İqtisadiyyat

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi qadağandır? – RƏSMİ + FOTO

Sharing is caring!


Azərbaycanda pirotexniki vasitələrin mülki dövriyyəsi qanunsuz olsa da, bunun gizli şəkildə satışını həyata keçirənlər kifayət qədərdir. Hər Yeni il bayramı ərəfəsində olduğu kimi, bu il də pirotexniki məmulatları qanunsuz şəkildə satan şəxslər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aşkar edilib cəzalandırılır, bunu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyə çalışanlar ifşa edilirlər.

Bütün xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, ölkənin, demək olar, bütün ərazilərində, xüsusilə bayram ərəfəsində, pirotexniki vasitələrin az qala sərbəst satışını və fərdi istifadəsini müşahidə edirik.

Maraqlıdır, pirotexniki vasitələri ölkəyə kimlər gətirə bilərlər? Kimlər bunun satışını və dövriyyəsini həyata keçirə bilərlər?

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, pirotexniki vasitələrin ölkə ərazisinə qanuni idxalı mümkündür.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin böyük müstəntiqi Taleh Məhərrəmovun sözlərinə görə, bunun üçün xarici iqtisadi fəaliyyət iştirakçısı Fövqəladə Hallar Nazirliyindən (FHN) xüsusi icazə sənədi almalı, ardınca isə Nazirlər Kabinetinə müraciət edərək, müvafiq sərəncam əldə etməlidir:

“Daha sonra gömrük qanunvericiliyinə əsasən, idxal fəaliyyətini həyata keçirməklə, pirotexniki vasitələrin ölkə ərazisinə idxalını təşkil edə bilər. Amma bunun satışı pərakəndə şəkildə aparılmır. Qanunvericiliyə görə, dövlət və bəzi özəl müəssisələr həmin sahibkarla müqavilə bağlayır və məhsulu əldə edirlər. Aldıqdan sonra da pirotexniki məmulatların xüsusi yerlərdə istifadəsinə icazə verilir”. 

Müstəntiq onu da qeyd edib ki, son iki il ərzində ümumilikdə bir milyondan çox pirotexniki vasitə gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb və qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, dəyəri 50 min manata qədər olan pirotexniki vasitə aşkar etdikdə qanunu pozan şəxs barəsində inzibati qaydada cərimə tətbiq edilir. Dəyəri 50 min manatdan yuxarı olduqda isə cinayət işi başlanır. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir