlə, ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı indiyədək həm cari iqtisadi məsələlərə, həm 2020-ci ildə pandemiyaya, həm də lap elə 2021-ci ilin əvvəlindən etibarən işğaldan azad olunan ərazilərdə başlanan məlum yenidənqurma və bərpa işlərinə görə bəlkə çoxdan borclanmaya getmişdik və özü də artıqlaması ilə…

Ancaq ölkəmiz bu illər ərzində qeyd etdiyim kimi, xaricdən borc almağı azaldıb. Əvəzində daxili borclanma genişlənib. Bunun da heç bir zərəri yoxdur o baxımdan ki, daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf edib və edir.

Halbuki böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik. Və odur ki, xaricdən gen-bol borc vəsaitləri cəlb edə bilərik.

Yeri gəlmişkən, 2023-cü ilin yekununa Azərbaycanın strateji valyuta ehtiyatları 68,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17% çoxdur. Təkcə Mərkəzi Bankın strateji valyuta ehtiyatları ötən il 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb.

Yəni, istəsək real olaraq xarici dövlət borcumuzu “bir günə” bağlaya bilərik. Lakin ölkəmizdə bütün işlər sırf dövlətimizin maliyyə gücü hesabına həyata keçirilir ki, təkcə, Qarabağda və Şərqi Zəngəzurda indiyədək 4 milyard ABŞ dollarından çox vəsait xərclənib. Bu ilin sonuna bu rəqəm 6 milyardı keçəcək. Buna nəzərən isə xarici dövlət borcunun məbləği ötən il mütləq ifadədə 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və ya 3,2% azalıb.

Onu da qeyd edim ki, borcların strukturu da əlverişlidir. Cari ilin yanvarın 1-nə təşkil edən xarici dövlət borcumuzun 87,9%-i ABŞ dollarında olub. Borcun tərkibində avro 5,4%, yapon yeni 2,9%, digər valyutalar 0,5%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3% paya sahibdir.

Daxili dövlət borcunu da əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edir ki, borcun 6 milyard 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 milyard 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Bəli, yazıdan da göründüyü kimi, yeganə hələ yetişməli olduğumuz hədəf ümumi dövlət borc səviyyəsini ÜDM-in 20% hissəsindən aşağı salmaqdır. Təkrar edirəm, sözügedən göstərici ötən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8%-nə bərabərdir.
Buna isə daxili borclanmanın səmərəliliyini inkişaf etdirməklə tezliklə nail olmaq mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir