İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artır: Dayanıqlı olacaqmı?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Keçən il ərzində iqtisadi sabitliyə dair ən bariz göstəricilərdən biri Azərbaycan Mərkəzi Bankının (AMB) öz rəsmi valyuta ehtiyatlarını 2 milyard 617 milyon 300 min ABŞ dolları həcmində artırmasıdır. 2023-cü ilin dekabrında adı çəkilən qurumun ehtiyatı 997 milyon 100 min dollar artaraq 11 milyard 613 milyon dollara çatıb. Noyabrın sonunda isə 10 milyard 615 milyon 900 min dollar təşkil edirdi.

Azərbaycan kimi, ölkənin mərkəzi bankının öz valyuta ehtiyatları həcmini bir ilin ərzində bu qədər artıra bilməsi böyük nəticədir. Bu normalda ilk növbədə, xarici ticarət dövriyyəsinin müsbət saldoya malik olmasından və bundan irəli gələrək də tədiyyə balansındakı əlverişlilikdən, həmçinin milli pul vahidinin məzənnəsinin sabit olmasından və sairədən xəbər verir. İkincisi isə, ölkədə iqtisadi artımın olduğunu diktə edir, üçüncüsü də, iqtisadiyyatın kənar təsirlərdən yan olduğunu göstərir.

Ancaq bu belədirmi? İlk baxışda, bəli… Xarici ticarət dövriyyəmizdə müsbət saldo hökm sürür, ölkənin tədiyyə balansında da vəziyyət qənaətbəxşdir, manatın məzənnəsi də möhkəmdir, iqtisadiyyatda artım var, ciddi kənar təsir və təzyiqlər isə mövcud deyil. 

Lakin, təəssüf ki, bunlar kövrək xarakter daşıyır. Hər şey, hər an “relsdən” çıxa bilər. Söhbət nədən gedir, qeyd edim.

Ölkəmizin ixracının əsasını neft və neft məhsulları təşkil edir. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 29 milyard 345 milyon 994 min dollarlıq ixracın 26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edib ki, yalnız 2 milyard 712 milyon 531 min 270 dolları, başqa sözlə desəm, cəmi 9,24%-i qeyri neft-qaz sektorun payına düşüb. Sözüm bunda deyil.

Göstərilən rəqəmlər 2022-ci ilin eyni dövründəki ilə müqayisədə ixracın 15,5% azalaraq 29 345 milyon ABŞ dolları, idxalın isə 22,3% artaraq 14 174 milyon dollar təşkil etdiyini deyir. Nəticə etibarı ilə də, xarici ticarətdə 15 milyard 171 milyon dollarlıq müsbət saldo yaransa da bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3% az təşkil edib.

Başqa sözlə desəm, xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə mənfi istiqamətdə dəyişib.

Sual olunur, niyə? Çünki neft-qaz üzrə ixrac həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azalıb və azalır. Ölkədə xam neft hasilatının həcmi azalmaqda olduğundan, bu, davamlı xarakter daşıyır. Digər tərəfdən, idxalda artımın və genişlənmənin ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etməsi xarici ticarətdə müsbət dinamikanı əldən verəcəyimiz təhlükəsini bir az da yaxınlaşdırır.

AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi indikindən də artıq olub. 2014-cü ilin 1 avqust tarixində 15 milyard 193 milyon 400 min ABŞ dolları təşkil edirdi. Lakin həmin ilin ikinci yarısından etibarən enerji daşıyıcılarının dünya qiymətlərinin düşməsi nəticəsində AMB manatın məzənnəsini qorumaq məqsədilə valyuta bazarına satış yönlü müdaxilələr etməyə başladı ki, nəticədə qısa müddət ərzində 11 milyard dollar vəsait satılmaqla yanaşı, rəsmi olaraq iki dəfə devalvasiya qərarı da qəbul edildi.

Odur ki, xarici ticarətdə müsbət saldonun hökm sürməsi, ölkənin tədiyyə balansında qənaətbəxş vəziyyət, həmçinin manatın məzənnəsinin möhkəmliyi nisbi göstəricilərdir, o aspektdə ki, manatın məzənnəsi üzən rejim əsasında deyil, inzibati yolla tənzimlənir. Bu, çox ciddi faktordur.

Qeyd etmək istədiyim əsas qayə ondan ibarətdir ki, milli pul vahidi sərbəst üzən məzənnə rejimi əsasında tənzimlənməyən ölkədə iqtisadi sabitlik göstəricisi mərkəzi bankın valyuta ehtiyatları baxımından xüsusən, nisbi xarakter daşıyır. 

O baxımdan ki, ticarət və tədiyyə balansı mənfi dinamikaya doğru dəyişdiyi təqdirdə, daxili valyuta bazarında alış yönümlü tendensiya istər-istəməz dərhal satışa çevrilməlidir. Yəni bu, qaçılmaz xarakter daşıyır. 

Üzən məzənnə rejiminin tətbiqi isə bizdə hələ mümkün deyil. Ona görə ki, sərbəst üzən məzənnə rejimi milli pul vahidinin sərbəst alqı-satqı prosesinə, ölkədə valyuta çoxluğu və azlığına, valyutaya olan tələbə, ölkəyə daxil olan valyuta həcmi ilə ölkədən çıxan valyuta həcmi arasındakı nisbətə, xarici ticarət dövriyyəsinə, tədiyə balansına əsasən müəyyən olunur. 

AMB isə manatın məzənnəsini inzibati əsasda nəzarətdə saxlayır ki, bu da bəlli bir nöqtəni – 1 manat 70 qəpik səviyyəsini ehtiva edir. Bu, 2017-ci ildən bəri davam edir. Səbəb isə ondan ibarətdir ki, ölkədə valyuta satan təkcə Dövlət Neft Fondudur. Başqa qurum yoxdur. Valyutaya tələbi olan isə çoxlu sayda subyekt – banklar, idxalçı şirkətlər, əhali var. Satan isə bir subyektdir. 

Odur ki, Mərkəzi Bankı qınamağın yeri də yoxdur. AMB valyutanı sərbəst üzən məzənnə rejiminə buraxa bilməz. Ona görə də manatın məzənnəsini inzibati qaydada saxlamaq siyasəti o vaxta qədər davam edəcək ki, ölkənin ixracının 50%-dən çox hissəsini qeyri-neft-qaz sektoruna aid istehsal məhsulları təşkil edəcək. 

Ona çatmağımıza isə görülən işlərlə bərabər minimum hələ 4-5 il var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir