İqtisadiyyat

Aksiz dərəcələri niyə artırılır?

Sharing is caring!


Pərviz Heydərov yazır…

2024-cü ilin yanvarın 1-dən ölkədə siqaret və alkoqollu içkilər üzrə yeni aksiz dərəcələri qüvvəyə minib. Yəni, tariflər artırılıb. Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçünsə 16 manat olub.

İndiyədək aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manat təşkil edirdi. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan iki manata yüksəldilib.

Alkoqollu içkilər üçün isə, 80 qəpik qaldırılıb. Yəni, təkrar edirəm, dərəcəsi artan təkcə tütün məhsulları deyil, alkoqollu içkilər də bura daxildir. İçməli spirt (o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün sözügedən dərəcə 4 manatdan 4,8 manatadək yüksəldilib.

Bütün bunlar sözügedən məhsullar üzrə qiymətlərin artmasına səbəb olub. Odur ki, bəzilərində sual yaranır ki bu, əhalinin sosial durum baxımdan həssas təbəqəsinə təsir göstərəcəkmi?

Ümumiyyətlə, satış həcmi və alqı-satqı dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz vergisi dərəcələrinin yüksəldilməsi effektli sayılırmı?

Aksiz – qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün məmulatları; neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr; idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz; idxal olunan xəz-dəri məmulatları və sair daxildir.

Aksiz dərəcələrinin artırılması ən çox istehlak olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçirildiyindən büdcə gəlirlərini artırmaq məqsədi daşıyır. İldən-ilə bir sıra vergi və rüsum güzəştləri tətbiq olunur ki, bu da büdcənin müəyyən istiqamətlər üzrə gəlirlərini azaldır. Bunun da yerini doldurmaq üçün aksiz vergisi üzrə dərəcələrinin artırılması ən effektiv addımlardan biri hesab olunur.

Builki artımlarda da məqsəd, dövlət büdcəsi gəlirlərinin artmasına nail olmaq daşıyır. Bu il də bir sıra vergi güzəştləri tətbiqi mövcuddur ki, ümumiyyətlə, bəzi stimullaşdırıcı tətbiqlər baxımından gəlirlər azalacaq. Odur ki, bunu kompensasiya etmək üçün aksiz dərəcələrini yüksəltmək zəruri sayılırdı.

Həm də ki, sözügedən addım ilk dəfə deyil atılır. Aksiz dərəcələri son illərdə tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb. Və bu, demək olar heç bir hər hansı mənfi tendensiya doğurmayıb. Çünki aksiz dərəcələri artırılan adıçəkilən məhsullar əhalinin ən çox tələbat duyduğu zəruri istehlak malları sırasına daxil deyil. Odur ki, ölkədəki sosial duruma təsiri olmur.

Müəyyən zaman fasilələri ilə bu cür addımlar atılıb və atılacaq.

Həmçinin, ortada Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən sözügedən məhsullar üzrə aksiz dərəcələrini 60-65%-ə çatdırmaq tövsiyəsi də var. Lakin bu siyasəti davamlı olaraq həyata keçirilmək də məqsədəuyğun deyil, ola da bilməz. Xüsusən də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə… Büdcə gəlirlərinin artırılması üçün həyata keçirilən bu siyasətin bəlli bir həddi var ki, bunu nəzərə almaq vacib sayılır.

Belə ki, davamlı və əsassız artım, əks effekt yarada, gəlirlərin azalması, bazarda qanunsuz və qeyri-normal rəqabətin ortaya çıxması kimi hallar ortaya çıxara bilər. Və nəticədə istənilən səmərə əldə olunmaz. Odur ki, alqı-satqı üzrə dövriyyəsi yüksək xarakter daşıyan məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət kontekstindən kənara çıxmamalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir