İqtisadiyyat

Azərbaycanın bank və mikromaliyyə sektorları 2023-cü ildə – İCMAL

Sharing is caring!


2023-cü il Azərbaycanın bank sektoru üçün zəngin il olub.

İlk növbədə qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanun dəyişib. Bununla da, qurumun funksiyaları yenidən müəyyən olunub, İdarə Heyətinin üzvlərinin sayı artırılıb.

Ötən il də AMB faiz dəhlizinin parametrlərinə 8 dəfə baxıb. Qurum artım və azalmalarla uçot dərəcəsini 8,25%-dən 8%-ə dəyişib, faiz dəhlizinin yuxarı həddini 9,25%-dən 9%-ə endirib, aşağı həddini isə 6,25%-dən 6,5%-ə qaldırıb.

Azərbaycanda bankların sayı 2023-cü ildə də azalıb. AMB “Günay Bank” və “Muğan Bank” ASC-lərin lisenziyalarını ləğv edib. Qurum qərarını bankların məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib. Bununla da, ölkədə kommersiya banklarının sayı 25-dən 23-ə düşüb.

Hesabat dövründə Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin də ətrafında maraqlı proseslər cərəyan edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvləri banka nəzarəti itiriblər. Səhmlər 3 yeni fiziki şəxsin əlinə keçib. Bundan başqa, kredit təşkilatının istehlak kreditləri portfelinin təxminən 60 milyon manatlıq hissəsi “Kapital Bank” ASC-yə ötürülüb. Bu, regional bankın bağlanacağı və yaxud başqa bankla birləşəcəyi barədə təsəvvür yaratsa da, bu ehtimallar rəsmən təkzib edilib.

Bundan başqa, il ərzində İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb. AMB kredit təşkilatına məktub göndərərək, hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Qurum addımını cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycan qanunvericiliyinin tətbiqi ilə izah edib.

Ötən ildən Azərbaycanda yerli bankların və xarici bankların yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10% dərəcə ilə vergiyə cəlb edilib. Xatırladaq ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmayıb. Bununla belə, il ərzində məcəlləyə edilmiş dəyişikliyə əsasən, bu ildən bankda azı 18 ay müddətinə əmanət yerləşdirən və faizlərini müddətin sonunda götürən şəxslər vergidən azad edilib. Faizlərini hər ay götürən şəxslərin isə gəlirinin 200 manata qədər hissəsi vergiyə cəlb olunmayacaq.

2023-cü ildə də Azərbaycanda bağlanmış bankların ləğv prosesi davam etdirilib. Əmanətlərin Sığortalanması Fondu bir sıra yeniliklərə imza atıb. Fond nəzarətinə keçmiş əmlakların satışı üçün portalı, kreditorlar üçün isə ayrıca portalı istifadəyə verib.

Ötən il AMB maliyyə istehlakçılarının hüquqlarının qorunması istiqamətində bir sıra addımlar atıb. Qurum cəza tədbiri gördüyü maliyyə qurumlarının adlarını, eləcə də maliyyə sektorunun müxtəlif istiqamətləri ilə bağlı şikayət indeksləri açıqlamağa başlayıb.

Azərbaycanda 5 ildir ki, müzakirə obyekti olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun il ərzində təsdiq edilərək qüvvəyə minib. Qanuna əsasən, ölkədə ödəniş xidmətləri bazarında fəaliyyət göstərən şirkətlərə AMB-də qeydiyyatdan keçmək, lisenziya almaq üçün 6 ay – bu ilin may ayına qədər vaxt verilib.

AMB-nin 2023-cü ildə təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nın yenilənmiş variantına görə isə Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay – bu ilin aprel ayına qədər vaxtı var.

İlin sonuna yaxın isə AMB valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoyub. Qurumun kollegiyasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”ə görə, kapital tələbi Bakıda 600 min manat, hər əlavə obyektə görə 300 min manat, paytaxtdan kənarda isə 150-450 min manat, hər əlavə obyektə görə 0-150 min manat müəyyən edilib. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər 6 ay ərzində bu tələbi yerinə yetirməlidirlər.

2023-cü il Azərbaycanın mikromaliyyə sektoru üçün də maraqlı il olub.

İl ərzində ölkədə bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanun dəyişib. Bununla da, BOKT-lərə kredit kartı buraxmaq səlahiyyəti verilib, bu növ kredit təşkilatlarında mühüm iştirak payının əldə edilməsi qaydası yenilənib.

Ötən il Azərbaycanda BOKT-lərin sayı azalaraq 55-dən 54-ə düşüb. Azərbaycan Mərkəzi Bankı (AMB) faktiki müflis olmuş “Union Kredit”, “Gold Finance” və “Viza Kredit” BOKT-lərin lisenziyalarını ləğv edib, əvəzində “Nova Credit” və “Caspian Finance” BOKT-lərə lisenziya verib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2023-cü ildə dövlət qeydiyyatına aldığı “Anexs”, “İrşad”, “Mojo Az” və “MGN Capital” BOKT-lərin lisenziya alması isə 2024-cü ilə qalıb.

BOKT-lərdən söz düşmüşkən, il ərzində AMB 5 bank olmayan kredit təşkilatının vəzifəli şəxslərini cərimələyib. Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanun pozuntularına yol vermiş “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, “Finoko” ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit” MMC-nin vəzifəli şəxsi 6 000 manat və “PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib. Bununla belə, pozuntular kredit təşkilatlarının maliyyə dayanıqlılığına təsir etməyib.

Ötən il Azərbaycanda kredit ittifaqları haqqında qanun da dəyişib. Amma dəyişiklik texniki xarakterli olub.

Ötən ilin yekunlarını “Report”a “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva şərh edib:

“BOKT-lər haqqında qanunda edilmiş dəyişikliklərin qüvvəyə minməsi ilə özünəməşğul əhali qrupunun və mikrosahibkarların sosial-iqtisadi vəziyyətinin yaxşılaşacağını gözləyirik. Dövlət özünüməşğulluğu və sahibkarlığı dəstəkləməklə bu sektorda çalışan şəxslərə verilən sosial müavinətlarla bağlı yükünü azaldır, bank xidmətlərindən kənarda qalan əhali qrupuna maliyyəyə çıxışı yaradır. Sektorun özünə gəlincə isə, bu il kredit portfelində 25%, işçilərin sayında isə 10% artım olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir