İqtisadiyyat

Fuad Sadıqov: “Kənd təsərrüfatına dəymiş zərərə görə ödənişlər bu il minimum iki-üç dəfə artacaq”

Sharing is caring!


“Ötən il Aqrar Sığorta Fondu 2,5 milyon manat sığorta ödənişi edib. Bu il həmin rəqəmin minimum iki-üç dəfə artaraq 7,8 milyon manat olması gözlənilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O, sığorta ödənişlərinin daha artıq ola biləcəyini də istisna etməyib:

“Bu il bütün ölkə üzrə havanın qeyri-sabit keçdiyi günlərin sayı kifayət qədər çox olub və bu, irihəcmli zərərlərə səbəb olub. Sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də daha çox olacaq. Hər il fərqli nəticələrlə üzləşirik. Ölkədə bu ilin təkcə aprel-may aylarında baş vermiş sığorta hadisələrinin sayı ümumilikdə ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub”.

F.Sadıqov bu il 420 min hektara yaxın əkin ərazisini sığortaladıqlarını bildirib:

“Bu da ölkədə əkinə yararlı ərazilərin 25%-i deməkdir. Bu, üç ildir fəaliyyət göstərən bir sistem üçün uğurlu nəticədir. Türkiyədə bu göstəricilər bir az da artıqdır. Lakin nəzərə alaq ki, orada sözügedən sistem artıq 17 ildir fəaliyyət göstərir”.

Fondun rəhbəri əlavə edib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb ki, bu da rekord göstəricidir:

“2020-ci ildə cəmi bir neçə müqavilə və altı-yeddi min manat sığorta haqqı toplandığı halda bu il artıq bitkiçilik sığortası üzrə toplanmış sığorta haqlarının 10 milyon manatı keçməsi gözlənilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir