İqtisadiyyat

Daha bir ölkə dizel yanacağına “stop” qoyur – Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?

Sharing is caring!


Avropanın aparıcı ölkələrindən sonra Qazaxıstanda da dizellə işləyən avtomobillərin istismarı qadağan edilir. Dost ölkədə bu layihə ilkin mərhələdə Almatı şəhərində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühiti qorumaq, ekoloji tarazlığı bərpa etməkdir.

Nəzərə alaq ki, Bakı şəhərində istifadə edilən yük və sərnişin avtomobillərinin xeyli hissəsi dizel yanacağı ilə işləyir.

Təsadüfi deyil ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən həftə paylaşdığı hesabatda paytaxtda ekoloji vəziyyətin narahatlıq doğuracaq həddə olduğu qeyd edilib.

Belə ki, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərində dispers toz hissəciklərinin miqdarı 1,4, dəm qazı 1,6, azot-4 oksid 1,5, kükürd qazı 1,2, Sumqayıt şəhərində isə azot-4 oksid 1,2 dəfə normadan yüksək müəyyən edilib.

Belə olan vəziyyətdə Bakıda dizellə işləyən avtomobillərin istismarının qadağan edilməsi nə qədər realdır?

Suala deputat, iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, hazırda ölkəmizdə dizel yanacağından istifadənin qadağan edilməsi məsələsi müzakirə olunmur:

“Müzakirə olunan məsələ keyfiyyətli yanacaqdan istifadə imkanlarıdır. Yəni ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli yanacaqdan istifadə olunması məsələsi bu gün daha çox müzakirə edilir.

Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə “Avro-5” standartları tətbiq edilir. Eyni zamanda, dizellə bağlı uyğun standartlar müəyyənləşdirilir.

Bu mənada Azərbaycanda hazırda hansı növ yanacağın qadağan edilməsi yox, daha keyfiyyətli yanacağın həcminin artırılması daha prioritetdir. Qeyd edim ki, Azərbaycanda yeni emal zavodunun istifadəyə verilməsi Avropa standartlarına uyğun yanacağın istehsalına imkan yaradacaq. Ona görə də düşünürəm ki, hazırda əsas məsələ daha çox keyfiyyətli yanacağın istehsalına və bazardakı yanacağın keyfiyyətinin daha yüksək olmasına çalışmaqdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir