İqtisadiyyat

“Avropa İttifaqının yaşıl sövdələşməsi və dayanıqlılıq” mövzusunda seminar keçirilib – FOTO

Sharing is caring!


“TÜV Avstriya-Azərbaycan” MMC-nin təşkilatçılığı ilə yanvarın 19-da Bakıda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “EU Green Deal and Sustainability” (“Avropa İttifaqının yaşıl sövdələşməsi və dayanıqlılıq”) mövzusunda seminar keçirilib.

Oxu.Az xəbər verir ki, “TÜV Avstriya-Azərbaycan” şirkətinin direktoru Ülkər Quliyeva qonaqları salamlayaraq keçiriləcək seminarın şirkətlərin fəaliyyətinə, sağlam mühitin formalaşmasına töhfə verəcəyini və bunun perspektivlərinin şirkətlərin ixrac zəncirinə müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Ü.Quliyevanın sözlərinə görə, artıq hamıya məlumdur ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib:

“Bu məqsədlə dünyada bu sahə üzrə akkreditasiyaya sahib azsaylı şirkətlərdən biri olaraq “Avropa İttifaqının yaşıl sövdələşməsi və dayanıqlılıq” mövzusunda seminar təşkil etməyi özümüzə borc bildik.

Seminarda “ISO 14064” – istixana qazı emissiyaları, təşkilati səviyyədə emissiyaların miqdarının hesablanması və hesabatların tərtib olunması, “ISO 14067” – istixana qazı emissiyaları – məhsulun karbon ayaq izi, suyun ayaq izi, bu və ya digər standartlar haqqında ətraflı məlumat veriləcək”.

Seminarda təqdimat “TÜV Austria Holding”in qlobal məhsul meneceri, eyni zamanda, “TÜV Austria Türk”ün Sertifikasiya Şöbəsinin rəhbəri, bir sıra standartlar üzrə baş auditor Burcu Çelebi tərəfindən aparılıb.

B.Çelebi təqdimatında karbon emissiyasının stabil idarəetmə mexanizmi (SKDM) barədə məlumat verib. O bildirib ki, karbon emissiyasının idarəedilməsi üçün hər birimiz çalışırıq, amma əsas olan bunu ən sərfəli və effektiv üsullarla aparmaqdır. B.Çelebi qeyd edib ki, şirkətlər alıcıların etibarını qazanmaq üçün əsas prinsipləri mütləq nəzərdə tutmalıdırlar:

“Bu proses çox dərin və məsuliyyətlidir. Bir neçə ay sonra hesabat gəlmədikdə alıcıları itirirsiniz. Qarşıdakı 25 il ərzində hər kəs karbon ayaq izi barədə hesabatlar verəcək. Nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı zamanı ayrılan karbon emissiyası, tekstil firmalarının məhsulların istehsalı zamanı ayrılan karbon emissiyası, elektrik istehsalı, çatdırılma, istehsal, xidmət sektoru, köçürülmə xidməti göstərən şirkətlərin fəaliyyəti zamanı ayrılan karbon emissiyasının minimuma endirilməsi üçün aidiyyəti üzrə normativlər hazırlanıb və onlara riayət olunması önəmlidir”.

B.Çelebi qeyd edib ki, Avropa İttifaqında qəbul olunan yeni mexanizmdən sonra xüsusilə beş sektorda ixracatla məşğul olan şirkətlərə daha çox təsir edəcək:

“Buraya daxildir alüminium, dəmir, poladəritmə, gübrə, sement sektorunda çalışan və xarici ölkələrə məhsul göndərən şirkətlər. Onları çox məsuliyyətli bir dövr gözləyir. İstehsal etdikləri bütün məhsulların karbon emissiyasını ölçməlidirlər. Bu prosesə indi start verilməsinin məqsədi 2026-cı ildə tətbiqinə başlanacaq Avropa gömrük vergisi ilə bağlı onların çətinlik yaşamamalarıdır. Seminarın da məqsədi bu andan etibarən şirkətləri gələcəyə dair məlumatlandırmaq, onların istehsalat zəncirinin ziyan görməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görmələri üçün istiqamət verməkdir”.

B.Çelebi qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən poladəritmə zavodlarında, alüminium istehsalı ilə məşğul olan şirkətlərdə və s. emissiya göstəriciləri yüksəkdir:

“Hazırda bu sektorda fəaliyyət göstərən şirkətlərinizdə bu, bir problem halı almağa başlayıb. Şirkətlərin xaricdəki alıcıları artıq onlardan bu hesabatları tələb etməyə başlayıblar. “TÜV Austria” bu qaydalara nəzarət mexanizmini tətbiq etmək üzrə akkreditasiyadan keçmiş üç iri şirkətdən biridir. Biz bütün bu sektorlarda fəaliyyət göstərən şirkətlərin hazırladığı hesabatları yekunda yoxlayırıq. Çünki bu hesabatlar şirkətlərin öz fəaliyyətinə dair bəyannamə sayılır və bu, üçüncü bir şirkət tərəfindən mütləq qaydada təsdiqlənməlidir. Əks təqdirdə o, heç bir güvən aşılamır.

Bu yoxlamalarla bağlı biz Türkiyədə 200-dən çox layihə həyata keçirmişik. Çünki Türkiyə Avropa Birliyinə ən çox məhsul ixrac edən ölkədir. Azərbaycan da eyni şəkildə ixrac sayına görə üstünlük təşkil edən ölkələr sırasındadır. Artıq Azərbaycan daxilində də şirkətlərə müvafiq qaydaların tətbiq ediləcəyi gözlənilir. Həm ixracata pis təsir etməməsi, həm də ölkədə gələcək nəsillərin sağlam bir mühitdə yaşaması üçün bu, önəmli layihədir. Biz mümkün olduqca seminarların sayını artırmaqla şirkətləri məlumatlandırmağa çalışırıq. Artıq gələn aydan Azərbaycanda sadaladığımız sektorda fəaliyyət göstərən bir neçə iri şirkətdə layihələr həyata keçirməyə başlayacağıq”.

Qeyd edək ki, seminarda qonaq qismində “TÜV Avstriya-Azərbaycan” şirkətinin əməkdaşlıq etdiyi şirkət rəhbərləri, nümayəndələri və bir sıra sahələr üzrə ekspert və mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, “TÜV Austria Holding” 35-dən artıq ölkədə fəaliyyət göstərən, əsr yarım yaşı olan beynəlxalq şirkətdir. Şirkət 2017-ci ildən Azərbaycanda dövlət qeydiyyatından keçib. Əsas fəaliyyət istiqamətləri sertifikasiya, təlim və inspeksiya xidmətləridir. Ümumilikdə, “TÜV Austria”nın portfelində 300-dən artıq xidmət sahəsi mövcuddur.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir