İqtisadiyyat

Kiçik banklar niyə bağlanır?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Cari ilin mayında Azərbaycan Mərkəzi Bankın (AMB) “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqda qərarından sonra yazmışdım ki, banklarımızın maliyyə vəziyyəti qənaətbəxş olsa da kredit faizlərinin əlverişsizliyi ucbatından kreditləşmə lazımi səviyyədə deyil. 

Bunda işgüzar fəallığın zəif olması da rol oynayır. Odur ki, yaxın vaxtda digər xırda bankların da iflasa uğrayacağını müşahidə edəcəyik – deyə, qeyd etmişdim. 

Bununla belə, Mərkəzi Bankın “Günay Bank”dan sonra digər hər hansı bankın da bağlanması haqda qərar verəcəyinə inanmadığımı yazmışdım. 

Lakin… Ölkədə müstəqil, yəni hər hansı bir dairəni, qrupu, müvafiq biznes fəaliyyəti və maraqlarını, nüfuz dairəsini və sairəni təmsil etməyən bank və yaxud banklar olmadığı üçün, hər birinin istənilən an bağlanmaq və yaxud lisenziyasının əlindən alınma təhlükəsi olduğunu dəfələrlə qeyd etmişəm!

Məsələn, sabah, elə bir bankın lisenziyası əlindən alına bilər ki, buna daha çox təəccüblənə bilərik… Odur ki, “Muğan Bank”ın lisenziyasının ləğv edilməsi də bizim üçün sensasiya deyil.

AMB-in İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyasının 19 oktyabr 2023-cü ildən ləğv edilməsi, bankın müflisləşmə yolu ilə bağlanması haqqında məhkəməyə müraciət olunması barədə qərarının səbəblərinə dair açıqlanan məlumat da eynilə “Günay Bank”la olduğu kimidir… 

“Muğan Bank” ASC-nin lisenziyasının da məcmu kapital miqdarı banklar üçün müəyyən edilmiş minimal miqdardan az təşkil etdiyi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, habelə cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən ləğv edildiyi açıqlanıb.
“Günay Bank”dan sonra aradan cəmi beş ay keçir. “Muğan Bank” cari ildə ikinci bankdır ki, lisenziyası eyni səbəblər ilə əlaqədar olaraq ləğv edilərək bağlanır. İlin başa çatmasına isə hələ 2 ay qalır. Adıçəkilən bankdan sonra ölkədə hazırda 23 bank fəaliyyət göstərir. 
“Günay Bank”, “Muğan Bank” kimi bankların lisenziyalarının AMB tərəfindən ləğvi həm də bununla izah olunur ki, bunların ölkənin bank sektorunda əhəmiyyəti sıfıra bərabərdir. Yəni, ümumən bank sektorunun inkişafı baxımından bunlardan yaxa qurtarmaq vacib sayılır.

Lakin, nəzərə almalıyıq ki, hər bir bank azı 3-4 nəfər üçün iş yeri deməkdir. Və əslində, hər bir bank bazarın özü tərəfindən müflis olaraq sıradan çıxmalıdır. Odur ki, lisenziyanın ləğvi cəzalandırma, bankın “edam olunması” deməkdir!

Sual olunur, bəs bu zaman, azı bir nəfər vətəndaşın da həmin bankda əmanəti varsa, onda onun nə günahı var bunda? Bu addım avtomatik olaraq, vətəndaşların banklara olan inamının əleyhinə sayılmırmı?

Bunu cavablandırmağa lüzum yoxdur. Bəli, lisenziyası ləğv edilən bankların fəaliyyət dairələri olduqca dar çərçivədə idi və banka yerləşdirilən əmanətlərlə bağlı indiyədək bağlanan banklarda olduğu kimi, heç bir təhlükə də mövcud deyil. 

Belə ki, müvafiq qanunvericiliyə əsasən Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi qaydaya əsasən “Muğan Bank”a yerləşdirilən milli valyutada 12%-dən, xarici valyutada isə 2,5%-dən 100 000 manata qədər olan əmanətlər sahiblərinə qaytarılacaq. 
Ümumiyyətlə, bu günədək bağlanan bankların heç birində əhalinin göstərilən tələblər çərçivəsində yerləşdirdikləri əmanətlər batmayıb və bata da bilməz.

Ancaq, məsələ bunda deyil axı… 

Söhbət, bank sektorundan, onu sağlamlaşdırmaq yolundan gedir. Sözügedən tipli bankların hamısını bağlamaq düzgün çıxış yoludurmu? Xeyr.

Fikrimcə, belə bankların mövcud vəziyyəti daha ətraflı təhlil edilməli və mümkün çərçivədə onlara müvafiq dəstək göstərilməlidir. Çünki bu cür bankların maliyyə yardımlarına ehtiyacı var.

Düzdür, bunun effekt verib, verməyəcəyi hesablanmalıdır. Lisenziyasının ləğvi ən asan və sonuncu çıxış yoludur. Sektorda “Muğan Bank” kimi banklar az deyil. 

Amma bu, həmin bankların hamısını bağlamaq lazım gəldiyi qənaətinə gəlmir və gəlməməlidir. Sözügedən tipli banklar birləşə də bilər. 

Yeri gəlmişkən, sual olunur, nəyə görə ölkəmizin bank sektorunda birləşmə hallarına və meyillərinə rast gəlinmir? AMB tərəfindən sektor üçün əhəmiyyətsiz sayılan, hətta bəzən təhlükəli belə hesab edilən sözügedən banklar üzrə nədən birləşməyə dair müvafiq təsir, təşviqedici təbliğat – siyasət aparılmır, yürüdülmür?

Sualın cavabı aydındır. Görünür, bunun də səbəbi ölkədə sərbəst, yəni yuxarıda qeyd etdiyim kimi, müstəqil, heç bir dairəni, qrupu, müvafiq biznes fəaliyyəti və maraqlarını, nüfuz dairəsini və sairəni təmsil etməyən bankların yox olmasındadır.

Girişdə qeyd etdim ki, banklarımızın maliyyə vəziyyəti qənaətbəxş olsa da kredit faizləri əlverişsizdir və ona görə də kreditləşmə lazımi səviyyədə deyil. 

İş bundadır ki, banklarda sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir, AMB resursları azdır. Əmanətlərin həcmisə azalmağa doğru meyl göstərir. 

Əhalinin dolanışığının çətinləşməsi və məlum bahalaşma ilə inflyasiya prosesi nəticəsində gəlirlərin əvvəlkitək sərbəst vəsaitlərin formalaşmasına zəmin və şərait yaratmaması, həmçinin banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və sair bunda mühüm rol oynayır.

Yəni, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda stimul görmürlər… Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmirlər və heç bu sahədə hər hansı bir niyyət də nümayiş etdirmirlər.

Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməli, sektorda rəqabət olmalıdır, – təmərküzləşməyə yol verilməməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir