İqtisadiyyat

Dövlətyarlı kəndində “Ağıllı kənd” təsərrüfatı yaradılacaq – FOTO

Sharing is caring!


“İşğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” təsərrüfatı sahəsi yaradılacaq. Təsərrüfatda müasir informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə olunacaq. Bu, fermerlərin daha düzgün qərarlar qəbul etməsinə, dəqiq idarəçilik, resursların qənaətli istifadəsinə imkan verəcək”.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Səbuhi Abdullayev deyib.

O bildirib ki, texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. Bu da gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin inkişafına böyük töhfədir. “Ağıllı kənd” layihəsi kəndə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək. Sakinlər üçün kifayət qədər iş yerləri olacaq. Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması da nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Eyni zamanda, Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və hotel infrastrukturunun yaradılması planlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir