İqtisadiyyat

2024-cü ilin iqtisadi göstəricilərinə olan ümidlər – TƏHLİL + FOTO

Sharing is caring!


2024-cü ildə dünyada və ölkəmizdə gözlənilən iqtisadi proseslər ən çox diqqət mərkəzində olan məsələlərdəndir. Bu da təbiidir. Pandemiya ilindən sonra keçən hər il qabaqcadan sual doğurur ki, görəsən, sabit və təhlükəsiz dövrə tam olaraq nə vaxt keçə biləcəyik? 

Həm geosiyasi, həm müxtəlif kataklizmlərdən, həm də müxtəlif amillərdən doğan hadisələr səbəbindən iqtisadi tarazlıq pozulur. Və bu da dalğavari şəkildə bütün ölkələrə öz təsirini göstərir. Odur ki, dayanıqlı sabitlik əldə etmək olmur.

2023-cü ilin yekunlarına dair yazımda qeyd etdim ki, 2024-də həm dünyada, həm bizdə ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməyəcək.

Neftin qiyməti, ümumiyyətlə, hər hansı şok xarici təsirlər təzyiqlər yaratmayacaq və 2024-cü ildə daha çox iqtisadi artım əldə olunacaq.

Bəzi iqtisadi məsələ və nüanslar barədə isə ayrıca gözləntilər irəli sürmək tələb olunur. Məsələn, manatın məzənnəsi, inflyasiya üzrə dəqiq gözləntilər, ölkənin banklarını gözləyən vəziyyət, sahibkarlığın inkişafı, turizm, sənayedə və aqrar sektorda proseslər, iqtisadi artım və sair…

2024-cü il ərzində sadalanan sahələrdə nə kimi yeniliklər baş verə bilər?

Başlayaq inflyasiyadan… Qeyd etmişəm ki, ölkəmiz istehlak bazarı sarıdan idxaldan asılı vəziyyətdə olduğundan hər şey xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya və bahalaşma dalğası da məhz bu səbəbdən ortaya çıxdı. 2023-cü ilin ortasına doğru isə dalğa zəiflədi. Ancaq proses tələb olunan səviyyədə özünü göstərməyib. 

2023-cü ilin yanvar-noyabr ayları ərzində istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4%-ə (yəni birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli (10,4%) qalırdı. Bu da bir daha onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.

Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə AMB-in 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib. Qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək.

Şəxsi yanaşmam isə bundan ibarətdir ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək və qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, yəni böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə “vulkan” püskürməsə, hər şey AMB-nin dediyi kimi olacaq. Əks halda, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını birmənalı olaraq iddia etmək mümkün deyil.

Yeri gəlmişkən, burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. İl ərzində tənzimlənən qiymətlər – benzin, enerji, su, qaz üzrə tarif dəyişikliyi olmasa, inflyasiya azalacaq. İl ərzində manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq.

Əvvəla, bizdə manatın dəyəri üzən məzənnə rejimi əsasında formalaşıb, ikincisi də neftin dünya bazar qiymətləri əlverişli olduğundan və 2024-də də əlverişli səviyyədə qalacağından milli pul vahidimiz əslində, möhkəmlənməyə meyillidir. Valyuta bazarındakı bu tarazlıq həm də inflyasiyanı cilovlamağa kömək edir.

Odur ki, AMB-nin də və ümumən dövlətin də xarici valyuta ehtiyatları ardıcıl olaraq artmaqda davam edir. Adıçəkilən qurumun 10 milyard 615,9 milyon ABŞ dollarlıq ehtiyatı ilə birgə strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dollarına bərabərdir.

Bank sektoruna dair gözləntilərə gəldikdə isə, 2023-cü ildə AMB tərəfindən iki bankın lisenziyası geri alındıqdan sonra 23 bank fəaliyyət göstərir ki, 2024-də daha bir neçə bankın sıranı tərk edəcəyi istisna deyil. Düzdür, AMB-nin ümumən makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamağa dair siyasəti nəticəsində bankların kənar şoklara qarşı dayanıqlığı, həmçinin kapitallaşma və müvafiq risklər üzrə prudensial tələblər xeyli gücləndirilmiş və kredit portfeli müsbət dinamika üzrə inkişaf etməkdə sayılır.

Lakin… Kreditlər üzrə bank faizlərinin enəcəyi 2024-cü ildə də gözlənilmir. AMB-nin uçot dərəcəsini 2024-cü il ərzində ardıcıl olaraq aşağı salacağı gözlənilsə də bu, əvvəlki kimi təsirsiz ötüşək. Çünki real sektorda risk yüksək, əmanət cəlbi isə qeyri-qənaətbəxş səviyyədə olaraq qalır.

Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyin təmini ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsinin aradan götürülməsini tələb edir.

Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, ortada müvafiq sığorta komponentləri – mexanizmi mövcud olmalı və fəaliyyət göstərməlidir. Yeri gəlmişkən, banklarımızın maliyyə imkanları, likvidliyi barədə həmişə qeyd edirik ki, hər şey yaxşıdır. Əslində isə belə deyil. Təmərküzləşmə sektorda ciddi təhdid sayılır.

Bununla belə, əmanətlər üzrə gəlirlərə vergi güzəştlərinin qismən, yəni diferensiallaşdırılmış şəkildə olmaqla iki formada – birincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinin gəlir vergisindən, ikincisi isə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez ödənilmədiyi zaman hesablanan faiz gəlirlərinin 3 il müddətinə tam olaraq vergidən azad edilməsi il ərzində öz effektini göstərəcək.

2024-cü ildə ölkəmizdə sahibkarlığın inkişafı baxımından da böyük irəliləyiş əldə olunacağı gözləntisi var. Buna həm bəzi iqtisadi və sosial xarakterli bir sıra vergi-gömrük güzəşt və azadolmalarının tətbiqi, həm sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin daha 1 il uzadılması, həm işğaldan azad olunmuş ərazilərdə onların fəaliyyəti üçün hər cür stimulverici şəraitin yaradılması, həm də həmişə olduğu kimi dövlət maliyyə dəstəyi və digər amillər zəmin yaradır.

Yeni ildə ən çox inkişaf edəcək və gəlirlərin artacağı sahə turizm olacaq. Ölkəyə gələn turistlərin sayı 2023-cü ildəki ilə müqayisədə 30% artıq olub. Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafı, genişlənməsi üçün vaxtilə çox böyük investisiyalar yatırılıb və infrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. 2024-cü ildən xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərimizə də turist kimi səfər etmələri real olacaq.

Sözün qısası, 2024-də kənd təsərrüfatında 4,6%, tikintidə 3,4%, ticarətdə 3%, turizm sahəsində 15,8% , nəqliyyat sahəsində 4,5%, informasiya və rabitə sahəsində 9,5% artım olacaq. Bütövlükdə AMB-nin pul siyasətinə dair Bəyanatında bildirildiyi kimi, ölkədə real iqtisadi artım tempinin 3-3,5%, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında təşkil edəcəyi güman olunur.

2024-cü il ərzində də Qarabağ və Şərqi Zəngəzurda aparılan iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi artım üçün müsbət impuls rolunda çıxış edəcək və ölkədə makroiqtisadi sabitlik bu sahədə əsas proqnoz göstəricilərin reallaşmasında mühüm şərtlərindən biri olaraq qalacaq. 

Pərviz Heydərov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir