İqtisadiyyat

Azərbaycanın enerji siyasəti ABŞ-də keçirilən konfransda müzakirə olunub – FOTO

Sharing is caring!


ABŞ-nin Pensilvaniya ştatında Azərbaycanın Vaşinqtondakı səfirliyinin və ABŞ-nin enerji sektorundakı nüfuzlu qurumlarının birgə təşkilatçılığı ilə “Enerji Təhlükəsizliyi Konfransı” keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, konfransda Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Pensilvaniya ştatının konqresmenləri, ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, Konqres Araşdırma Xidməti, Vaşinqton İnstitutu və İrs Fondundan nümayəndələr, Nyu-York, Kolumbiya, Rays, Texas A&M universitetlərinin təmsilçiləri və digər dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.

İkinci dəfə təşkil olunan ənənəvi konfrans enerji sahəsində müxtəlif diskussiyalara həsr olunmuş altı müxtəlif paneldən ibarət olub.

“Böyük Güclər Rəqabətinin Enerji Təhlükəsizliyinə Riskləri” adlı paneldə çıxış edən səfir X.İbrahim, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət və təşəbbüskarı olduğu regional layihələr barədə qonaqlara məlumat verib.

Səfir Azərbaycanın qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən bəhs edib. X.İbrahim ABŞ ilə Azərbaycan arasında enerji, o cümlədən digər bütün sahələrdə ikitərəfli münasibətlərin xüsusiilə son illərdə inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın əsasən neft və qaz ixrac edən ölkə olması ilə yanaşı, hazırda bərpa olunan və alternativ enerji mənbələrində istifadə ilə bağlı atılmaqda olan önəmli addımlardan da söhbət açıb. Səfir ərazilərimiz işğaldan azad edildikdən sonra bu sahədə potensialın daha da artdığını və həmin bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində ciddi bərpa və yenidənqurma işlərinin aparıldığını xüsusi vurğulayıb.

Müzakirələrdə iştirak edən ABŞ-nin enerji sektorundakı nüfuzlu qurumlarının nümayəndələri Azərbaycanın enerji sektorunda reallaşdırdığı genişmiqyasılı layihələrin dünya ölkələrinin enerji təminatında töhfələrindən bəhs ediblər.

Paneldə çıxış edənlər ABŞ-Azərabycan arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir