İqtisadiyyat

İctimai iaşə sektorunda dövriyyənin artmasına səbəb nədir?

Sharing is caring!


Pərviz Heydərov  yazır…

Ölkəmizdə ictimai iaşə sektoru, restoran biznesi ötən illərdə də ən çox gəlir gətirən, dövriyyəsi yüksək və sürətli xarakter daşıyan sahə olub və olaraq da qalır. Əhalinin bir hissəsinin gəliri məhz buradan əldə olunur. Eyni zamanda, dövlət büdcəsindən yayınma da ən geniş şəkildə bu sahədə təcəssüm edir.

İqtisadiyyat genişləndikcə, əhalinin gəlirləri artdıqca sözügedən sfera da inkişaf edir və buradan əldə olunan mənfəət yüksəlir. Bunu ölkəmizin təcrübəsi əyani nümayiş etdirməkdədir. 

Belə ki, hökumət turizm sahəsinin inkişafına təkan verdikcə ictimai iaşə sektoru, xüsusən də restoran, kafe biznesi ilə məşğul olanların, ailəvi istirahət mərkəzlərinin də sayı artmaqda davam edir.

Düzdür, bir ara pandemiya bu sahəyə də ciddi ziyan vurdu. Lakin, son üç ildir hər şey inkişaf xətti üzrə yüksəlir. Turizm çoxdan bərpa olunub, artıq, ölkəmizə gələn turistlərin də sayı əvvəlki səviyyəyə qayıdır.

İctimai iaşə sektoru da ötən üç il ərzində xeyli genişlənib. Hətta 2019-cu ildəkindən də yüksək səviyyəyə qalxıb.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 21,2% artaraq 1 milyard 484,3 milyon manat təşkil edib ki, bunun da 13 milyon 539,5 min manatı dövlətin, 1 milyard 470,7 milyon manatı isə özəl sektorun, ondan da 728 milyon 491,8 min manatı fiziki şəxslərin payına düşüb.

Yeri gəlmişkən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-ini hüquqi şəxslər, 49,5%-ini isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təşkil edib.

Diqqət yetirin, rəsmi statistika nə deyir: 2023-cü ilin sentyabr ayında əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 33,9 milyon manat çox olub.

Söhbət, inflyasiya və bahalaşmanın hələ tam səngimədiyi dövrdən gedir. 2021-ci ildən bərpa prosesiylə yanaşı həm ölkədə, həm də kənarda ciddi inflyasiya və bahalaşma müşahidə edilir. Xüsusən də, ərzaq məhsulları üzrə…

Bəli, bu il sözügedən tendensiya nisbətən səngiyib. Lakin o qədər deyil. Ərzaq inflyasiyası yenə ikirəqəmli səviyyədədir.

2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0,3% artsa da, bütövlükdə yanvar-sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9% təşkil edib.

Ərzaq məhsulları üzrə sözügedən rəqəm isə 12,4%-ə bərabər olub.

Sual yaranır, məgər, əhalinin gəlirləri, dolanışıq vəziyyəti bu qədərmi artıb və yaxşılaşıb? İctimai iaşə sektorunda dövriyyənin artması, restoran və kafelərin xidmətlərindən istifadəyə yüksək həcmdə vəsait xərclənməsi nə ilə əlaqədardır?

Son beş ildə ölkədə dörd sosial paket həyata keçirilib və əhalinin gəlirləri artıb. 2019-cu ildən başlayaraq ötən illər ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya isə 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bütün bunlara müvafiq olaraq da, ölkədə orta aylıq maaş, pensiya məbləğləri yüksəlib.

Əlbəttə, restoran və kafe xidmətindən istifadə edənlərin heç də hamısı əhalinin sözügedən hissəsindən ibarət deyil. Və hər şey bununla əlaqədar deyil. Gəlirləri rəsmi uçota alına bilməyən adamlar da var, üstəgəl, xarici turistlər, sair…

İkincisi isə, burada başqa nüanslar da mövcuddur. Məsələn, nağdsız ödənişlərin genişlənməsi… Ötən yazılarımda da qeyd etmişəm ki, 2020-ci ildə pandemiyanın yeganə xeyri bu oldu ki, əhali nağdsız ödənişlərə, pos-terminal və yaxud kartdan karta köçürmə və sair üsullara çox öyrəndi.

Son üç ildə restoran və kafe xidmət xidmətindən istifadə edənlərin də çoxu ödənişlərini məhz qeyd etdiyim yolla həyata keçirməyə başlayıb. Bu da sözügedən şəbəkə üzrə bütün gəlirlərin rəsmi uçota, yaxud qeydiyyata düşməsinə kömək edir və yaxud xidmət göstərir. Bu, çox mühüm faktordur.

Yəni, demək istədiyim budur ki, ölkədə son dövrdə ictimai iaşədə müəssisələrində dövriyyənin artması, restoran və kafelərin xidmətlərindən istifadəyə yüksək həcmdə vəsait xərclənməsi həm də bununla əlaqədardır. 
Pandemiyaya qədər əhali restoran və kafe xidmətlərindən istifadə zamanı indiki qədər nağdsız ödənişlərə üstünlük vermirdi. Odur ki, bunu daha da genişləndirmək lazımdır.

Sözün qısası, ictimai iaşə sektorunda dövriyyənin artmasına və ümumiyyətlə, ölkədə restoran və kafe biznesinin inkişafına – genişlənməsinə sevinmək lazımdır. Bu, iqtisadi artım və gəlirlərin çoxalması göstəricisidir.

Eyni zamanda, bu sahədə gəlirlərin formalaşması amillərindən başlamış, həcminədək nəzarəti də gücləndirmək tələb olunur. Bu da ciddi problemdir. Ancaq bu cəhət, ölkədə ictimai iaşə, o cümlədən restoran və kafe biznesi sahəsində sahibkarlıq fəaliyyəti üzrə maraq və imkanlara əsla zərər gətirməməlidir.

Yazının əvvəlində dövlət büdcəsindən yayınmanın ən geniş şəkildə məhz bu sahədə təcəssüm tapdığını təsadüfən qeyd etmədim. Sözügedən biznesdə qiymətləri formalaşdıran amillər də nəzərdən keçirilsə çox yaxşı olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir