İqtisadiyyat

Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri qayıdır?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Banklarda yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergilərə güzəşt tətbiqi qismən bərpa olunur. Bu ilin fevralın 1-dən 7 illik fasilədən sonra bu sahədə bütün mövcud müvafiq güzəştlər ləğv olunmuşdu.

Söhbət, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən 7 il müddətinə yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi haqqında qərarın müddətinin başa çatmasından gedir.

Sözügedən vergi güzəşti 2016-cı ilin fevralından yeddi il ərzində mövcud idi. Cari ilin fevralın 1-dən əmanətlər üzrə gəlirlərdən 10% vergi tutulmağa başlandı. Bu müddətədək isə əmanətlər üzrə gəlirlər tam olaraq ödənilirdi.

Əslində o zaman da banklara əmanət yerləşdirilməsi, dividend və yaxud depozit faizləri sahəsində müsbət ab-hava hökm sürürdü.

Yəni, heç bir problem yox idi.

Problemlər və yaxud söz-söhbətlər, cari ilin fevralın 1-dən başladı. Və bu da, banklarda yerləşdirilən əmanətlər üzrə bir növ maneəyə çevrilərək, az qala mənfi tendensiya üçün zəmin yaratdı.

Belə ki, banklarda fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin azalması bu il ilk dəfə olaraq məhz fevralda qeydə alındı – 0,2% səviyyəsində… Sonrakı aylarda – martda, apreldə, mayda və iyunda isə əmanət həcmi artmaqda davam etdi.

Odur ki, sual yaranır, əmanətlərin həcminin azalması əgər, gəlirlərdən 10% vergi tutulmasının bərpasının təsiri nəticəsində başladısa bəs, sonrakı aylarda nəyə görə davam etmədi?

İyulda əmanətlərin azalması əvvəlki aya nisbətən 0,3%, avqustda isə 1% təşkil edib. Yəni, temp zəifləyib.

Həmçinin, sentyabrın sonuna ev təsərrüfatlarının sahiblərinin əmanət həcmi 12 milyard 580 milyon 100 min manat təşkil edib ki, cari ilin 1 noyabr tarixinəsə bu rəqəm 12 milyard 271 milyon 200 min manat olub.

Bu, 1 ay əvvələ görə 1,2% və ya 147 milyon 300 min manat az deməkdir.

Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətləri üzrə baş vermiş bu azalma isə ölkənin bank sektorunda Mərkəzi Bank tərəfindən lisenziyası geri alınaraq bağlanılan bankla əlaqədar izah edilir.

İllik müqayisədə isə fiziki şəxslərin əmanətlərinin həcmi 9% artıb.

Bir sözlə, hələ fevralda yazmışdım ki, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə zəmin yarada bilməz. Yalnız müəyyən psixoloji təsirlər və xof ortaya çıxara bilərdi ki, bu da keçici xarakter daşıyacaq.

Ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri möhkəmdir, xarici valyuta ilə yığıma isə maraq yoxdur. Üstəlik, söhbət əmanətin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlir vergisindən – cəmi 10%-dən gedir.

Bəs, problemin kökü əslində nədədir?

Əmanətlərin həcminin zəif tempdə artması, ümumiyyətlə, cari ildə azalıb-artması başqa səbəblərlə əlaqədardır. Söhbət, fiziki şəxslərin əmanətlərindən gedir.

Buraya ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı olaraq bahalaşması səbəbindən əhalinin gəlirlərinin bir hissəsini əvvəlki kimi yığıma yönəldə bilməməsi, banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və sair məsələlər daxildir.

Əmanətlərinin azalma səviyyəsi o qədər də çox deyil. Azalma il ərzində yalnız fevral, iyul və avqust ayları ərzində və bir də qeyd etdiyim kimi oktyabrda qeydə alınıb. İyul və avqust əhalinin xərclərinin adətən artıq xarakter daşıdığı aylar sayılır, oktyabrda isə bir bank bağlanıb.

Söhbət ondan getməlidir ki, ölkədə vətəndaşlar tərəfindən əmanət qoyuluşu həcmi ümumən, qənaətbəxşdir, yoxsa yox? Təkrar edirəm, gəlirlər üzrə vergi güzəştinin ləğvindən sonra əmanət qoyuluşu əslində azalmayıb.

Lakin, vəziyyət qaneedicidirmi? – Xeyr.

Əhali banklara əmanət yerləşdirilməsində uzunmüddətli olaraq etibar etmir. Vəsaiti çox olanlar onu banka əmanət olaraq deyil, daşınmaz əmlaka yatırmağa üstünlük verir. Niyə? Çünki daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan depozitdən risksiz xarakter daşıyır. Banka yatırılan əmanət bankın müflis olacağı təqdirdə bata bilir, daşınmaz əmlaka qoyulan isə yox.

Ona görə də ölkədə banklarda yerləşdirilmiş qısamüddətli əmanətlərin həcmi uzunmüddətlidən bir neçə dəfə çox təşkil edir. Mərkəzi Bankın sədri Taleh Kazımov da qeyd edib ki, bu narahatedici faktdır. “Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81% təşkil edir”, – deyə sədr nəzərə çatdırıb.

Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da vurğulayıb: “30 min manatadək əmanəti olan əmanətçilərin sayı 73% təşkil edir. Əhali banka daha çox 30 min manatadək məbləğdə əmanətlər yerləşdirir”.

Hesab edirəm ki, problemin kökü də məhz bunda axtarılmalıdır. Belə ki, qeyd olunan rəqəmlər əslində, banklara inam olmadığını və üstəlik gəlirliliyin də qaneedici xarakter daşımadığını göstərir.

Şərt o deyil ki, banka qoyulan pul kütləsi və depozit bankın iflası nəticəsində batma təhlükəsi altında olsun, – həmin vəsait dəyərini itirə və inflyasiyaya da uğraya bilər. Belə bir şans hər zaman realdır. Buna dair ortada heç bir sığorta mexanizmi mövcud deyil.

Birinciyə dair nəzərə çatdırım ki, ölkədə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərdiyindən bağlanan banklarda əhalinin əmanətləri batmayıb. Söhbət, sığortalı əmanətlərdən gedir. Bu cür əmanətləri milli valyutada illik maksimum 12%, xarici valyutada isə 2,5% dərəcəylə yerləşdirilən vəsaitlər təşkil edir.

Eyni banka isə 100 min manatadək əmanət qoymaq olar.

Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə bağlı banka qoyulan istənilən vəsait risk altında sayılır. Daşınmaz əmlaka yatırılan vəsaitsə heç bir gəlir gətirmədiyi halda da belə, yatırıldığı vaxtdakı dəyərini qoruyub saxlayır.

Çünki daşınmaz əmlak bazarında qiymətlər heç vaxt enmir.

Odur ki, əhalinin sərbəst vəsaitlərini nəyə görə daha çox ev, torpaq, obyekt almağa sərf etdiyi, buna üstünlük verdiyi və alternativ olaraq yüksək gəlir vəd edən banklara yerləşdirməkdən imtina etmələrinin səbəbi aydın görünür.

Ancaq banklar bunun müqabilində sükut nümayiş etdirməli, passiv mövqe tutmalıdırlarmı? Sərbəst vəsaitlərin axınına sadəcə tamaşa etməlidirlərmi? – Xeyr.

Banklar əhalinin inamını qazanmaq üçün depozit cəlbini stimullaşdırmalı, bu sahədə müvafiq addımlar atılmalı, biri-birləri arasında ciddi rəqabətə girməlidirlər.

Bəli, məlum bahalaşma və inflyasiya ilə əlaqədar gəlirlər əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratmır, istehlak xərcləri artıb, yığım imkanları daralıb və sair…

Ancaq o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib, vətəndaşlar bunda stimul görmürlər. Əmanətlərin Sığortalanması Fondu və banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyil.

Amma dividend üzrə vergiyə güzəşt tətbiqinin zəruri olması haqdasa geniş danışılır. Bunun ləğvinin banklarda əmanətlərin həcminə mənfi təsir etdiyi israrla iddia olunur və sair.

Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri qismən, yəni diferensiallaşdırılmış şəkildə olmaqla yalnız iki formada bərpa olunacaq. Birincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad ediləcək.

İkincisi isə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez ödənilmədiyi zaman hesablanan faiz gəlirləri 3 il müddətinə tam olaraq vergidən azad ediləcək.

Sosial aspekt və stimullaşdırıcı amillər baxımından bu güzəştlər səmərəli və bəlkə də vacibdir. Ancaq istənilən güzəşt sektorun inkişafı üçün zərərlidir və ciddi ləngidici amil xarakteri daşıyır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir