İqtisadiyyat

IMF-nin IV Maddə Məsləhətləşmələri üzrə missiyası Azərbaycanda səfərdə olub – FOTO

Sharing is caring!


Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə fondun missiyası xanım Anna Bordonun rəhbərliyi altında ölkəmizdə səfərdə olub.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər zamanı IMF-nin missiyası Maliyyə, İqtisadiyyat nazirliklərində və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda, Azərbaycan Mərkəzi Bankında, habelə özəl sektorda görüşlər keçirib, Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti və inkişaf dinamikası, həmçinin iqlim dəyişiklikləri məsələləri ətrafında müzakirələr aparıb.

Görüşlərdə, əsasən, cari ilin ötən dövründə iqtisadi artım və makroiqtisadi vəziyyət, maliyyə-bank və büdcə sahələrinə aid olan məsələlər, həyata keçirilən islahatlar, ilin sonuna, gələn ilə və növbəti ortamüddətli dövrə olan iqtisadi gözləntilər müzakirə edilib.

IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələrin sonuncu mərhələsinə fondun Strategiya Departamentinin direktor müavini Zeyn Zidan və Azərbaycanın da daxil olduğu Səsvermə Qrupu üzrə İsveçrəni təmsil edən icraçı direktor Marsel Piter də qatılıblar.

Səfər çərçivəsində noyabrın 17-də icraçı direktor M.Piter Şuşa və Ağdam şəhərlərində olub. Qonaq səfər zamanı Şuşa şəhərinə, işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərinə baxış keçirib, eyni zamanda, işğaldan azad edildikdən sonra “Böyük Qayıdış” Proqramına əsasən, aparılan yenidənqurma işləri, həyata keçirilən layihələrlə tanış olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir