İqtisadiyyat

Fuad Nəcəfli: “Əsas hədəf Naxçıvanda bərpa olunan enerji potensialından maksimum istifadə olunmasıdır”

Sharing is caring!


“Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir və bu siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir”.

APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası” beynəlxalq konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə və regionda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması dövlət başçısı tərəfindən həyata keçirilən enerji siyasətinin səmərəli nəticələridir. Enerji siyasətindən danışırıqsa, Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır.

“Bu gün hər iki ölkə prezidentlərinin iradəsinin nəticəsidir ki, Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İstər 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə, istərsə də antiterror tədbirləri uğurla başa çatması əlaqələrimizin inkişafında yeni mərhələnin əsasını qoyub. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialında səmərəli istifadə və muxtar respublikanın yaşıl enerji zonasına çevrilməsi sahəsində nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisini Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir”, – Fuad Nəcəfli qeyd edib.

Onun fikrincə, Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası” mövzusunda keçirilən beynəlxalq konfrans yeni layihələrin reallaşdırılmasına zəmin hazırlayaraq iki ölkə arasında strateji enerji əməkdaşlığını daha da möhkəmləndirəcək, ən əsası isə Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək:

“Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir