İqtisadiyyat

“SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib – FOTO

Sharing is caring!


“Heydər Əliyev İli” çərçivəsində 19 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) “SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib.

SOCAR-dan verilən məlumata görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə könüllülük hərəkatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin əsas komponentlərindən biri olduğunu, bu xüsusda, könüllülük fəaliyyətinin tənzimlənməsi üçün “Könüllü fəaliyyət haqqında” Qanunun qəbul olduğunu diqqətə çatdırıb.

Rövşən Nəcəf könüllülük fəaliyyətinin bu gün gənc nəslə praktiki biliklərin qazanılmasına, seçdikləri sahənin mənimsənilməsinə dəstək olduğunu bildirib. “SOCAR Könüllüləri”nin artıq böyük könüllü ailəsinin bir üzvünə çevrildiyini bildirən SOCAR-ın prezidenti ötən bir il ərzində könüllülərin öz şəxsi inkişaflarına və peşəkar fəaliyyətlərinə mühüm töhfə verəcək nailiyyətlər əldə etdiklərini qeyd edib. Bu il müsabiqə əsasında qəbul edilən “SOCAR Könüllüləri”nin sayının 60-dan 100-ə yüksəldildiyini bildirən Rövşən Nəcəf simvolik 100 rəqəminin seçilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olduğunu vurğulayıb və “SOCAR Könüllüləri” sırasına yeni qoşulan könüllülərə müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxışında dövlətimiz tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin ölkəmizin hərtərəfli inkişafındakı rolundan bəhs edərək Azərbaycanın mövqeyinin gücləndirilməsində, haqq səsimizin dünyaya çatdırılmasında gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin davamı olaraq ölkə başçısının yüksək diqqət və qayğısı ilə ölkəmizdə bilikli, dünyagörüşlü, vətənpərvər, sağlam düşüncəli gənc nəslin formalaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb. Könüllülük hərəkatının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayan nazir könüllülük fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən bəhs edib, “SOCAR Könüllüləri” qrupunun yeni üzvlərinə gələcək fəaliyyətlərində uğurlar diləyib.

“SOCAR Könüllüləri” Murad Əliyev və Ülfət İbrahimli könüllülərin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib, göstərilən yüksək diqqətə görə qrup adından SOCAR-a minnətdarlıqlarını bildiriblər.

Sonda “SOCAR Könüllüləri”nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir