İqtisadiyyat

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanun” maliyyə bazarı üçün hansı imkanları yaradacaq? – FOTO

Sharing is caring!


Son dövrlərdə rəqəmsal ödənişlərə birbaşa təsir edəcək yeni qanunvericilik islahatları aparılır. Yeni qəbul edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun maliyyə bazarları üçün hansı imkanlar açır?

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən Azərbaycan Banklar Assosiasiyasında Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun ölkəmizdə qabaqcıl beynəlxalq standartlara uyğun fərqli xidmətlər üzrə ixtisaslaşmış çoxsaylı iştirakçıların fəaliyyət göstərdiyi, innovativ texnologiyalara əsaslanan, ödəniş xidmətlərinə fərqli çıxış kanallarının təqdim edildiyi və ödəniş xidməti istifadəçilərinin hüquqlarının daha effektiv formada qorunduğu, rəqabətədavamlı rəqəmsal ödəniş ekosisteminin, ümumilikdə isə maliyyə bazarlarının formalaşdırılmasına öz müsbət töhfəsini verəcək.

“Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun maliyyə bazarlarında bir çox yeni imkanlar yaradır. İlk növbədə, qanunun qəbul olunması ilə ənənəvi olaraq kredit təşkilatı kimi tanıdığımız banklar və bank olmayan kredit təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankı, ödəniş təşkilatı və elektron pul təşkilatları ödəniş xidməti təchizatçısı adı altında təsnif olunacaq.

Bu o deməkdir ki, artıq uzun müddətdir ki, rəqəmsal ödəniş ekosistemində fəaliyyət göstərən maliyyə institutları qanunla lisenziya əldə edərək və ya qeydiyyatdan keçməklə ödəniş təşkilatı və ya elektron pul təşkilatı olacaqlar. Qanun bu təşkilatların fəaliyyəti üzərində tənzimləmə və nəzarət çərçivəsi formalaşdırmaqla yanaşı, onlar tərəfindən göstərilən fəaliyyət növlərinin genişləndirilməsin təmin edir.

Bu ödəniş xidməti təchizatçıları isə ənənəvi maliyyə institutları ilə rəqabətdə üstünlük əldə etmək üçün bir qayda olaraq innovativ ödəniş həll və texnologiyalarının tətbiqinə üstünlük verəcək. İnnovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqinin təşviq edilməsi maliyyə bazarlarında gözlənilən yeni imkan olacaq. Qanunda ödəniş xidmətləri olaraq müəyyən edilən ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti açıq bankçılıq texnologiyasının tətbiqini zəruri edir”.

T.Rüstəmov qeyd edib ki, qanun maliyyə bazarlarında yeni inkişaf mərhələsini müəyyən edəcək rəqəmsal platformaların formalaşması prosesini daha da sürətləndirəcək.

“Rəqəmsal platformalar qanunda müəyyən edilən müxtəlif ödəniş xidmətlərinin rəqəmsal formada vahid platformadan əldə edilməsini təmin edəcək. Rəqəmsal platformaların geniş məlumat bazasına malik olması və innovativ həllərə əsaslanması isə ödəniş xidməti istifadəçilərinin ehtiyaclarına uyğun mal və xidmətlərin təqdim edilməsi imkanını verir.

Maliyyə bazarlarının inkişafında özünəməxsus mühüm rol oynayan maliyyə inklüzivliyinin genişlənməsində qanun yeni imkanlar müəyyən edir. Ödəniş xidmətlərinin rəqəmsal formada təqdim edilməsi, ödəniş agentləri şəbəkəsinin formalaşdırılması, ekosistemdə “hörümçək toru” prinsipi əsasında şaxələnmiş əlaqələrin genişlənməsində mühüm rol oynayacaq ödəniş sistemlərinin təşkili üzrə hüquqi çərçivənin müəyyən edilməsi maliyyə inklüzivliyinə müsbət təsir göstərəcək.

Maliyyə bazarlarında müşahidə ediləcək başqa bir yenilik isə ödəniş xidməti istifadəçisi olan istehlakçıların rəqəmsal ödənişlər sahəsində bir sıra üstünlüklər qazanması olacaq. Belə ki, ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması, ödəniş sərəncamının icrası və xidmət haqlarının tətbiqi, avtorizə edilməmiş ödəniş əməliyyatları üzrə məsuliyyət bölgüsü, müqavilə münasibətlərinin daha da dəqiqləşdirilməsi, ödəniş alətinə və fərdiləşmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələrə dair tələblər istehlakçıların hüquqlarının daha da möhkəmlənməsini təmin edəcək”, – deyə o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir