İqtisadiyyat

Nazir: “Qarabağ və Şərqi Zəngəzurda təxminən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq”

Sharing is caring!


“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi, Qarabağın və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında mühüm rol oynayacaq. 2022/23-cü illər mövsümündə artıq 70 min hektardan çox sahə əkinə cəlb edilib. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında təsərrüfat işlərinin aparılması, bu işlərin görülməsi üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi təcrübəsi yaranıb.

Eyni zamanda, azad olunmuş ərazilərdə taxıl əkininin müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb”.

Bunu 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

O qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təxminən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir.

“Eyni zamanda, regionda ənənəvi olaraq mövcud olan üzüm bağlarının bərpası ilə yanaşı, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınması həyata keçiriləcək. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin, nar və fındıq kimi ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Həmçinin, regionda soğan və kartof kimi tərəvəz məhsullarının istehsalı, habelə pambıq və tütün kimi texniki bitkilərin istehsalının təşkili də ölkə üzrə müvafiq istehsal göstəricilərini yüksəldəcək”, – deyə M.Məmmədov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir