İqtisadiyyat

Supermarketlərdə yararsız məhsullar niyə zibil qablarına atılır? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: “Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?” – olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.

Məsələ ilə bağlı yaranan sualları “Bravo” supermarketlər şəbəkəsinə ünvanladıq. Şəbəkənin PR meneceri Pərvanə Mədətli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəbəkə fəaliyyətə başladığı ilk gündən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir:

“Qida təhlükəsizliyi qaydaları, məhsulların saxlanma şəraiti ilə bağlı mütəmadi olaraq əməkdaşlarımıza təlimlər keçirilir.

Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirik ki, şəbəkəmizə aid mağazalarda gün ərzində bütün kateqoriyalara baxış keçirilir. Təbii ki, istehsal müddəti bitmiş, istifadəyə yararsız məhsullar rəflərdən mütəmadi olaraq yığışdırılır.

Meyvə-tərəvəzin yoxlanılması zamanı çürümə, kiflənmə, qurdlanma və s. kimi problemlər varsa, onlar istehlaka yararsız olduğundan tullantı olaraq dəyərləndirilir.

İnsanların sağlamlığı bizim şəbəkə üçün prioritetdir. İstehlaka yararsız məhsulların insanlar tərəfindən istifadəsinə icazə verilməsi isə birbaşa qanun pozuntusudur. “Bravo” bu məsuliyyəti anlayır və bu kimi halların qarşısını almaq üçün əlindən gələni edir.

Əlavə olaraq onu da qeyd edək ki, şəbəkəmiz müxtəlif KSM (korporativ sosial məsuliyyət) layihələrinin birbaşa təşkilatçısı və əsas dəstəkçisidir. Marketlər şəbəkəsi bu kimi layihələrdə həm təşkilatçı, həm də dəstək göstərən qurum kimi iştirak edəndə ümumi strategiya ənənəsini saxlayır – daim keyfiyyətli, təzə məhsulların təqdimatını əsas götürür”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir