İqtisadiyyat

Müflis elan olunmuş “Muğan Bank”dakı əmanətlər nə zaman və necə ödəniləcək? – FOTO

Sharing is caring!


“Müflis elan olunmuş “Muğan Bank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12, xarici valyuta ilə 2,5 faizdən çox olmayan əmanətlərdir”.

Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, əmanətlər ilə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq:

“Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.

Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni, əmanət rubl ilə yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.

Bütövlükdə, “Muğan Bank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək. Buna görə də, pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyə olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir