İqtisadiyyat

“İlin sonuna kimi növbəti hansısa bankın bağlanması istisna deyil” – ŞƏRH + FOTO

Sharing is caring!


2023-cü ilin birinci yarısı üçün renkinqlərə nəzər yetirdikdə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bir neçəsinin xalis mənfəətinin çox aşağı səviyyədə olduğu görünür. Banklardan birinin isə cari ilin ilk yarısını zərərlə başa vurduğu aydın olur.

Sözügedən göstəricilər banklardan bir neçəsinin bağlanma ehtimalının olduğu haqqında iddialara səbəb olub. Bəs maraqlıdır, zərərlə işləyən, mənfəəti çox aşağı olan banklar bağlana bilərmi? İlin sonuna qədər daha bir bankın bağlanması ehtimalı nə dərəcədə yüksəkdir?

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı, ekspert Əkrəm Həsənovun sözlərinə görə, bankın zərərlə işləməsi mənfi hal olsa da, bu, o demək deyil ki, həmin bank bağlanmalıdır:

“Çünki ola bilər, bank hansısa dövrdə zərərlə işləyir, amma sonradan yavaş-yavaş problemli kreditlərini qaytarır və mənfəətə çıxır. Belə hallar praktikada olub. Hətta səhmdarların banka əlavə vəsait qoyması da ehtimaldır. Əsas odur ki, bankın kapitalı qanunauyğun səviyyədə olsun və Mərkəzi Bankın potensial normalarını pozmasın.

Mərkəzi Bankın sədri bu yaxınlarda parlamentdə çıxışında deyib ki, qanuna və Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab verməyən banklar bazardan çıxmalıdır. Prinsipcə, sədr düz deyir. Görünür ki, bazardan çıxarılmaq təhlükəsi ilə üz-üzə olan banklar var. Sual yaranır, bəs niyə konkret addımlar atılmır? Çox güman, onlara müəyyən göstərişlər verilib, razılıq əldə olunub ki, müəyyən dövr ərzində banklar çatışmazlıqları aradan qaldırsınlar. Problemləri həll edən banklar bazarda qalacaq. Lakin çatışmazlıqları aradan qaldıra bilməyənlər də ola bilər. Belə olduğu halda ilin sonuna kimi hansısa bankın bağlanması istisna deyil”.

Xatırladaq ki, may ayında Azərbaycanda fəaliyyət göstərən “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. Bankın bağlanmasına əsas olaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi səbəb göstərilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir